PDF Oxu

Köşə

  • 10

"Azadlıq"-Müsavat qarşıdurması yeni mərhələdə

"Azadlıq"-Müsavat qarşıdurması yeni mərhələdə

İsa Qəmbərov:

"Azadlıq", həm "DUİ" tikə blokdu,
Çingizin "ATA"-sı əkə blokdu,
Müsavat çox azman, yekə blokdu,
Çata bilməzsiniz ona heç zaman,
Adınız qalacaq həmişə yaman,
Başınız üstünə çökəcək duman.

Əli Kərimov:

Lalə bir yanımda, "VİP" bir yanımda,
Qrant həvəsi var ilik-canımda,
Blokum tək yüksək şöhrət-şanım da,
Sənin kimisinə vermərəm aman.

İsa Qəmbərov:

Bosslar dərhal duyur agent ətrimi,
Uzaqdan görürlər donos sətrimi,
Liberal Avropa bilir qədrimi,
Əli pis şamandı, mən yaxşı şaman,

Əli Kərimov:

Sənin mövqeyini acı bilmişəm,
Bloku başımın tacı bilmişəm,
Mən səni həmişə hacı bilmişəm,
Səndə bircə qətrə yox imiş iman.

İsa Qəmbərov:

Seçsələr, şəhərə lap mer gələrdim,
Avropa göndərsə, həm ser gələrdim,
Mən sizin bloka lider gələrdim,
Sonra başlayardıq yeni bir roman.

Əli Kərimov:

Eşitdim, ümidin daşa dayanıb,
Çiçəkli baharın qışa dayanıb,
Laləylə blokda qoşa dayanıb,
Məni söyəcəksən, etməzdim güman.
İsa Qəmbərov:

İqtidar sifətin tunc olub sənin,
Sədrinlə içdiyin punş olub sənin,
Ayranın həmişə turş olub sənin,
Qatığa çevrilib qıcqırmış xaman.

Əli Kərimov:

Müsavat qələbə çalmaya bilər,
Deputat mandatı almaya bilər,
Samanlıq sənin də olmaya bilər,
Qədrini dərk elə, sənindi saman.

İsa Qəmbərov:

Nə vaxt açılacaq, de, ibrət gözün,
Nöş mənə dikilib o nifrət gözün?
Üstəlik, tutulub bəsirət gözün,
Qurşa kəmərini, düşübdü tuman.

Əli Kərimov:

Son vaxtlar yenə də artıbdı qəmin,
Sənin istefana yaranıb zəmin,
Yolundan sapıbdı Müsavat gəmin,
Yaxında olsa da sonuncu liman.

İsa Qəmbərov:

Elə ki, Müsavat talvarda idi,
Əli də, Lalə də bulvarda idi,
Rauf Arifoğlu kənarda idi,
Pis gündə sən oldun üstümə cuman.
Əli Kərimov:

Dedin rayon çökür, şəhər tökülür,
Guya boss gözündən qəhər tökülür,
Ağzını açanda, zəhər tökülür,
Yenə baş qaldırıb xolyeran, cuman.

İsa Qəmbərov:

Altı padoş deyil indi çustunun,
Əhvalı pozulub qərbli dostunun,
Hayına qalıbsan sədr postunun,
Ciddi iş görməli bossdan pul uman.

Əli Kərimov:

Artmaqda günbəgün qalmaqallığın,
Gözə kül üfürmək istiqballığın,
Liberal yönümlü radikallığın,
Mövqesiz sayılır məsləki danan.

İsa Qəmbərov:

O, kirdar deyildir, dirsəkdi məgər?
Niyə bozarırsan, kürsəkdi məgər?
Səni bu görkəmdə görsəydi əgər,
"Kül sənin başına!" deyərdi anan.

Əli Kərimov:

Müsavat həddən çox kəsir etsə də,
Bu da İsa bəyə təsir etsə də,
Romanında geniş təsvir etsə də,
Lermontov bilməzdi hardadı Taman.
İsa Qəmbərov:

Atını dördnala çapmırsan ki, sən,
Bosslardan az qrant qapmırsan ki, sən,
Onunçün bir bina tapmırsan ki, sən,
Başına uçmuşdur qərargah koman.

Əli Kərimov:

Deyəsən, boss xeyli azaldıb dənin,
Bu xiffət qəlbini patladıb sənin,
Kinin öz qabını çatladıb sənin,
İndi Müsavatın çürük bir banan.

İsa Qəmbərov:

Keçmiş qərargahı ayaza verdik,
Qoltuq qarpızlandı, sən qaza verdin,
Əli Əliyevi güdaza verdin,
Lalənin dərdinə sənmisən yanan?

Əli Kərimov:

Bossların önündə əyri qədd oldun,
Etibar önündə baryer, sədd oldun,
Nə özün vahid bir namizəd oldun,
Nə də qədeşinə vermədin aman.

İsa Qəmbərov:

Dostlara çırpınan silləyə döndün,
Ağır mərəzlərə, çilləyə döndün,
Nə qəlb parçalayan gülləyə döndün,
Nə də sərrast oxa sən oldun kaman.

Əli Kərimov:

İlləti reytinqin tuşuna qoyma,
O ağrımaz başın qaşına qoyma,
Özünü mərtəbə başına qoyma,
Artıq açılmaqda yalançı siman.

Digər xəbərlər