nSərdar Cəlaloğlu:
Məni öz yanına çağırmır İsa,
Əli də yəqin ki, batardı yasa,
Dediyim bu şəxslər möhtacdı bossa,
Bunların qorxudan yarılır bağrı,
"Yurd" da, Müsavat da keçirir ağrı,
Mən də heç baxmıram onlara doğru.
İqbal Ağazadə:
Onların üst-başı çirk, pas, natəmiz,
Narıncı halqada bizlər saf, təmiz,
Çox təmiz adamıq Sərdar ilə biz,
Əli də, İsa da fırıldaq, oğru.
Sərdar Cəlaloğlu:
Elə meydana da biz qoşa düşdük,
Tezliklə anladıq sırf boşa düşdük.
Beş-üç sillə dəydi, biz başa düşdük,
Daim təpiklənib onlarda sağrı.
İqbal Ağazadə:
İfratlar içində itibdi dəyər,
Tezliklə radikal budağı əyər.
Bundan nə İsaya bir xeyir dəyər,
Nə də Əli başa düşər uğuru.
Sərdar Cəlaloğlu:
Onlar Laləyə də dedilər "Madam",
Blok yaradana qoy olsun qadam,
Əli dağıtmağa meyilli adam,
Liderlər içində İsa yağıdı.
İqbal Ağazadə:
İstərlər olalar deputat, ya mer,
Qaçır ayaqları altından bu yer,
Uğurdan dəm vurur hər iki lider,
Yoxdu bu oyunun, əsla, axırı.
Sərdar Cəlaloğlu:
Deyirlər vuruşaq sözdə nər kimi,
Onlar meydandadı xata-şər kimi,
İsa gurlasa da şimşəklər kimi,
Əlinin olmamış adi yağarı.
İqbal Ağazadə:
Onlar boss yanında qulamlar kimi,
Yoxdu planları planlar kimi,
Yolları dolaşıq ilanlar kimi,
Onlar bir irmaq ki, yoxdur axarı.
Sərdar Cəlaloğlu:
Ağızda bir dənə saf diş qalmayıb,
Onlarda siyasi gediş qalmayıb,
Meydanda Əlilik bir iş qalmayıb,
Artıq açılmaqda İsa paxırı.
İqbal Ağazadə:
Bunların peşəsi ov etmək göldə,
Baş da çıxararlar baytar tək döldə,
Əli qoyun-quzu otarsın çöldə,
İsa qabağına qatsın naxırı.
Sərdar Cəlaloğlu:
Axıdar Əli də, İsa da tərlər,
Hər biri pul üçün içindən çərlər,
Onlar qərargahda viski içərlər,
Xaricdə Şamaxı, Ağdam çaxırı.
İqbal Ağazadə:
Uduzub onlara inanan hər kəs,
İsa da, Əli də ifratlara nəhs,
Heç biri xaricdə qamburger yeməz,
Nəşədi bunların burun buxuru.
Sərdar Cəlaloğlu:
Vura başqasına zərbə, axtarıb,
Köməkçün erməni kirvə axtarıb,
Onlar daim yüksək zirvə axtarıb,
Sonda onlar seçib dərin çuxuru.
İqbal Ağazadə:
Elə ki, altları nəm, nəmiş olar,
Hər yetən onlara lap qəmiş olar,
Əli düşünüb ki, mis gümüş olar,
İsa qızıl sayıb adi suxuru.
Sərdar Cəlaloğlu:
Boss cibi onlarçün bir harın yeri,
Həmkarlar axtarar hey qarın yeri,
Zülmət aşağılar onların yeri,
Daim baxsalar da ancaq yuxarı.
İqbal Ağazadə:
Aparar özünü böyük, ulu tək,
Nəticə alınar bossun qulu tək,
Yeyər yad pulunu qarınqulu tək,
Çıxar başlarından onun buxarı.
Sərdar Cəlaloğlu:
Kafe-restoranda tostlar deyirlər,
Hələ də narıncı libas geyirlər,
Hələ ki, pis-yaxşı kabab yeyirlər,
Tezliklə yeyərlər adi suxarı.
İqbal Ağazadə:
Nə ağızlarında var kəsərli diş,
Nə ayıb yerlərdə mükəmməl kiriş,
Heç biri təklikdə görməzdi bir iş,
Bosslardan gəlibdi axar-baxarı.
Sərdar Cəlaloğlu:
Bunlar ver bilməzlər, almağa qadir,
Sonra dərin fikrə dalmağa qadir,
Nə İsa bir alət çalmağa qadir,
Nə Əli apara bilir mağarı.
İqbal Ağazadə:
Onlar boss yanında boğaz yağlayıb,
Qrantçün göz yaşı töküb ağlayıb,
Hər biri şeşlərə ümid bağlayıb,
Dütdülütək əskik bilər çaharı.
Sərdar Cəlaloğlu:
Meydanda mitinqdə şər-böhtan deyər,
Boss görsə, önündə sinəyə döyər,
Bəzən zavtrakı burada yeyər,
Xaricdə xoşlarlar etmək naharı.
İqbal Ağazadə:
Nə Əli, nə İsa bağlıdı yurda,
Şəxsi mənfəətçün dönərlər qurda,
Vardır təmsilçilik söhbəti burda,
Payıza dəyişər cari baharı.