Bəybala Əbil:
"Azadlıq"-Müsavat-"DUİ" birliyi,
Gerçəlsə, açacaq yəqin çox şeyi,
Sərdarın, İqbalın yanlışdı səyi,
Özündə güc tapıb İsa, Mirmahmud,
Çalar "Azadlıq"da saz, nağara, ud,
Rəqib qəlblərini yeməsin qoy qurd.
İqbal Ağazadə:
Mirmahmud önündə cəld çal təbil sən,
"KAXCP" müavini, sərsəm qəbilsən,
Soyaddan "ov" atıb, oldun Əbil sən,
Sədrinin yanında öz yerini tut.
Bəybala Əbil:
Mirmahmud liderə sadiq bir adam,
Gəlsin ürəyinə sizlərin qadam,
"MBH" lideri olsa da "Madam",
Onun şöhrətini artıracaq "Yurd".
İqbal Ağazadə:
Salma həmkarların ürəyinə xal,
Dəymə bizimkinə, öz havanı çal,
Sən get Mirmahmudun dərgahında qal,
İsanı, Sərdarı, İqbalı unut.
Bəybala Əbil:
Ay İqbal, "Ümid"də sən bağa çeynə,
O, pissə sən qarğa, qurbağa çeynə,
Sən get Sərdarınla qabırğa çeynə,
Bizsə bir blokda yeyək balıq, bud.
İqbal Ağazadə:
Ay sədr müavini Bəybala Əbil,
Sən gəl pəsdən oxu, heç qaldırma zil,
Axırda "DUİ" də olacaq xəcil,
Mirmahmud üstünə çökməkdə bulud.
Bəybala Əbil:
Sənin "Ümid"indən teyxa qan gedir,
Qrantın azalar, yazıq qan gedir,
Mirmahmudun işi xod, rəvan gedir,
Sərdarın, İqbalın işləri bərbad.
İqbal Ağazadə:
Sən get öz "DUİ"-nə, a sərsəm oğlan,
Sən get o klassik Cəbhənə bağlan,
"Ümid"im səmada etməkdə cövlan,
Sənə, Mirmahmuda taxarıq qanad.
Bəybala Əbil:
Səninlə başını heç yormaz İsa,
Səndən heç yetkili yoğurmaz İsa,
Vallah heç yanına çağırmaz İsa,
Nə qədər etsən də ah-nalə, imdad.
İqbal Ağazadə:
Ənlik-kirşanını sən qaşə düzəlt,
Mirmahmudla gəlib sən cuşə düzəlt,
"DUİ"-nin nəzdində bir guşə düzəlt,
Bir-iki "cırtdan"ı sən oraya dart.
Bəybala Əbil:
Sanma ki, kimlərsə sənə naz satır,
Əliylə, İsayla birlik bal dadır,
"DUİ" ifratların sırasındadır,
Heç vaxt olmamısan, ay İqbal, ifrat.
İqbal Ağazadə:
Cəbhəniz üzməmiş bəhər içində,
İnşallah, batarsız zəhər içində,
Mirmahmud boğular qəhər içində,
Darıxma, "DUİ" də verməkdədi çat.
Bəybala Əbil:
Gedib ADP-də vur sədrlə yüz,
Əyri yolunu da bir az eylə düz,
Ay İqbal, bizlərdən ümidini üz,
Cəlaloğlu səni etməyəcək şad.
İqbal Ağazadə:
"DUİ"-də çoxları yatıb-çıxıbdı,
Bir qismi kütləni satıb-çıxıbdı,
Mirmahmud girdabda batıb çıxıbdı,
Sən də ibrət götür bataqlığa bat.
Bəybala Əbil:
Biz dözüm göstərdik bir şam edərək,
Havalan, ay İqbal, nuş cam edərək,
Sən məhbəsə düşdün qiyam edərək,
İstəsən, get orda bir qədər də yat.
İqbal Ağazadə:
Bəybala, sən gəlmə bizlərə hədə,
Mirmahmud pay alır qızıl nimçədə,
Bizlər demokratik bir düşüncədə,
Səni incitməkdə cəhl, xurafat.
Bəybala Əbil:
Manat istəyənə bir qəpik atdın,
Əliyə, İsaya sən çəpik atdın,
Daim radikala sərt təpik atdın,
Səni biz Tanrıya etdik amanat.
İqbal Ağazadə:
Cəbhəniz dağılıb daim lüt oldu,
Sizə qoşulanlar cahil, küt oldu,
Mirmahmudda üslub xeyli şit oldu,
Səndə də olmadı adi bir savad.
Bəybala Əbil:
Sizin peşənizdi palan toxumaq,
Pənah da xoşlayır plan toxumaq,
Bizə mümkün deyil yalan toxumaq,
Fürsətdi, indi get Sərdarı aldat.
İqbal Ağazadə:
Səni, Mirmahmudu naşı tanıyır,
Sərdar dağ-dərədə daşı tanıyır,
Əli, Lalə bizi yaxşı tanıyır,
Yalnız blatnoya yaraşar blat.
Bəybala Əbil:
Çox etsəniz belə təzim bloka,
Əli, Lalə verməz izn bloka,
Sizlər yaramırsız bizim bloka,
İqbal, get sən "Ümid" tarlanı islat.
İqbal Ağazadə:
Dildə danışanda, asan deyirsən,
Ağzını açanda, qan-qan deyirsən,
Əlbəttə, yenə də yalan deyirsən,
Bunu sənə etmək çətindi isbat.