PDF Oxu

Köşə

  • 12

Aksiya keçirilməmişdən əvvəl birləşmək gərək

Aksiya keçirilməmişdən əvvəl birləşmək gərək

Sərdar Cəlaloğlu:

İfrat daxilində hər yoldan ötən,
Satdığı torpağa söyləyir vətən,
Güdməkdə hər biri bir şəxsi
gödən,
Deyirlər tərpənib bir qədər zirək,
Meydanda siyasi oyuna girək,
Sonra da çoxsaylı mitinq keçirək.

İsa Qəmbərov:

Bossun yardımından dolmaz kisən də,
Kəsilən də məndə, iti kəsən də,
Mənə uduzarsan istəməsən də,
Sənsən qabağımda adi bir dirək.

Sərdar Cəlaloğlu:

Sən quran olmadan, bir olanı sök,
Çökdür həmkarları, həm özün də çök,
Əlindən gələni sən on qaba tök,
Hansı nəticəni alarsan görək?!

İsa Qəmbərov:

Rəsul da qoyubdu göz qurumunda,
Çəkil bir guşəyə, döz qurumunda,
Sən bizə tələ qur öz qurumunda,
Biz sənə naqafil möhkəm tor hörək.

Sərdar Cəlaloğlu:

Ömrün də əzəldən olmuşdu yarı,
Sənə tay olmaz hər deyingən qarı,
Yığım ətrafıma ziyalıları,
Topla dörd yanına avara, sərək.

İsa Qəmbərov:

Marıqda yatardın sanki cəld pişik,
Tıxardın, harada görsəydin deşik,
Bizə qoşulana üz çevirmişik,
Sən hətta Rəsula çevirdin kürək.

Sərdar Cəlaloğlu:

Siyasi səriştə səndə yox damcı,
Kadr axınından qaldın zarıncı,
Radikal simvolu olan narıncı
Köynəyi, de, hansı blokda sərək.

İsa Qəmbərov:

Mən nitq söyləyirdim, yeyirdin kətə,
Sən alaq vururdun əlində şətə,
Mən sədr də oldum Ali Sovetə,
Səndəki səriştə, de, kimə gərək?

Sərdar Cəlaloğlu:

Neçə boss puluyla dolubdu qarın,
Sən isə yenə də harınsan, harın,
Bihudə tər axıt sən, həmkarların,
Sənin əvəzində biz məhsul dərək.

İsa Qəmbərov:

Bir vaxt İlyasa da sən yiyə dedin,
"Sizin qulunuzam" mən bəyə dedin,
Hər boss şərəfinə mədhiyyə dedin,
Üzümə ağ oldun, kim verdi çörək?

Sərdar Cəlaloğlu:

Onu saysan belə cəsur şir qurum,
Əsil həqiqətdə o bir tir qurum,
Sənin Müsavatın ölü bir qurum,
Ölüvay cisminin bəsidi xərək.

İsa Qəmbərov:

Kini-küdurəti, acığını de,
Dostu-düşmənini əvvəl tanı de,
Vajnı adamsansa, açığını de,
Yığışıb biz sənə bir salam verək.

Sərdar Cəlaloğlu:

Adının mənası çay daşı qəmbər,
Hər bir əməlindən süzülməkdə şər,
Tövrat da, İncil də dilimdə əzbər,
Sən isə höccələ ərəbcə çərək.

İsa Qəmbərov:

Rəsulu, İlyası qaçırdın, əhsən,
Şər şeytan özü də gəlməz sənə tən,
Sığın öz anormal qurumuna sən,
Biz isə çox normal bir ömür sürək.

Sərdar Cəlaloğlu:

Sən qoyun yununu əyir, götürüm,
Çox lüzumsuz halda gəyir, götürüm,
Partiya bağımdan xeyir götürdüm,
Həmişə olduğu kimi, sən şər ək!

İsa Qəmbərov:

Tüfəng şaqqıldadım, xəncər sıyırım,
Səni ADP-dən tamam ayırım,
Mən partiya qurum, blok qayırım,
Əlinə kətmən al, yeri, sən yer ək!

Sərdar Cəlaloğlu:

Hərarət, istilik canıma gəlir,
Gənclər də adıma-sanıma gəlir,
Əsil yetkililər yanıma gəlir,
Qalıb Müsavatda ancaq səy, dürək.

İsa Qəmbərov:

Kütlələr bir xoruz banına getsin,
Müsavatın dərdi canına getsin,
Bizim təmsilçilər yanıma getsin,
Neytral zonada biz qoşa hürək.

Sərdar Cəlaloğlu:

Keçirdiyin gün də yaxşı gün deyil,
Daldalandığın da həmin tin deyil,
Cibindəki pul da özünün deyil,
Xarici bossunun yediyin xörək.

İsa Qəmbərov:

Sərdar, ətraf səni sıxandan sonra,
Nöqsanını başa qaxandan sonra,
Rəsul partiyadan çıxandan sonra,
Başqa not altında döyünür ürək.

Sərdar Cəlaloğlu:

Qalmadı qrafa beynində sənin,
Nə narıncı köynək əynində sənin,
Nə şələn o şələ çiynində sənin,
Nə dəci pozulmuş mərək o mərək.

İsa Qəmbərov:

Nə sənin əlində tarımdı kaman,
Bünövrə üstündə dayanmır koman,
ADP tozuma çatmaz heç zaman,
Səni qabaqladım öndə gedərək.

Digər xəbərlər