Etibar Məmmədov:
Blok daxilində gedə bilmirəm,
Birlikdə mənafe güdə bilmirəm,
Hər lider qəlbində bitə bilmirəm,
Çıxmaram İsanın heç tuşuna da,
Çerilməm Əlinin sirdaşına da,
Uğur qazanmaram təkbaşına da.
Əli Kərimov:
Yanılıb ayağa durmaq istəsən,
Bossların cibinə vurmaq istəsən,
İşdi, yeni blok qurmaq istəsən,
Əşşi, xəbər vermə qardaşına da.
Etibar Məmmədov:
Qorxmuşdum bir müddət şil durmağından,
Ətim ürpəşmişdi zil vurmağından,
Düzü, zəhləm getdi mil durmağından,
Xoşum gəlməmişdi bardaşına da.
Əli Kərimov:
Sənin kiminəsə töhmətlər olsun,
Mənə də bossdan bol nemətlər olsun,
Deyirəm ədəbi lənətlər olsun,
Əğyar daşına da, yar daşına da.
Etibar Məmmədov:
Əvvəlcə İsadan yun qırxmısan,
Sonra yavaş-yavaş zilə çıxmısan,
Dəstək verə-verə məni yıxmısan,
Səni kimilərin kül başına da.
Əli Kərimov:
Yəni Etibar da qanar cəhənnəm,
İnşallah, sinənə qonar cəhənnəm,
Qismətin əbədi yanar cəhənnəm,
Lənət Qərb daşına, CAR daşına da.
Etibar Məmmədov:
Çıxmaz siyasətçi sən tək ağlardan,
Daşlardan süzülüb, keçdin dağlardan,
Keçdin sən o qədər fırıldaqlardan,
Yoxdu etibarım gor daşına da.
Əli Kərimov:
Çoxlu yalan-palan toqquşdurdular,
Dostları dostlarla qarpışdırdılar,
O qədər hədyanlar yapışdırdılar,
Araz daşına da, Kür daşına da.
Etibar Məmmədov:
Nimçəni buraxdın, qazanı tutdun,
Çətini buraxdın, asanı tutdun,
Məni dəstəklədin, İsanı tutdun,
Qatılıbdı zəhər bal aşına da.
Əli Kərimov:
Ətrafın yalvara-yalvara qalıb,
Ümidin dirəşib davara qalıb,
İndi yetkililər avara qalıb,
Bir kilo ət düşmür heç maaşına da.
Etibar Məmmədov:
O vaxt etdiyini indi durub dan,
Səni düşündürüb daim şöhrət-şan,
Hətta sınıq-sökük sənin araban,
Lidersən, ehtiyac var maşına da.
Əli Kərimov:
Sən tənə də vurdun zorba ABŞ-a,
Əlinlə çox vurdun zərbə ABŞ-a,
Edib gəlişmələr Qərbə, ABŞ-a,
Vaxtını keçirdin boş-boşuna da.
Etibar Məmmədov:
Özünü hamıdan tuturdun üstün,
Dəyirmançı kimi unluydu üstün,
Yalnız səliqəli görünmək üçün,
Sürmə də çəkmisən göz-qaşına da.
Əli Kərimov:
Meylin bossdan gələn donluğa qondu,
İsa ürəyində onluğa qondu,
O, gedib axırda kolluğa qondu,
Çox baxdın quşunun uçuşuna da.
Etibar Məmmədov:
Boss versə, yeyərdin əti, aşı tək,
Verməsə, tökərdin hey göz yaşı tək,
Əgər fayda görsən tutuquşu tək,
Girərdin ağacın koğuşuna da.
Əli Kərimov:
Yolunu evinə salsaydı qazanc,
Yeyərdin, cibinə dolsaydı qazanc,
Nəzarət edərdin olsaydı qazanc,
İtlərin, pişiyin doğuşuna da.
Etibar Məmmədov:
Səni saymamışam heç zaman adam,
İsa tək Laləyə deyərdin "Madam",
Xoruz döyüşündən zövq alıb müdam,
Umardın itlərin boğuşunda da.
Əli Kərimov:
Ən naqis rəqibə əl çalmaq üçün,
Enib alçalardın alçalmaq üçün,
Ruhən o dünyada zövq almaq üçün,
Sən qonaq olardın 10 qurşuna da.
Etibar Məmmədov:
Bir fayda vermədin obaya-elə,
Ömrünü vermisən həmişə yelə,
Metrədən bir xeyli az olsa belə,
Sən tamah salardın bir arşına da.
Əli Kərimov:
Səninlə heç zaman ortaq olmazdım,
Qapında-bacanda yaltaq olmazdım,
Verdiyin kababa qonaq olmazdım,
Heç tamah salmazdım mən xarçona da.
Etibar Məmmədov:
Kimisə yanına qoymazdım, əsla,
Keçirdiyi vaxta qıymazdım, əsla,
Nə səni radikal saymazdım, əsla,
Nə diqqət verərdim heç marçına da.
Əli Kərimov:
Mənə qadir Allah xoş niyyət verib,
İndi İsa mənə qətiyyət verib,
Adi yeməyinə pis qiymət verib,
Gözucu baxmazdım heç farşına da.