PDF Oxu

Köşə

  • 18

Joze Mauriniyo əfsanəsi

Joze Mauriniyo əfsanəsi
Yəqin məni qınayacaqsınız. İsrailin Qəzzadakı müsəlmanlara humanitar yardım aparan Türkiyə gəmilərini gülləbaran etdiyi, iki dövlətin müharibə vəziyyətinə gəldiyi, sel fəlakətinin rayonlarımıza qənim kəsildiyi, "maqazin proqramlarının" mənəvi dəyərlərimizi sunami kimi ağzına alıb yerlə yeksan elədiyi bir vaxtda, mən O FUTBOL ƏFSANƏSİNDƏN YAZIRAM. Çünki bunu milyonlar istəyir! Onun haqqında yazmamaq olmaz! Anası onu biznesmen görmək istəyirdi. Amma o, futbolu seçdi.
Dünya bütün tarixi boyu öz sənətinin ustası olan sənətkarların qarşısında baş əyib. İstər siyasət nəhəngləri olsun, istər incəsənət fədailəri olsun, istərsə də bir başqa sahənin ustası olsun, fərq etməz. Amma bu yazını oxuyan əksər insan mənimlə razılaşar ki, mürəkkəb zəmanəmizin indiki vaxtında futbol milyonların sevincidir. Bu möcüzəli top ustalarını - futbolçuları dünyanın dörd yanında Afrika qaraları da, Avropa ağları da, müsəlmanı da, xristianı da, acı da, toxu da tanıyır. Özü də böyük sevgi ilə tanıyır. ONU da dünya əla tanıyır. O isə futbolun əfsanəsidir. Bu gün ONU artıq bütün dünya yaşıl meydanlarının böyük ƏFSANƏSİ kimi tanıyır"! O, dünyanın ən böyük futbol adamıdır. O, sadəcə olaraq, 2010-cu ilin yox, bütün dövrlərin əfsanəsidir! Həm də o, 2010-cu ilə məxsus deyil, 2010-cu il ona məxsusdur. Çempionlar Liqasında "Çelsi"ni əzərək Roman Abromoviçə və "Barselona"nı darmadağın edərək, "Kataloniyalılar"a nəyə qadir olduğunu hirs və hikkəsi ilə, emiosianal jestləri ilə sübut etdi portuqaliyalı FUTBOL USTASI.
Onun həyat hekayəsi, hər kəsin öz məqsədinə çatmasının və ucalmasının xəyal yox, gözəl bir həyat gerçəkliyi olduğuna misilsiz nümunədir. Gecəni gündüzünə qat, alın təri tök, öz sevimli peşənə bütün varlığınla bağlan və ƏFSANƏ OL!
Nizami Gəncəvi hələ neçə əsrlər boyu bundan əvvəl nahaq yerə demirdi ki, "Kamil bir palançı olsa da insan, yaxşıdır yarımçıq papaqçılıqdan". Sözsüz ki, sənətkara qiymət qoyulan yerdə.
O, Joze Mauriniyodur! Adi bir məşqçi tərcüməçiliyindən dünyanın ən böyük və əfsanəvi baş məşqçiliyinə qədər bir həyat nağılı ona aiddir. Özü də qısa bir vaxtda. Bu yazını ona görə yazmağa qərar verdim ki, qoy neçə on illiklər sonra qəzetimizi vərəqləyən gələcək nəsillər bu dahi futbol əfsanəsi barədə yazı yazanda, bizim də səhifələrimizə istinad etsinlər. Həm də məni J.Mauriniyonu göylərə qaldırdığıma görə ittiham edən tapılmaz! Niyə? Çünki o, başqaları kimi onun-bunun hesabına yox, məhz öz inanılmaz əzablı mücadiləsi ilə, hamının gözlərini bərəldəcək şəkildə əzablı zəhmətlərlə özü ilə yanaşı, futbolu da milyonlarla insanın gözündə göylərə qaldırdı. Sübut etdi ki, dünyada əsil futbol var və bundan sonra da yaşayacaq. Bəlkə də mənim bu sətirləri nə qədər paxıllıqla, həsəd hissi ilə yazdığımı yazının ritmindən duyursunuz. Azərbaycan klublarının palçıqlı stadionlarda futbol əvəzinə, şillə-təpik "oyunu" oynadıqları, avrokuboklarda iki mərhələdən o yana keçə bilmədikləri, məşqçilərimizin hər il bir bəhanə ilə baş qatdıqları bir vaxtda, Joze Mauriniyo, əlbəttə, əsil futbola həsrət qalan birisi kimi mənim üçün hər bir avropalıdan qat-qat əlçatmazdır. Əgər bu il Azərbaycan "İnter"ini gürcü baş məşqçi çempion edirsə, "Bakı"ya ölkə kubokunu türkiyəli mütəxəssis qazandırırsa, Azərbaycan yığması hələ də elementar futbol oynamağı öyrənməyibsə, məndən inciməyin, Azərbaycanda heç bir baş məşqçi durub mənə nə etiraz edə, nə də ölkədə düz-əməlli bir futbol mütəxəssisinin olduğunu mənə sübut edə bilər. Yoxdur, vəssalam! Tofiq Bəhramovun, Anatoli Banişevskinin, Ələkbər Məmmədovun, adını təəssüf ki, bilmədiyim digər tək-tük futbol dahilərimizin cığırı artıq BAĞLANIB, daha mənə nəsə sübut etməyə çalışmayın...
Ona görə də, J.Mauriniyoya heyranam. Həm də əsil futbol dahisinə. "İnter"i tərk edərkən, necə göz yaşı tökdüyünü, Materassi ilə qucaqlaşıb əsil dahi kimi onu bağrına basdığını keçən gecə bütün dünya gördü. Artıq o, "Real"ın sükanı arxasındadır. Uğurlar, Mauriniyo!

Digər xəbərlər