PDF Oxu

Köşə

  • 15

Pənahın yeni planı ətrafında mübahisə

Pənahın yeni planı ətrafında mübahisə

Pənah Hüseynov:

Yataqdan həmişə erkən dururam,
İfrat sağlıq deyib, üç yüz vururam,
"DUİ"-də mən yeni plan qururam,
İstərəm, Mirmahmud oxuyaraq "Şur",
Payızda seçkidə qazansın uğur,
Burdan da məntiqi bir plan doğur.

Arif Hacıyev:

Pənaha demişik sən salamat qal,
Laləylə Mirmahmud yığıb çox az bal,
Bizə lazım deyil qətiyyən İqbal,
"Yurd" Əlinin nazı İsaya ağır.

Pənah Hüseynov:

İsanın önündə dərin uçurum,
"DUİ" Müsavatdan böyük bir qurum,
Başqanın ağlı da lap şurum-burum,
Müsavat havası məni lap boğur.

Arif Hacıyev:

AXP-ni çoxdan basıb his-pas, toz,
Mirmahmud peşkadı, bizim İsa tuz,
Sənin mandatına üç badam-bir qoz,
Pənah, siyasəti at, xəmir yoğur.

Pənah Hüseynov:

Bizim iqtidara heç mer olmadın,
Daim lakey oldun, sən ser olmadın,
Nə illah elədin, lider olmadın,
On il bağırmısan, on il də bağır.

Arif Hacıyev:

Bir yol düzəltmədin qaş, nazir kimi,
Saldın çox başlara daş, nazir kimi,
Hörmət qazanmadın baş nazir kimi,
Məclisin yolunu etmisən yağır.

Pənah Hüseynov:

Mənə AXP də, "DUİ" də xoşdu,
Tale qismətinə qəm-kədər tuşdu,
Gözünü döyürsən, ciblərin boşdu,
İsa bosslarından vəsait sağır.

Arif Hacıyev:

İflas həddindəsən, büdrəyib atın,
Yaman azalıbdı indi blatın,
Miskin siyasətbaz olmuşdu adın,
Həmişə təpənə qar-dolu yağır.

Pənah Hüseynov:

Terrorçu platsa yuvarlayaram,
Əbədi qəm-yasa yuvarlayaram,
Mən sizi iflasa yuvarlayaram,
Hələlik, bu qara lələşin yığır.

Arif Hacıyev:

Baş nazir kürsündə qurmuşdun banda,
Hər gün kef çəkirdin o müdhiş anda,
Sən Binəyə doğru gizli qaçanda,
Olmuşdun səs boğan kobud "nun" sağur.

Pənah Hüseynov:

Xaric əlinizdən cana doyanda,
İsa özü səni darda qoyanda,
Bosslar quyruğunu tapdalayanda,
Qışqırıb İsanı köməyə çağır.

Arif Hacıyev:

Sənin rəqiblərin bağdan gül dərdi,
Sənisə kandardan geri döndərdi,
Guya ki, çəkirsən Mirmahmud dərdi,
Pis günə qalmısan özün, ay fağır.

Pənah Hüseynov:

Xaric boss əliylə başqanı satıb,
İsa ətrafıyla çirkaba batıb,
Taleyin ulağı sərt şıllaq atıb,
Səni də tapdalar bir azman ayğır.

Arif Hacıyev:

İsa da uzağa qəti getmədi,
Bossun bağçasında gül tək bitmədi,
Heç bir ifrat səni qəbul etmədi,
Boynuna al, səni zəmanə sıxır.

Pənah Hüseynov:

Sən get qərargahda küllənib tozdan,
Məhrum da olarsan bir çürük qozdan,
Boss üz döndəribdi başqanınızdan,
O gedib evində azuqə tıxır.

Arif Hacıyev:

Fəallıq tez artır təsir olanda,
Qanına sığındın gizir olanda,
Sən çox öyünürdün nazir olanda,
Ancaq çox içirdin xarici çaxır.
Pənah Hüseynov:

Payızda meşəni xəzan doldurur,
Müsavatı hər yol azan doldurur,
İsa bəy qaz vurur-qazan doldurur,
Sənisə pulsuzluq yandırıb-yaxır.

Arif Hacıyev:

Sənin əsəblərin daim tarımda,
Qəti yerin yoxdu mənim xorumda,
Səni qəbul etmir "cırtdan" qurum da,
Gözlərin məchul bir nöqtəyə baxır.

Pənah Hüseynov:

Mirmahmud "DUİ"-də indi tuz olub,
Elə "Azadlıq" da xeyli pozulub,
Müsavat daralıb ağılsız olub,
Tale ağılsızı sonuncu yıxır.

Arif Hacıyev:

Yazda buz bağlayıb, ayazlaşmısan,
Uduzub siyasi meydanda mısan,
Özün siyasətdə dayazlaşmısan,
Örüşə vaxtında çatmayıb naxır.

Pənah Hüseynov:

Xaric şimşək kimi çaxmırsa əgər,
Pul sel tək cibinə axmırsa əgər,
Boss da İsa səmtə baxmırsa əgər,
Niyə sayılmasın, səncə, bu, axır?!

Arif Hacıyev:

Daim ağırlaşan şələ qabaqda,
Bəli, Müsavatçün tələ qabaqda,
İsanın iflası hələ qabaqda,
Səni indi çəkib aparır çuxur.

Digər xəbərlər