PDF Oxu

Köşə

  • 12

Mirmahmud Fəttayev və Əli Kərimov dueti

Mirmahmud Fəttayev və Əli Kərimov dueti

Mirmahmud Fəttayev:

Özün "böyük bəy"in əksinə axdın,
Cismini kürsünün üstünə yıxdın,
Daim Elçibəyə sən qara yaxdın,
O öləndən sonra sədr qalmaq üçün,
Dəridən-qabıqdan çıxırdın hər gün,
Özünü hamıdan tuturdun üstün.

Əli Kərimov:

Bozardın arada qovğa bitdikcə,
Bəm olduq dördlüklə zilə getdikcə,
Sən qızıb cəbhəyə üsyan etdikcə,
Kinindən başından çıxırdı tüstün.

Mirmahmud Fəttayev:

Olmadın göyrüşcə, boz ardıcca sən,
Qızartdın bizləri qızardıqca sən,
"Böyük bəy" üzünə bozardıqca sən,
Sandın ki, tezliklə qoyular büstün.

Əli Kərimov:

Çənən yorulmadı bihudə mırtdan,
Ürəyin üzüldü, nazildi qurddan,
Bir "klassik" olub ayrıldın "Yurd"dan,
Özünün başında çatladı testin.

Mirmahmud Fəttayev:

"Böyük bəy" qızıldan, başındı saman,
İndi də çəkilmir təpəndən duman,
Hər bəyin könlünə dəydiyin zaman,
Diqqət ver əyninə, qanlıdı üstün.

Əli Kərimov:

Şapalaq dəymiş tək, qızmışdı üzün,
Hədəqələrindən çıxmışdı gözün,
Böldün iki yerə cəbhəni özün,
Həm də qərar verib bizlərdən küsdün.

Mirmahmud Fəttayev:

Cəbhəni dağıtdın pis qoxunla sən,
Bossları cəlb etdin öz duxunla sən,
Elçibəyi vurdun söz oxunla sən,
Özün də bilmədin nə idi qəsdin.

Əli Kərimov:

Sənin tək fal açmaz ən mahir şaman,
Ayran dadı verdi içdiyin xaman,
Soyuğun soyuqluq gətirdi yaman,
Hərarət vermədi bizlərə istin.

Mirmahmud Fəttayev:

Özüylə zülmətə apardı, düzü,
Ruhu da kökündən qopardı, düzü,
Bizi hövsələdən çıxardı, düzü,
Pul üçün bosslara etdiyin yestin.

Əli Kərimov:

Bizimlə etdiyin rəftarın pisdi,
Uçurub dağıdan kirdarın pisdi,
Sənin üç üsyançı həmkarın pisdi,
Kinindən partlayan özün də pisdin.

Mirmahmud Fəttayev:

Cəld ayağa qalxdın daşının üstdən,
Qanrılıb geriyə qaşının üstdən,
Baxıb "böyük bəy"in başının üstdən,
Kükrəyib amansız külək tək əsdin.

Əli Kərimov:

"Klassiklər"inçün xod yaradaraq,
Adamlar içində pat yaradaraq,
O böyük cəbhədə çat yaradaraq,
Sən həm də özünün kəndirni kəsdin.

Mirmahmud Fəttayev:

Bizi sıxışdırıb marağın altda,
Saxlamaq istədin bayrağın altda,
Atdın "böyük bəyi" ayağın altda,
Bu sənin imzandı, həm sənin dəstin.

Əli Kərimov:

Bir özün məhkumdun paçalanmaya,
Sən rəvac vermisən haçalanmaya,
Qoşdun Qüdrəti də parçalanmaya,
Ancaq bundan sonra qırıldı şəstin.

Mirmahmud Fəttayev:

Sədr oldun bu addan xeyli uzaqkən,
Sən onu məhv etdin, o, uca dağkən,
Partiya üstündən, Elçibəy sağkən
Sən onun adını götürdün gizdin.

Əli Kərimov:

Özünü yumağa sabun çatmadı,
Nə də yemək üçün qabın çatmadı,
Birgə yol getməyə tabın çatmadı,
Bir cəbhə içiylə getməyə bezdin.


Mirmahmud Fəttayev:

Namizədlik üçün çox idi istək,
Ancaq sən meydanda qalmışdın təm-tək,
Sənə Vaşinqtonda etdilər dəstək,
Bossların ardınca sən Qərbdə gəzdin.

Əli Kərimov:

Bir dəfə olmadın yaradıb quran,
Sənə qənim olsun müqəddəs Quran,
Səndin qurumları dağıdıb qıran,
Bu addımı atıb ilqarı əzdin.

Mirmahmud Fəttayev:

Sən getdin əbədi zülmət altına,
Bu səhvin işlədi yeddi qatına,
Üz tutdun İsanın Müsavatına,
Səhv etdin, səhvini axırda sezdin.

Əli Kərimov:

Böyük uğurun yox, adi çayırdın,
Cəbhəni dağıdıb kökdən ayırdın,
Sən "klassik"ini "Yurd"dan ayırdın,
Bizə qarşı yaman iddia düzdün.

Mirmahmud Fəttayev:

Blokunda yaman boşalıb kisən,
Sən İsanın, bossun boş cibindəsən,
Özün siyasətin lap dibindəsən,
Həm də, əlbəttə ki, tutqundu güzgün.

Əli Kərimov:

Başına vurubdu yəqin şeytan, cin,
Mən əsil bir lider, sənsə Laden bin,
Mən İsa yanında göründüm nikbin,
Səninsə əhvalın pəjmürdə, üzgün.

Digər xəbərlər