Səddam Hüseyn, Bin Laden və demokratiya alveri...
Dünya həqiqətən yalanlarla doludur. Xüsusilə, bu yalanlar bütün tarix boyu davam edirsə və lənətə gəlmiş bu dünya da bunları utanmaz-utanmaz, üz qızarda-qızarda qəbul edirsə... Bax, onda hər şey dözülməz olur. Amma yenə bütün bunlara rəğmən başını aşağı salıb bu dünyanın qanunlarına itaət edib, dözürsən hər şeyə... Dünyadakı insanlar hər şeyi qəbul etməyə və tez unutmağa alışıb artıq...
Məncə, Xristofor Kolumbun ayaqlarını kəsmək lazım idi ki, o, Amerikanı kəşf eləmək üçün getməyəydi, bir də dilini kəsmək lazım idi ki, "evrika!" deməyəydi. Bir dəqiqə, bir dəqiqə!.. "O olmasın, bu olsun" filmindəki qəhrəmanlardan birinin dediyi kimi çıxmasın, mən bu sözlərimlə heç də ABŞ-ın kəşf edilməsinə görə daş atıb başımı tutmuram! O Xristofor Kolumb deyilən zatnan mənim problemim yoxdur ki, niyə gedib Amerikanı kəşf edib. Əcəb eləyib, yox, mənim davam bu Amerikaynandır ki, niyə demokratiya adı ilə alver edib, dünyayla məzələnir!
Bəli, özünü neçə əsrlərdir ki, dünyaya demokratiya piri kimi sırıyan Ağ Evin əsil məqsədləri, açıq deyək ki, indi-indi daha qabarıq şəkildə siyasət güzgüsündə canlanır. Aydın olur ki, Qərbdəkilərin digərlərinin gözlərinə soxmağa hazır olduqları demokratiya şüarı onlar üçün yalnız və yalnız yeni-yeni nüfuz dairələrini ələ keçirmək, dünyanın enerji mənbələrinə sahib olmaq, başqalarına yalandan vəd verib, sonradan demokratiya əvəzinə kötək "hədiyyə etmək" üçün lazımdır, vəssalam! Artıq ABŞ-ın "demokratiya ixracı" elə bir gülünc şəkil alıb ki, dünyada hər kəs Vaşinqtonun SSRİ dövründən dəyişməyən və köhnə rus ayaqqabısı kimi ağzı açılan bu "demokratiya" siyasətinə sadəcə gülməklə münasibət bildirir. Xüsusilə Amerikanın bu "demokratiya ixracı" Corc Buşun vaxtında daha rüsvayçı bir şəkildə iflasa uğradı və C.Buş bütün Amerikanı rüsvay etdi. Buş o qədər savadsız bir siyasət yürütdü ki, axırda İraqda ona ayaqqabı da atdılar. Lap əcəb elədilər. Özü də ərəb adət-ənənələrinə görə, bu, heç də ABŞ üçün yaxşı səslənmir. Çünki ərəblər ayaqqabını itə atırlar...
ABŞ İraqa nüvə axtarmaq adı ilə girmişdi. Guya ABŞ İraqda nüvə silahı tapmışdı. Amma əslində, ABŞ Səddam Hüseynlə olan neçə illik "razborkasını" sona çatdırmaq və bundan da daha vacib olanı İraqdakı bol neftə sahib olmaq üçün Bağdada soxuldu. Şərqin və dünyanın ən qədim və zəngin mədəniyyət paytaxtı olan Bağdadı yerlə yeksan etdi. Hətta ABŞ əsgərlərinin qədim mədəniyyət əsərlərini, zəngin daş-qaşı oğurlayaraq Amerikaya daşıdığı xəbər saytlarının və qəzetlərin gündəmində idi. Bir də ABŞ əsgərlərinin sadə iraqlıların başına torba keçirib, cinsi təcavüzə məruz qoymaları da, itlərə bir qabdan yedirmələri də, iraqlıları bir-birinə qırdırmaları da tarixin yaddaşındadır... Bu faktı heç kim İNKAR EDƏ BİLMƏZ! TARİXİ PULLA ƏLƏ ALMAQ MÜMKÜN DEYİL, MİSTER!
