PDF Oxu

Köşə

  • 13

Sən demə elektorat Pənah Hüseynovu dəstəkləyir

Sən demə elektorat Pənah Hüseynovu dəstəkləyir

Pənah Hüseynov:

Bossların da görünməkdə üzləri,
Böyüməkdə qrantverən izləri,
Elektorat dəstəkləyir bizləri,
Qoy "DUİ" də qoşulsun "Azadlığ"a,
Müsavat da bənzəməsin qonağa,
Tezliklə olarıq bizlər bəy, ağa.

Araz Əlizadə:

Gərək buraxmasın çoxlu günah bəy,
Hər bir məsələdən olsun agah bəy,
Gör nə günə qalıb bizim Pənah bəy,
Bu cür mühakimə yürütməz çağa.

Pənah Hüseynov:

Biz qrant yolunda töksək tər əgər,
Bizdən uzaq olsa xata-şər əgər,
Bosslar bizi deyib gəlsələr əgər,
Əlimiz çatacaq müftə bal-yağa.

Araz Əlizadə:

Müxalifət dalda qalıbsa hələ,
Liderlər zamanı veribsə yelə,
O, hansı uğurdan danışır belə,
Sürətdə keçirsə Pənahı bağa.

Pənah Hüseynov:

Bir uğursuz kimi baxmısan fala,
İndi çox dərindi önündə çala,
Lazımi məqamda çox döndün sola,
Meyilli olmuşam həmişə sağa.

Araz Əlizadə:

Xəyalən bossundan çoxlu pul qapan,
Arzunda hüdudsuz geniş xiyaban,
Qarşında boz səhra, bərri-biyadan,
Girmək istəmisən həmişə bağa.

Pənah Hüseynov:

Mən öz ideyamla müdrik bir şaman,
Qrantverənlərlə başlanar roman,
İndi tərəfdar da çoxalıb yaman,
Boss da pul verəcək çəkməkçün bığa.

Araz Əlizadə:

Yalandan adına müdrik deyərək,
Tərif yağdırırlar şərik deyərək,
Axırda qozuna çürük deyərək,
Səni tutacaqlar ifratlar lağa.

Pənah Hüseynov:

Araz bəy, nəsibin səfil oyanmaq,
Sənə vacib deyil qəfil oyanmaq,
İstəsən Ayazın oduna yanmaq,
Kremlə sən üz tut, çevrilib vağa.

Araz Əlizadə:

Qaçarsan, radikal bəylər bəyirsə,
Sevin, əgər səni bosslar əyirsə,
Məni Mütəllibov dəstəkləyirsə,
Çalış sən xarici qrantlar tıxa.

Pənah Hüseynov:

Daimi qapazla neyləyəcəksən?
Kremldə Ayazla neyləyəcəksən?
Bilmirəm, sən azla neyləyəcəksən?
Mən isə ümidi bağladım çoxa.

Araz Əlizadə:

Sənin ideyanda kəsər görünmür,
Sizdən cəmiyyətə xətər görünmür,
Məndə də aclıqdan əsər görünmür,
Pənah, bənzəmirsən, sən özün toxa.

Pənah Hüseynov:

Özgə ayağına düşüb sanki çul,
Qrant qazanmaqda yeganə üsul,
Bərəkətli olsun boss verdiyi pul,
Atalar demişkən, min lənət yoxa.

Araz Əlizadə:

Bir zaman soveti yıxan kütlələr,
Sizə yuxarıdan baxan kütlələr,
Axışıb mitinqə çıxan kütlələr,
Qorx ki, boynunuzu torpağa soxa.

Pənah Hüseynov:

Zəhləm gedir, deyim mən kəsə, səndən,
Gəlmədi bir xeyir heç bizə səndən,
Moskvada Ayaz gizlənsə səndən,
Özün qorx qarşına skinxed çıxa.

Araz Əlizadə:

Sizi təqdir etməz heç Kuçma, əsla,
Bossun böyüründən ləng keçmə, əsla,
İnanan deyiləm, and içmə, əsla,
Bosslar dönüb sənin üzünə baxa.

Pənah Hüseynov:

Qrant qazanmamaq bəladı, dərddi,
Hər bir radikal fərd dilxordu, pərtdi,
Siyasətdə sərtlik başlıca şərtdi,
Sənin ürəyinsə fətirdən yuxa.

Araz Əlizadə:

Kimsə yaxınlaşmaz dumanda sənə,
Bel bağlamaq olar samanda sənə,
Sənin ifratların cumanda sənə,
O zaman əl atıb, cırarsan yaxa.

Pənah Hüseynov:

İfratlar xorumu təzələyəcək,
Həm qida borumu təzələyəcək,
Bosslar paltarımı təzələyəcək,
Əyində qalıbdı o köhnə çuxa.

Araz Əlizadə:

Qrant içkisi də içə bilərsiz,
Bossu da özünüz seçə bilərsiz,
Nəyə keçirsiniz keçə bilərsiz,
Ancaq çalışın ki, keçməyin mıxa.

Pənah Hüseynov:

Futbolu sevirsən, koslara qoşul,
Ayazı tərk elə, aslara qoşul,
Sən də gəl bizimlə bosslara qoşul,
Çalış ki, cibinə qrantlar axa.

Araz Əlizadə:

Tut yemək istəyən tez tuta çıxar,
Sanma ki, qrantın düz buda çıxar,
Nə İsa, Əlidən kəndxuda çıxar,
Nə də sən Pənahdan abırlı koxa,
Sənin bənzərin var əfələ, loxa.

Digər xəbərlər