PDF Oxu

Köşə

  • 23

Çirkli Xəzər və bizim qəribə taleyimiz!

Çirkli Xəzər və bizim qəribə taleyimiz!

"Yenə sahilə çıxıram ki, mən,
Tək qalam, yaxamı qurtaram dərddən.
Qəlbimdə eşqi var, əbədi dərin,
Bu sərbəst, bu sakit gen sahillərin.

Sən ey əsrlərin şahidi olan,
Xəzər, niyə dinmir, niyə susursan?"

Bəli, bu misraları on doqquzuncu əsrin sonları, iyirminci əsrin əvvəllərində yaşayan məşhur gürcü şairi Nikolaz Barataşvili yazıb. Yazıq Barataşvili nə bilsin ki, bir vaxtlar dərd-sərini bölüşmək, gözəl hava alıb nəfəs dərmək üçün üz tutduğu, doğrudan da, əsrlərin şahidi olan bu zavalı Xəzər, indi "Koko-kola", "Fanta" tullantıları ilə, kimyəvi çirkablarla ölüm-dirim savaşına girişir.
Bu həmin Xəzərdir ki, 2-ci Dünya müharibəsində İngiltərənin o vaxtkı baş naziri Uinston Çörçill, Xəzər kürüsünə heyran qalmışdı. Eh, keçdi o günlər...Yadıma gəlir, hələ uşaq vaxlarında müxtəlif xəstəliklərdən əziyyət çəkən insanlara həkimlər, ilk növbədə, Xəzər dənizinə gedib suya girməyi, təmiz hava qəbul etməyi, bir sözlə, müalicə almağı məsləhət bilirdilər. İndi nə o su qalıb, nə o Xəzər, nədə ki, o təmiz sahillər. İndi Xəzər əsil ekoloji zibillik mərkəzinə, ən dəhşətli xəstəliklərin "paytaxtına" çevrilib. Düzdür, bu il "Ekologiya ili" elan olunub, dövlət səviyyəsində ən mühüm tədbirlər görülür ki, Xəzərin ekoloji təmizliyinə riayət olunsun, bir sözlə, Xəzər ekoloji fəlakətdən qurtarsın. Xüsusilə, Xəzər ətrafındakı çirklənmiş ərazilərdə yeni yaşıllıqların salınması, fauna və floranın qorunması, ekoloji rahatlıq üçün olduqca böyük əhəmiyyətə malik işlərdir. Burası belədir və bu işi görənlərə gələcək nəsillər adına böyük minnətdarlıq düşür. Amma mənim yazım, Xəzərin sahillərini "uf" demədən çirkləndirən, məişət tullantılarını və ərzaq qalıqlarını, spirtli içkilərin və qazlı suların butulkalarını dənizə və onun sahillərinə tollazlayan, sonra həmin çirkəndirdiyi suya girən məsuliyyətsiz vətəndaşlardan tutmuş, öz ciblərini doldurmaq xatirinə qanunsuz müəssisələr yaradıb kimyəvi tullantıları, zəhərli maddələri, istehsal axınlarını dənizə tökən "işbazlardır". İstənilən mütəxəssis və ekspertlə polemikaya girə bilərəm ki, bizdə hələ də ekologiyanın, ətraf mühitin, fauna və floranın nə məna verdiyini, hansı əhəmiyyət kəsb etdiyini və bunların insan övladı üçün, onun yaşaması və gələcək həyatı üçün nə qədər əhəmiyyətli olduğunu cəmiyyətin azı tən yarısına qədər həcmində biləni yoxdur! Əsil informasiyasızlıqdır.
Düzdür, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bu istiqamətdə gördüyü və hələ də davam etdirdiyi işləri hesaba almamaq sözün əsl mənasında insafsızlıq olar. Onlar üzərlərinə düşənləri edirlər. Amma ay mənim camaatım, ay qardaşlarım, bu inzibati yollarla çözüləcək, bir Nazirliyin üzərinə qoyulacaq məsələ deyil axı! Hökumət strukturları öz işlərini görürlər, burası belədir, amma Xəzər dənizini və Ekologiyanı qorumaq HƏR KƏSİN İŞİDİR!
İndiki saatlarda insanlar arasında daha çox insan şüuruna və düşüncəsinə böyük həcmdə təsir edən, ekologiyanın, təbiətin məzmununu hər kəsə başa salan, təbiəti qorumamağın müqabilində insan övladının hansı dəhşətli zərbələr alacaqını, yaranacaq ən təhlükəli təbii fəlakətləri, qarşısıalınmaz xəstəlikləri bir-bir adəm övladına sadalayan, ayırd edən təbliğata EHTİYAC VAR! İnsanlara başa salmaq lazımdır ki, onların yeyib-içdikdən sonra Xəzər dənizinə atdıqları butulka və yeyinti tullantıları, dənizə axıtdıqları zəhərli maddələr SONDA ONLARIN ÖZLƏRİNİN VƏ ÖVLADLARININ SONUNA GƏTİRƏCƏK! Çünki bizim heç birimiz coğrafiyamızı belimizə yükləyib harasa apara bilmərik ay camaat! Biz burada yaşayırıq, övladlarımız da burada yaşayacaqlar! Zibillədiyimiz, çirkləndirdiyimiz, kimyəvi çirkablar axıtdığımız bu sahildə! Bu EKOLOJİ PARTLAYIŞA APARIR AXI!

Digər xəbərlər