Arif Hacıyev:
Gəlin artırağın gücümüzü həm,
Radikal cinahı basmasın dərd-qəm,
Mitinq keçirərik böyük, möhtəşəm,
Hələ yay fəslidi, yağmayıbdı qar,
İsa da, Əli də coşub baxışar,
Kütlələr mitinqə sel tək axışar.
Tahir Kərimli:
Kənardan İsaya eyləyirlər lağ,
Əliylə Mirmahmud çıxarmaqda ağ,
Mitinq keçirməyi bacarmayacaq,
Bir neçə ifratçı düşüncəsi dar.
Arif Hacıyev:
Sən qüsur axtarma bizlərdə barı,
Bosslar göndərməkdə, hələlik, darı,
Sizlərə köməyi qoy etsin Tanrı,
Bizlərə bir İsa olacaqdı yar.
Tahir Kərimli:
Çaldırın meydanda cəngi, diringə,
Əliylə İsa da girsinlər rinqə,
Yəqin keçirdiyin özəl mitinqə,
Kütlələr Göyçaydan gətirərlər nar.
Arif Hacıyev:
Vəzifə verdilər, tez qaza verdin,
Yuxarı dartdıqca hey naza verdin,
Ali Məhkəməni güdaza verdin,
Çünki ümidlərin tamam olub xar.
Tahir Kərimli:
Sizlərdə konkret bir istək olmayıb,
Sizi dəstəkləyən biz tək olmayıb,
Xalq heç vaxt sizlərə dəstək olmayıb,
İndi də deyirlər sizə olsun ar.
Arif Hacıyev:
Tanrı başımıza çəkib əlini,
Mitinqdə qaldırır səsin zilini,
Çəkdi sinəsinə İsa Əlini,
Bizə dəstək verir bütün zemnoy şar.
Tahir Kərimli:
Sizin mitinqlərin süqutdu dalı,
Aldadıb cəlb edin koru, topalı,
Bəsirət gözünüz daim qapalı,
Qulaqlarınız da çoxdan olub kar.
Arif Hacıyev:
Necə ki, qaraldır təmiz his gili,
Artıq qəlizləşib yürüşün dili,
İndi keçirsək də mitinq nisgili,
Bizlərdə yürüşə böyük həvəs var.
Tahir Kərimli:
Gərib əsəbləri ifrat hürüşü,
Sürüşə bənzəmir əsla sürüşü,
Baş tutmaz heç zaman küçə yürüşü,
Siz gedin boss pulu üçün çəkin car.
Arif Hacıyev:
Əli önümüzdə farağat durar,
Mey-məzdən dadıb, arabir vurar,
İsa Dmitrinin puçunu burar,
Qəbirdən dirilib pul göndərər çar.
Tahir Kərimli:
Sən özün əyninə dərhal kəfən gey,
Bir az dodağına sürt həm məzə-mey,
Əliyə, İsaya lazım olan şey,
Toyuqlarçün olan mükəmməl bir tar.
Arif Hacıyev:
Yüz əlli, iki yüz vurub kənarda,
Üstünü də düzəlt kafedə, barda,
Mitinqdən, yürüşdən durub kənarda,
Dəf çaldır, müşayət etsin qaval-tar.
Tahir Kərimli:
Gətirib ölkəyə kədər-qəmləri,
Bir vaxt aldatdınız ağlı kəmləri,
Gerçək olsa adi mitinq dəmləri,
Yenə başlayardı sərsəm çıxışlar.
Arif Hacıyev:
Üzə bənzəyirsən əsil mələyə,
Yenə əl atmısan fitnə-kələyə,
Bizlər getməkdəyik üzü küləyə,
Sizin beyninizdə güllü naxışlar.
Tahir Kərimli:
Siyasi meydanda çoxunuz naşı,
Saldız başınıza ən ağır daşı,
Sizlər çox zəifsiz tufana qarşı,
Haqlayar sizləri leysan yağışlar.
Arif Hacıyev:
Artıq əlimizdə mitinqin bağı,
Sizlərə qoyarıq lüzumsuz qığı,
Bizlər getməkdəyik üzüaşağı,
Sizin önünüzdə çətin yoxuşlar.
Tahir Kərimli:
Kütlələr bezibdi qeybətinizdən,
"Cırtdanlar" da qorxmur heybətinizdən,
Əgər dönməsəniz niyyətinizdən,
Çətin keçəcəkdi, vallah, doğuşlar.
Arif Hacıyev:
Həm də ki, əsassız bir mif verməkdi,
Sizinki yatmaqdı, həm kif verməkdi,
Yeganə işimiz təklif verməkdi,
Yeni balaları saxlar koğuşlar.
Tahir Kərimli:
Bosslardan uzaqda, qıraqda yatın,
Siz ov diləsəniz qoruqda yatın,
Eybi yox, siz gedin marıqda yatın,
Sizləri gözləyir çirkin boğuşlar.
Arif Hacıyev:
Siyasətçi edib bizləri Xaliq,
Sən çoxdan yatıbsan, durmuşam ayıq,
Gördüyümüz hər iş tərifə layiq,
Kütlələr bizlərə edər alqışlar.
Tahir Kərimli:
Gözünüzü daim örtüb nahaq qan,
Nə sən, nə liderin qazandı ad-san,
Gəl sən də özündən olma bədgüman,
Gözləyir, əksinə, sizi qarğışlar.