İqbal Ağazadə:
Bu gün blokumuz dönməkdə yelə,
Onun özəyində "Yurd" Əli, Lalə,
Ora buraxılmaz Müsavat belə,
Bu gün gur yanaraq kükrəyir ocaq,
Öz gur şöləsini səpib saçaraq,
Orda "VİP" Əliylə Sərdar olacaq.
Pənah Hüseynov:
Başqan İsa bəydə ən duzlu blok,
Yoxdu özgə yerdə bir qazlı blok,
Bu gün, inan mənə, nüfuzlu blok,
Müsavat içində yaranar ancaq.
İqbal Ağazadə:
Bizdə qrant gülü dərə bilməzsən,
Müsavat qaydası hürə bilməzsən,
Sən də "Azadlığ"a girə bilməzsən,
Burda Pənaha da verilməz bucaq.
Pənah Hüseynov:
İsa quzğun leydi, "Azadlıq" qazdı,
Bunda fərasət çox, sizlərdə azdı,
Əlidə, Lalədə küydü-avazdı,
İsanın qucağı mənimçün sıcaq.
İqbal Ağazadə:
Guya ki, dərdlərə əlac edənsən,
Ortada yalançı qov-qaç edənsən,
Yalançı ideya ixrac edənsən,
Başqanın əlində orada rıçaq.
Pənah Hüseynov:
Çoxlarını salan pərən, mən oldum,
Hamının gözündə çərən mən oldum,
Ən böyük ideya verən mən oldum,
Bütün qurumlara mən açdım qucaq.
İqbal Ağazadə:
Bu blokda Lalə tər gül kimidi,
Biz-qalan dörd lider bülbül kimidi,
"Azadlıq" bünövrə, özül kimidi,
Müsavat, AXP ona bir saçaq.
Pənah Hüseynov:
Lalə Əvəzilə bir ağıldan kəm,
Əli, Sərdar, İqbal elə müdam dəm,
Müsavat qorxuzur sizi dəmadəm,
İsa gözünüzə iti bir bıçaq.
İqbal Ağazadə:
Müsavat ağzında şirən olubdu,
Bossların mayası törən olubdu,
Adın ideyalar verən olubdu,
İsa edib səni xəstəhal, naçaq.
Pənah Hüseynov:
Kimlərdənsə qrant ummaqdasınız,
Bəsirət gözünü yummaqdasınız,
Siz daim zülmətə cummaqdasınız,
İsanı səmaya qaldırır uçaq.
İqbal Ağazadə:
Dilində deyirsən, dəmin o İsa,
Guya ki, bilmirsən, qəmin o İsa,
Mədhnamə qoşduğun həmin o İsa,
Səni Müsavatdan salıbdı qaçaq.
Pənah Hüseynov:
Bu başqan həm şöhrət-şanımızdadı,
Qəlbdə, ruhumuzda, canımızdadı,
Əhməd Oruc bizim yanımızdadı,
Ona dəstəkçidi Mirmahmud qoçaq.
İqbal Ağazadə:
Yetkili gözləri dolacaq, sözsüz,
Pənah da saçını yolacaq, sözsüz,
Sərvətlər İsanın olacaq, sözsüz,
Sənə qalacaqdı sınıq qab-qacaq.
Pənah Hüseynov:
İnkişaf var, qoyun, göz Müsavata,
Mən də çox demişəm döz, Müsavata,
Hamınız doluşun tez Müsavata,
Boss pulundan sizə haqq-hesab açaq.
İqbal Ağazadə:
İqbal adi bir bəy, sən ol lap əkə,
Müsavat başqanla ifrata ləkə,
Qoy çıxsın Müsavat naməlum dikə,
Başqan yaxasına biz medal sancaq.
Pənah Hüseynov:
Dərələrə, dağa düşəcəksiniz,
Çalışıb qabağa düşəcəksiniz,
Sizlər əl-ayağa düşəcəksiniz,
İsa bəy ən ali kürsüdə olcaq.
İqbal Ağazadə:
Azadlıq meydanı tüstülənəcək,
AXP şeytanı tüstülənəcək,
İsanın qəlyanı tüstülənəcək,
Əlinin, Lalənin qopuzu qolçaq.
Pənah Hüseynov:
Həmişə kənarda qalacaqsınız,
Dərin xəyallara dalacaqsınız,
Almaqçün ixtiyar salacaqsınız,
Narıncı libası İsa dəb salcaq.
İqbal Ağazadə:
İsayla Arif bəy saçını yolar,
Lalə, Əli baxıb xeyli kam alar,
"Azadlıq" hündür bir məqamda olar,
Kütlə nəzərində Müsavat alçaq.
Pənah Hüseynov:
İsa meyxanadan tapılacaqdı,
Müsavat palçıqdan yapılacaqdı,
"Azadlıq" xülyaya qapılacaqdı,
İsa bəy qələbə fitini çalcaq.
İqbal Ağazadə:
Hamı sevincini bildirəcəkdi,
Bu ölüm çoxunu güldürəcəkdi,
Onu əldən salıb öldürəcəkdi,
İsa beynindəki o siyasi rak.
Pənah Hüseynov:
"Azadlıq" Əli tək qocalıb qartır,
Hər gələn özüylə yeni üzv dartır,
Burda yetkililər günbəgün artır,
Ancaq "Azadlıq"da boşalıbdı bak.