PDF Oxu

Köşə

  • 12

Radikal qurumlar təklənib

Radikal qurumlar təklənib

Əvəz Temirxan:

Bəlkə başqaları təklənib, düzü,
Bu cür problemdən kənar tut bizi,
Açdıq azadlıqda öz gözümüzü,
Biz öz yerimizdə möhkəm durmuşuq,
"Azadlıq" adlanan blok qurmuşuq,
Nahaqdan deməyin biz qudurmuşuq.

Tahir Kərimli:

İndi çox asandı bir şok yaratmaq,
Qazanançün asan çox sok yaratmaq,
Sizə çətin olar blok yaratmaq,
Bu yöndə əbədi möhür vurmuşuq.

Əvəz Temirxan:

Bir qədər xəstəhal, ufaqdı İsa,
Bizim yanımızda uşaqdı İsa,
Blok yaratmaqdan uzaqdı İsa,
Səy edib biz dərinlərə varmışıq.

Tahir Kərimli:

"Azadlıq" başında şimşəklər çaxır,
O qədər əfəlsiz, gözünüz axır,
İsa da sizlərə göylərdən baxır,
Deyir qursaqları bizmi darmışıq?!

Əvəz Temirxan:

Həm də inanmadıq İsa andına,
Heç vaxt güvənmədik dost qrantına,
Biz məriz olmuşuq boss qrantına,
Qrantverənləri pozub sarmışıq.

Tahir Kərimli:

Boss verdiyi puldan aş tutmayacaq,
Polis çox güclüdü, daş tutmayacaq,
Bloklar, birliklər baş tutmayacaq,
Sizi qamarlayıb süst bir sarmaşıq.

Əvəz Temirxan:

Lider alınları qırışıb indi,
İsa "cırtdan"larla yarışıb indi,
Cinslər bir-birinə qarışıb indi,
Biz də bir kişiyik, bəyəm oğraşıq?!

Tahir Kərimli:

Burda baş çıxarmaz heç dəli başı,
Dünya da düzəltməz qüssəli başı,
Süst düşdü həm İsa, həm Əli başı,
İtib məzhəbimiz ara qarışıb.

Əvəz Temirxan:

İsavat deyilik, bizləri tanı,
Həm də səbirli ol, qaraltma qanı,
Əsla buraxmarıq yastı Salmanı,
Biz arvad yanına, əsil Qaraşıq.

Tahir Kərimli:

Yaxşı tanımışam, inan ki, sizi,
Çox da itirməyə çalışma izi,
Biz boş buraxmarıq Sevilimizi,
Cəfər Cabbarlının tipi Balaşıq.

Əvəz Temirxan:

ABŞ, Avropaya biz addım atdıq,
Dəryadan on keem yüksəkdə yatdıq,
Pak, təmiz məqsədli blok yaratdıq,
İsanın qurumu çirkli, bulaşıq.

Tahir Kərimli:

Uğursuzluq yeri olub Çıldıran,
Olmadı silaha patron dolduran,
Ayseli üçüncü yerə qaldıran,
Avropa əsilli türkük, Araşıq.

Əvəz Temirxan:

Yəqin dediklərim yaxşı qavranır,
İsa bəy bizləri çox əskik sanır,
Əli Lalə ilə açıq davranır,
Etibar, İsa tək deyil dolaşıq.

Tahir Kərimli:

Hər bir məsələyə qoyursunuz mız,
Aləm yasin deyib oxuyur, yassız,
Sizlər düz uçurum kənarındasız,
Əməliniz elə vermir yaraşıq.

Əvəz Temirxan:

Bizdə elektorat çoxdu, tünlüyük,
Radikal durumun üstə önlüyük,
Biz Əli yönlüyük, Lalə yönlüyük,
İsa Qəmbərov tək deyilik aşıq.

Tahir Kərimli:

Nə Əli, nə Lalə, nə də İsa tuz,
Sizə Dədə Qorqud çalıbdı qopuz,
Yalandan mədhiyyə oxuyursunuz,
Siz bir yuyulmamış çömçə, ya qaşıq.

Əvəz Temirxan:

Yaradan radikal yaradıb bizi,
Dəyməz qərargaha ləpirçi izi,
Yoxlatdırıb İsa gözlərimizi,
Çəpəki baxırıq,deyəsən, çaşıq.

Tahir Kərimli:

Yalandan İsaya söymə, zavallı,
Nahaqdan özünü öymə, zavallı,
Çox da öz sinənə döymə, zavallı,
Guya siz yazsınız, biz qarlı qışıq.

Əvəz Temirxan:

Uzaq başımızın üstdən duman, çən,
İsa Qəmbərovlar gəlməz bizə tən,
Biz böyük bloka bənzəsək də, sən,
Deyirsən, İsadan əskik dikbaşıq.

Tahir Kərimli:

Sizin öz məxsusi bir qoxunuz yox,
Cansız bədənsiniz, heç ruhunuz yox,
Nə birlik, nə də ki,blokunuz yox,
Sizlər ayaq altda, bizlərsə başıq.

Əvəz Temirxan:

Qaldırıb badəni, bir tuş eyləyin,
Ya da özünüzü bihuş eyləyin,
Açın başınızı, siz nuş eyləyin,
Biz içi sirkəsiz bir adi xaşıq.

Tahir Kərimli:

Əliyə, Laləyə bir bəzəksiniz,
Üstdən də, altdan da, siz təzəksiniz,
Daş halına yanan bir kəsəksiniz,
Ancaq deməyin ki, ürəyi daşıq.

Digər xəbərlər