PDF Oxu

Köşə

  • 7

AXP Müsavat-"DUİ" sazişindən çıxdı

AXP Müsavat-"DUİ" sazişindən çıxdı

Pənah Hüseynov:

Bizim yanımızda aydın bir səhər,
"DUİ"-ylə Müsavat sövdələşdilər,
Boğdu Mirmahmudu, İsanı qəhər,
Bu Pənah gedişə imza qoymadı,
AXP bu işə imza qoymadı,
Bu birgə sazişə imza qoymadı.

Mirmahmud Fəttayev:

Müsavat bizimlə gedir seçkiyə,
A Pənah, səninki qalır içkiyə,
Sənin AXP-nə kim durar yiyə?
İddian nə bir naz, qəmzə qoymadı.

Pənah Hüseynov:

Qarşıdakı adi, pir məsələni,
Həll etdik hər müşkül, sirr məsələni,
Qışda həll olunan bir məsələni,
AXP payıza, yaza qoymadı.

Mirmahmud Fəttayev:

Pənah başlayanda sözə uf-ahla,
Bizlər qarşıladıq bunu qah-qahla,
İsa razı idi, sözsüz, Pənahla,
Ancaq onu yaxın Roza qoymadı.

Pənah Hüseynov:

İsanı rayonda mer düzəldərdim,
Onu mədh etməyə şer düzəldərdim,
Mən öz AXP-mə yer düzəldərdim,
İsayla Mirmahmud baza qoymadı.

Mirmahmud Fəttayev:

Söylə, nə qoyubdu yellər qayanda?!
Qul olduq, bu həmkar bizi sayanda,
İsa bəy sazişi imzalayanda,
"DUİ" də özünü naza qoymadı.

Pənah Hüseynov:

Mer-meyvə olanda süfrələrdə qıt,
AXP bağında fındıq, şabalıd,
İsa Müsavatda çürük bir palıd,
Çoxları sevindi qoza qoymadı.

Mirmahmud Fəttayev:

"DUİ"-dən başqa yox onun dayağı,
Müsavat matoru yeyibdi yağı,
İsa bəy əyləcə atar ayağı,
Bizisə basmağa qaza o qoymadı.

Pənah Hüseynov:

Biz öz kürsümüzü iri istədik,
Baş tutmaz təklifi geri istədik,
İsadan namizəd yeri istədik,
İmza atdırmağı qıza qoymadı.

Mirmahmud Fəttayev:

İsa bizə dedi plan cız, götür,
Daha demədi ki, Pənah, mız götür,
Dedi valet, kral, yaxud qız götür,
Yönü çevirməyə tuza qoymadı.

Pənah Hüseynov:

Razıyıq İsanı yolda saxlayaq,
Öz AXP-mizi balda saxlayaq,
Dedik Mirmahmudu dalda saxlayaq,
"DUİ"-ni keçirək paza, qoymadı.

Mirmahmud Fəttayev:

Düzü, istəmədik biz tağa çıxaq,
İstədik bosslarla ət-yağa çıxaq,
İstərdik Pənahdan qabağa çıxaq,
Fikrimiz puç oldu, qəza qoymadı.

Pənah Hüseynov:

Zilimiz azaldı, bəm vuran zaman,
AXP çəkildi, nəm vuran zaman,
Mirmahmud yüksəkdən dəm vuran zaman,
İsa onun üçün cəza qoymadı.

Mirmahmud Fəttayev

Çapdı o, dördnala öz atını da,
Atdı təhlükəyə həyatını da,
Pənah "DUH"-ni də, Müsavatı da,
Taladı, bir dənə əza qoymadı,

Pənah Hüseynov:

Biz güllə atarkən, tiri istədi,
Mirmahmud beş nazir, meri istədi,
"DUH" çox deputat yeri istədi,
Yeri qapazdadı, fəza qoymadı.

Mirmahmud Fəttayev:

Pənah Müsavatda yuxu istədi,
Birdən qeyzə gəlib mıxı istədi,
Yuxarıdan gedib, çoxu istədi,
Bizi qane olaq aza, qoymadı.

Pənah Hüseynov:

Qoymadı kletka, ya qəfəs alaq,
Qorxdu ki, İsadan biz həvəs alaq,
İstədik İsayla bir nəfəs alaq,
Mirmahmud bizlərə faza qoymadı.

Mirmahmud Fəttayev:

Biz Obama dedik, Pənah dedi Buş,
Dirəşib, vermədi bizə qurtuluş,
Göstərdi İsaya müxtəlif duruş,
Bizə göstərməkçün poza qoymadı.

Pənah Hüseynov:

Umdu o, bosslardan çekdar, torpağa,
Qoymadı biz vuraq nektar torpağa,
Göz dikdi özü bir hektar torpağa,
AXP toxunsun toza, qoymadı.

Mirmahmud Fəttayev:

Onun qurumunun Musası qapdı,
AXP keçəli, kosası qandı,
Özü yüz namizəd dozası qapdı,
Bizə nübar üçün doza qoymadı.

Pənah Hüseynov:

Qolunun tükünü, qıçını yoldu,
Yoldan keçən neçə qaçqını yoldu,
Mirmahmud İsanın saçını yoldu,
Bizi toxunmağa daza qoymadı.

Mirmahmud Fəttayev:

Sən demə, ağrıyan bir dişdi, Pənah,
Başqan danışdıqca hey şişdi Pənah,
İsayla beş saat dərdləşdi Pənah,
Bizi mırt vurmağa, mıza qoymadı.

Digər xəbərlər