PDF Oxu

Köşə

  • 34

Təbiəti “sökənlər"...

Təbiəti “sökənlər"...
Yəqin xatırlayırsınız, deyəsən, sovet dövründə çəkilən bir cizgi filmi var idi. İnsanların təbiətə münasibətindən, habelə, meşə sakinlərinin həyatından bəhs edirdi bu film. Cizgi filmində meşə heyvanları bir-birinə dəyirlər ki, bəs "meşəyə insan gəlib". Sanki onlar böyük bir təhlükə qarşısında olduqlarını nümayiş etdirirmiş kimi hərəkət edir, çıxış yolu axtarırdılar. Bu, hələ o zamandan insanın təbiət üçün ciddi bir təhlükəyə çevrildyini göstərən film- materialdır.
Bu cizgi personajı, əslində, tam mənası ilə insanın təbiətə qarşı olan münasibətini, təbiətdə qərar tutan meşə sakinlərinin insana QORXULU MƏFHUM kimi baxdıqlarını nümayiş etdirir. Açıq danışaq, bu meşə sakinlərinin haray-həşir salmaları və insanlardan Əzrayıl kimi qorxmaları üçün min bir əsas var axı!
İnsanın ayağı təbiətə dəyəndə, gözəllikdən kam almaq, Allahın təbii möcüzələrindən qidalanmaq, təmiz hava udub onun nemətinə şükür etmək əvəzinə, məxluqatına uyğun olmayan şəkildə bu gözəlliyi viranə qoymaq üçün min yola baş vurur. Bu bədbəxt oğlu bədbəxt anlamır ki, viranə qoyduğu bu təbiət, onun yaşamaq üçün mühüm vasitəsi, varlıq məsələsidir. İndinin özündə isə ekologiyaya qarşı olan münasibət lap dözülməzdir. Dövlət, başda ölkə Prezidenti olmaqla, ekologiyanın və yaşıllıqların qorunması, ekoloji inkişaf üçün böyük həcmdə işlər görür ki, bunu danmağın özü Allahsızlıq olardı. Burası belədir. Amma gəl ki, hələ də bir çoxlarının şüurunda güclü qüsurlar qalıb. Onlar böyük həvəslə yenə yaşıl ağacları kəsmək, fauna və floraya, sözün əsil mənasında, DİVAN TUTMAQ üçün sino gedirlər! Onlar heç fauna və floranın nə anlama gəldiyindən də bixəbər bisavadlardır! Ekoloji savadı olsaydı, təbiət QATİLİ olmazdı ki. Görəsən, yamyaşıl ağacı dibindən qoparan nadan oğlu nadan, heç, etdiyi cinayətin, özü cəhənnəmə, övladlarının, onların gələcək həyatlarının məhv olması bahasına başa gələcəyinin fərqindədirmi? Çox çətin!
Bizim üçün ən başlıca problem, ekologiyanın qorunması üçün birinci növbədə bağçalardan başlayaraq təbiətin insan həyatı üçün yerlə göy qədər əhəmiyyətli olduğunu körpə uşaqların şüuruna yeritmək, bütün həyatları boyu təbiəti qorumaqla bağlı onların şüurlarını SİLAHLANDIRMAQ çox, həm də çox vacib məsələdir. İndiki uşaqlar, daha doğrusu, yeni yetişən nəsil təbiətdən, yaşıllıqdan bir az uzaqdırlar. Onlarınkı səhərdən-axşama qədər internet-klublarda, Avropanın öz avropalılarına qadağan etdiyi min cür ziyanlı informasiyalarla, internet proqramlarına baxmaqla özünün və ətrafındakıların şüurunu zəhərləmək və yükləməkdir. Bir də qulağına "nauşnik" taxıb, əlində bir butulka "Koka-kola" ilə "Tarqovı" küçəsində veyillənməkdir bunların işi... Həm də onlarda da böyük həcmdə günah görmürəm. Axı onlara təbiəti sevdirən lazımdır! Bax əsil məsələ budur. İnsan çox qəribə bir məxluqdur. Ta bəni-adəmin vaxtından indiyə qədər insan təbiətin dostu olmalı ikən, pis çıxmasın, daha çox düşməni rolunda çıxış edib. Açıq danışaq, ta qədimlərdən bəri hər yerdə insan övladı bütün diqqəttini sanki yaşıllıqları "aradan götürməyə" yönəldib. Bu, əslində, elə bir vərdiş alıb ki, min illiklər keçməsinə baxmayaraq hələ də bu proses dayanmaq bilmir. Hətta biləndə ki, artıq bəşəriyyət məhv olmaq təhlükəsi ilə qarşı-qarşıyadır, insanların səmaya buraxdıqları kimyəvi zəhərlərin azon qatına çökdürməyin bir addımlığındadır, yenə də insan oğlu ƏMƏLİNDƏN ƏL ÇƏKMİR! Yadımızda bərk-bərk saxlayaq ki, biz təbiətə qarşı deyil öz həyatımıza və balalarımızın gələcəyinə BALTA ÇALIRIQ!

Digər xəbərlər