PDF Oxu

Köşə

  • 7

Rauf Arifoğlu Müsavatın uğuruna şübhə ilə yanaşır

Rauf Arifoğlu Müsavatın uğuruna şübhə ilə yanaşır

Rauf Arifoğlu:

Heç kəs həmkar olmaz başqan dəliylə,
İsa acılayar acı diliylə,
Dostluq edəcəyəm ancaq Əliylə,
"MBH" Lalənin ixtiyarında,
"VİP" Əli dolaşır öz bazarında,
Müsavat müttəfiq intizarında.

Arif Hacıyev:

Müsavat özünə xoş büsat qurur,
Sənin kimiləri vurur uçurur,
İsa bosslar ilə oturur-durur,
Qurdlar qaynaşmaqda, Rauf, qarında.

Rauf Arifoğlu:

Külə vücuduna söydüyü üçün,
İsa milyon qapı döydüyü üçün,
Liberala boyun əydiyi üçün,
Müsavat daimi boss azarında.

Arif Hacıyev:

İsanı pisləyib xeyli çaşsan da,
Nəzərdə tutduğun səddi aşsan da,
Sən bizdən nə qədər uzaqlaşsan da,
Boylanıb qalarsan öz hasarında.

Rauf Arifoğlu:

Müsavat düşünür bir sipər haqda,
İsa düşünməmiş heç təpər haqda,
İman yandırmıram özgələr haqda,
Sənin öz yerin var İsa xorunda.

Arif Hacıyev:

Adam var yolu boss puluyla gedir,
Adam var öz cırıq çuluyla gedir,
İsa radikallıq yoluyla gedir,
Sənsə getməkdəsən öz qatarında.

Rauf Arifoğlu:

Düzdü, qoymamısan üz gitaranda,
Bəzən dınqıldatdın söz gitaranda,
Sən fəğan qopardın öz gitaranda,
İsa çalmaqdadı köhnə tarında.

Arif Hacıyev:

Pul düzəliş edib İsa səsində,
Qrant havası var gur nəfəsində,
İsa cövlan edər öz zirvəsində,
Sən də toyuqlar tək qal öz tarında.

Rauf Arifoğlu:

Çox gördük orada tufta yeyənlər,
Gəlib doluşmuşdu küftə yeyənlər,
Azdı İsa kimi müftə yeyənlər,
Get-gedə çoxalır sizdə harın da.

Arif Hacıyev:

Səndən biz həmişə bəd töhmət gördük,
Demədim bir dəfə biz hörmət gördük,
Nə sənin özündə bir hikmət gördük,
Bir təpər görmədik nə yazarında.

Rauf Arifoğlu:

Nə gedir qoy getsin bağdan, cəhənnəm,
Yel nə apararsa dağdan, cəhənnəm,
Səmimi deyirəm, buğdan cəhənnəm,
Qüsur axtaracaq İsa darında.

Arif Hacıyev:

Bilirəm, İsayla olmamış aran,
Dünya gözlərinə görünür toran,
Səninçün pis olub bizim restoran,
Qulağı dinc otur sən öz barında.

Rauf Arifoğlu:

İsa rəqibiylə yarışmısan ki,
Onun hər işinə qarışmısan ki,
O qədər boş sözlər danışmısan ki,
İsa qolubağlı durub torunda.

Arif Hacıyev:

Arzum bu, dünyada səs salım gedim,
Sən alçal, mən isə ucalım gedim,
Qoy mən bu dünyada kam alım gedim,
Səni kimiləri çalsın gorunda.

Rauf Arifoğlu:

Xəstələnən zaman əvzay görmədim,
Ciyər kabab oldu, heç çay görmədim,
Neçə ki, mən ondan bir hay görmədim,
İsa hay görməsin bir həmkarında.

Arif Hacıyev:

Anqırsın ulaqdan betər xər kimi,
Nahaq qınayırsa kim ki, hər kimi,
İsa cəh-cəh vursun bülbüllər kimi,
Sənsə mız-mız edib, danış burunda.
Rauf Arifoğlu:

Qılıncı qınından siyir görməsin,
Ömründə mənalı şeir görməsin,
Heç köynəyindən də xeyir görməsin,
İsanı boğulsun öz şalvarında.

Arif Hacıyev:

Başqanın uğuru elə səs salsın,
Bossun yardımıyla qələbə çalsın,
İsa vur-uçurlu aləmə dalsın,
Sənisə qalasan öz qur-qurunda.

Rauf Arifoğlu:

Yüngül qəlyanının iyi bığında,
Bütün həmkarların batdı lığında,
Çox gözlər kor etdin bulanığında,
Ariflər kor olsun sənin durunda.

Arif Hacıyev:

Heç bir İsapərəst kölən olmadı,
Çağırdın ardınca gələn olmadı,
İsanın yaşından ölən olmadı,
Çoxu oda yandı sənin qurunda.

Rauf Arifoğlu:

Vaxt oldu payızı qarlı qış etdin,
Hay vurub, qıy vurub çığırış etdin,
"DUİ"-nin vaxtında çağırış etdin,
Ayağa qalxanlar batdı qırında.

Arif Hacıyev:

Şlan əvəzinə xortum deyirsən,
Hər səni seçənə dartın deyirsən,
Həmişə borunda tın-tın deyirsən,
Yəqin bir qüsur var nəfəs borunda.

Digər xəbərlər