Rauf Arifoğlu:
"Azadlıq" seçkiyə ayrı gedəcək,
"DUİ" opponeti sıyırıb gedəcək,
Başqan Müsavatı ayırıb gedəcək,
Blok Məcnunlara bir Leyli yoxdu,
Dəstək elektorat bir xeyli yoxdu,
Birləşmək həvəsi və meyli yoxdu.
Nurəddin Məmmədli:
Vahid bir tonqalda köz yaranardı,
Birlik qapısına göz yaranardı,
Blok da, birlik də tez yaranardı,
Sizlərdi ortaya atan hər feli.
Rauf Arifoğlu:
Susqun qurbağası gölündə qaldı,
Birləşmək həvəsi dilində qaldı,
"Azadlıq" Əlinin əlində qaldı,
Başqa bloklara çatmadı əli.
Nurəddin Məmmədli:
"Azadlıq" daxili bəhsindədi,
"DUİ" Mirmahmudun nəhsindədi,
Müsavat liderlik həvəsindədi,
Bunu bilən Əli olacaq dəli.
Rauf Arifoğlu:
İsanın siyasi beyini yoxdu,
Lalənin son dəbli geyimi yoxdu,
Blok yaranması rüşeymi yoxdu,
Bu gedişlə birlik yaranmaz, bəli!
Nurəddin Məmmədli:
Pənah siyasətə hopmaq bilməyir,
"VİP" Əli qrant da qapmaq bilməyir,
Sədrlik postundan qopmaq bilməyir,
Sərdar ADP-də çılğın bir zəli.
Rauf Arifoğlu:
"Azadlıq" İsaya yük gedəcəkdi,
Daşı ətəyindən tök, gedəcəkdi,
Sərdar bu seçkiyə tək gedəcəkdi,
Tam başa vurmamış bu cari ili.
Nurəddin Məmmədli:
İfrat beyinlərdə almaz, filizdi,
Rəhimin başında qalan gilizdi,
Əlinin, Lalənin nitqi qəlizdi,
İsanın tərtəmiz zəhərdi dili.
Rauf Arifoğlu:
Qəfil hücum üçün fürsət gözləyir,
Hücum planını daim gizləyir,
Özünü təsdiqçün Qərbi səsləyir,
İsa həmkarlara çox qurdu pəli.
Nurəddin Məmmədli:
"Azadlıq" aralı düşüb xaşından,
Çıxıbdı başqanın dili aşından,
Sərdar olubsa da Əli aşından,
Qaşıq verməyəcək ona heç Vəli.
Rauf Arifoğlu:
"DUİ" ətrafına çəkibdi çəpər,
Əli Lalə ilə blokda köpər,
Başqan bataqlığa düşübsə əgər,
Çətin dəf eyləsin palçığı, lili.
Nurəddin Məmmədli:
"Azadlıq"dı keçən mürəkkəb testdən,
Son vaxtlar düşübdü İsa bəy vesdən,
Bir təpər olmasa Uqo Çavesdən,
Yardım göstərəcək Sərdara Çili.
Rauf Arifoğlu:
Vəsait xarici çox sevəndədi,
Boss da sizin-bizim kimi bəndədi,
"Yurd" Əli ABŞ-da vay-şivəndədi,
Qrant gətirəcək üzünün çili.
Nurəddin Məmmədli:
"DUİ" də, İsa da oğru yoldadı,
Yəqin Pənahın da bağrı yoldadı,
İndi bir "Azadlıq" doğru yoldadı,
Bir Lalə düzünə işlədir mili.
Rauf Arifoğlu:
Əvvəl deyirdilər qara tası yox,
Hazırda siyasi bir vəfası yox,
İndi birincilik iddiası yox,
Dəyibdi İsaya durğunluq yeli.
Nurəddin Məmmədli:
Əliyə dəyənlər dostundan getdi,
Bəd yellər "DUİ"-nin mostundan getdi,
Elə ki, baş nazir postundan getdi,
Cibinə basmışdı Pənah da ləli.
Rauf Arifoğlu:
Hamımız sanırdıq bir dəmir səni,
Qərargaha gələn ilk əmir səni,
İsa bəy, Pənah da istəmir səni,
Ağla, göz yaşı tök, civildə, ləli.
Nurəddin Məmmədli:
İsa, seçicini indidən tanı,
Qaldırar üstünə Azərbaycanı,
Küləyi Şirvanı, dalğa Muğanı,
Seli-yağışı da qarsardı Mili.
Rauf Arifoğlu:
Gündə qərargahda özü dəmdi ki,
Avropa, sərgərdan, lap sitəmdi ki,
Seçici güclüdü, İsa kimdi ki?!
Bu qüvvə yıxıbdı dəvəni, fili.
Nurəddin Məmmədli:
Bivecdi, başqanın veci qalmayıb,
Sökülüb-tökülüb, içi qalmayıb,
Blok yaratmağa gücü qalmayıb,
İsa gücənərsə, sınardı beli.
Rauf Arifoğlu:
Aranı əməlli qatıb ki, İsa,
Siyasi günclərə yatıb ki, İsa,
O qədər dərinə batıb ki, İsa,
İndi nahaq yerə qazıyır gili.
Nurəddin Məmmədli:
Son vaxtlar artmaqda başqanın fəndi,
Çoxunun dəyişib dövranı indi,
Qursa da möhkəm bir Müsavat bəndi,
İsanı aparar "Azadlıq" seli.