PDF Oxu

Köşə

  • 6

"Azadlıq", "DUİ" və Müsavat blok yarada biləcəkmi?

"Azadlıq", "DUİ" və Müsavat blok yarada biləcəkmi?

Əli Əliyev:

Demirəm "Azadlıq" yerində dursun,
Qoy o, fəallaşıb vursun-uçursun,
Müsavat "DUİ"-ylə əlaqə qursun,
"Azadlıq" onlara dost olar o vaxt,
Hər üç qurumda da üzə gülər baxt,
O zaman yerinə düşərdi həm haqq.

Arif Hacıyev:

Əli Əliyevin göz yaşı gəlmir,
Başqanla Mirmahmud yanaşı gəlmir,
Nisyədən İsanın heç xoşu gəlmir,
Müsavat hər işi görməkdədi nağd.

Mirmahmud Fəttayev:

Elə ki, İsa bəy barmaq qatladı,
Əli Kərimovun "Yurd"u çatladı,
"Azadlıq" nə qədər Müsavatladı,
Çox ağır olardı "DUİ"-yçün bu akt.

Əli Əliyev:

Elə ki, Müsavat ilk qədəm atdı,
Mirmahmud İsanın qoynunda yatdı,
"Azadlıq" müstəqil bir təşkilatdı,
O, hətta başqanla bağlamazdı pakt.

Arif Hacıyev:

Ay Əli Əliyev, nifrətini at,
Lalənin, Əlinin yanında get yat,
Sən düşünən kimi deyil Müsavat,
Münasib deyildir köklədiyin takt.

Mirmahmud Fəttayev:

Boss cibi qrantlı zəmi deyildir,
İndi bloklaşma dəmi deyildir,
"DUİ" Müsavatın yemi deyildir,
Arif, qulağına get nauşnik tax.

Əli Əliyev:

"DUİ" Müsavata sadağa, boylan,
Əgər qoysalar da qadağa, boylan,
İstəyirsən, məchul qabağa boylan,
Əgər istəmirsən, dön arxaya bax.

Arif Hacıyev:

Tutub Mirmahmuda yaxşı bir toy sən,
Özünün "VİP"-inə ver uca boy sən,
Əlinin "Yurd"nu viranə qoy sən,
Lalə dalğasında "MBH"-yə ax.

Mirmahmud Fəttayev:

"MBH"-yə zorba gənə lazımdı,
"VİP"-lə "Yurd" Əliyə tənə lazımdı,
Deyəsən, İsaya çənə lazımdı,
Müsavat üstünə şimşək kimi çax.

Əli Əliyev:

Bir divanə kimi özünə əl qat,
Yatanda İsanın divanında yat,
Ay Arif, Mirmahmud çirkabına bat,
Çirkini bizlərin üzərinə yax.

Arif hacıyev:

Lalə "MBH"-ni zirvə, pik sayıb,
"Yurd" Əli başını daim dik sayıb,
Mirmahmud özünü politik sayıb,
Deyəsən, yumurtan sənin gəlib lax.

Mirmahmud Fəttayev:

Bossun qrantını süfrəndə yal et,
Ya hörmət göstərib dilini bal et,
Əgər sözün yoxsa dilini lal et,
Mənə sözün varsa üzümə de, şax.
Əli Əliyev:

Müsavat içində daim şum olub,
Bizim əlimizdə başqan mum olub,
Nə olsun Etibar qohumum olub,
Xalaoğluluğu az başıma çax.

Arif Hacıyev:

Nuş etməyə şərab qalıbsa camda,
Gəzmək lazım deyil divarda, damda,
İsa bəy komanda verən məqamda,
Sən də, Mirmahmud da birgə verin max.

Mirmahmud Fəttayev:

Olmuşam həmişə göz qurumumda,
Olubdu ədəbi köz qurumumda,
Nə mən vəzir oldum öz qurumumda,
Nə də sənin İsan oldu padişah.

Əli Əliyev:

"VİP"-in harayından qulaq olub qut,
"Yurd" Əli istər ki, yesin şirin tut,
Ay "DUİ" rəisi, konkret mövqe tut,
Ya da ömrün boyu çək dərindən ah.

Arif Hacıyev:

Dolub Mirmahmudun canına ağrı,
Biz uğur qazansaq, çatlayar bağrı,
Sən gah əsməkdəsən başqana doğru,
Yolunu çevirdin "Azadlığ"a gah.

Mirmahmud Fəttayev:

Hələ Müsavatda çoxlu çat qalıb,
Sizin ağzınızda acı dad qalıb,
Bizim hər gedişdən İsa mat qalıb,
İndinin özündə "DUİ" verir şah.

Əli Əliyev:

Müsavat düşməkçün gəzir uçurum,
"DUİ"-də stabil deyildir durum,
"Azadlıq" yeganə siyasi qurum,
İflasa uğramış İsa olub lox.

Arif Hacıyev:

Digər blokların lütü işləyir,
İş görən Müsavat qəti işləyir,
Bizim şüurumuz iti işləyir,
Sizlərdə iradə dözüm, səbat yox.

Mirmahmud Fəttayev:

"DUİ" Müsavatın üstündə bir ley,
Bizlərin ağılı iti, İsa key,
Deyil qaydasında İsada hər şey,
Yalandan özünü qoy tutmasın tox.

Əli Əliyev:

İsa pis veribdi qiymət cüssənə,
Edir radikallar nifrət cüssənə,
Sən yalan söyləsən, lənət cüssənə,
Mən yalan söyləsəm, ürəyimə ox.

Arif Hacıyev:

"Azadlıq" həmişə qaralanda qaş,
Müsavat bağına istər atsın daş,
Biz təklif etdik ki, bizə yaxınlaş,
Daha demədik ki, üstümüzə çıx.

Mirmahmud Fəttayev:

Bosslar öz bağında məhsul yetirsin,
Sonra da onları sizə ötürsün,
Qoy İsa xaricdən qrant gətirsin.
Sən isə onları dəncəyinə tıx.

Digər xəbərlər