Corc Buş iraqlılara DEMOKRATİYA vəd edirdi! Əvəzində, nə oldu? İraqa girən kimi bütün müqəddəs yerləri dağıtdılar, Bağdadın yüz illərə söykənən və qiyməti heç nə ilə müqayisə olunmayan abidələri süngüyə keçirildi. Müsəlmanların gözü qarşısında müqəddəs Qurban bayramında elə müsəlmanların əli ilə Səddam Hüseynin boğazına ip keçirib, təhqir edərək edam etdilər! Budurmu demokratiya? Yox, mister, bu, özünüz üçün Qərbdə yaratdığınız DEMOKRATİYADAN yerlə göy qədər fərqlənir! Sonralar İngiltərənin baş naziri Toni Bleyer İraqa sadəcə neft işğalı üçün girdiklərini və əllərində nüvə silahının olması ilə bağlı heç bir dəlilin olmadığını etiraf edib. Ən mükəmməl sübutu indii sizə təqdim edirəm. Baxın, Birləşmiş Millətlər Təşkilatının (BMT) keçmiş silah nəzarətçisi isveçli Hans Bliks ABŞ və İngiltərəni 2003-cü ildə İraqı heç bir səbəb olmadan işğal etməklə günahlandırıb. Bliks müttəfiq qoşunlarının İraqa hücum etməsindən əvvəl həmin vaxt İngiltərənin baş naziri olan Toni Bleyer və ABŞ-ın xarici işlər naziri Kondoliza Raysı İraqda kütləvi qırğın silahının olması haqqında iddialarının inandırıcı olmadığı ilə bağlı məlumatlandırdığını bildirib.
"ABŞ-ın 2003-cü ildə İraqı işğal etməsi axmaqlıq idi" deyən isveçli diplomat İraqda kütləvi qırğın silahı axtarışlarına davam etməsi ilə bağlı tələblə də çıxış etdiyini söyləyib: "ABŞ və İngiltərə, İraqı kütləvi qırğın silahına malik olması iddiası ilə işğal edərək, Səddam rejimini devirmişdi. Ancaq İraqda bu günə qədər heç bir kütləvi qırğın silahına rast gəlinməyib".
Buyur, bu da sənə Ağ Evin Şərqə və müsəlmanlara "demokratiya ixracı"! Mən istənilən ekspert və politoloqla mübahisə etməyə hazıram ki, ABŞ öz tarixində barmağını qatlayıb mənə bir DEMOKRATİYA nümunəsi göstərə bilməz! Vaşinqton heç vaxt heç bir ölkədə demokratiya toxumu səpməyib, vəssalam! Yoxsa yalan deyirəm? Mənim qətiyyən ABŞ-a qarşı düşmənçiliyim-filanım yoxdur. ABŞ həyatı tamam başqa bir rakursdur, Ağ Evin dünyadakı işləri tamam başqa. Bəs Əfqanıstana nə deyirsiniz? Yazıq əfqanlar, pis çıxmasın, it günündə yaşayırlar, burada aclıq və səfalət ərşə qalxıb, əfqan ailəsi Avropanın bir çox müsəlmanlar üçün yuxuya və reklam çarxına çevirdiyi demokratiya və inkişaf etmiş həyatdan bir neçə əsr geridə qalıb. Əvəzində, nəşə plantasiyaları və silah alveri Qərbdəkilərin cibinə milyonlarla dollarlar axıdır! Amerika demokratiyanı hələ ki, əlində yeni neft yürüşləri üçün şüara çevirib və dəfələrlə bu DEMOKRATİYANI NEFTƏ dəyişib. "Demokratiya alverin" mübarək, Ağ Ev!