PDF Oxu

Köşə

  • 5

Arif Hacıyev və Rauf Arifoğlu elektorat sorağında

Arif Hacıyev və Rauf Arifoğlu elektorat sorağında

Arif Hacıyev:

İsa Qəmbərovun gözü tox bu gün,
"Azadlıq" və "DUİ" adi lox bu gün,
Müsavatdan böyük blok yox bu gün,
Pənah da, Lalə də bizə qoşulsun,
Qoy "beş"lər, "altılar" yüzə qoşulsun,
Təzə gələnlər də təzə qoşulsun.

Rauf Arifoğlu:

İndi Müsavatda ağır durumdu,
Qurumlar özü də köhnə qurumdu,
Sağ tərəf saldırım, sol uçurumdu,
Sizlərə top-tüfəng, nizə qoşulsun.

Arif Hacıyev:

Qazanın dibinin kifi sayılmır,
Hər zəhərli ilan əfi sayılmır,
Bu gün heç bir blok kafi sayılmır,
Qoşulan mükəmməl izə qoşulsun.

Rauf Arifoğlu:

Radikallar blok gözləməyiblər,
Nə də birləşməyi tezləməyiblər,
Nə qədər ki, möhkəm bizləməyiblər,
Qoy İsa iynəyə, bizə qoşulsun.

Arif Hacıyev:

Bu gün xoş avaz da, dürr İsadadı,
Bossla bağlı olan sirr İsadadı,
Hazırda müdriklik bir İsadadı,
Kütlələr ən müdrik sözə qoşulsun.

Rauf Arifoğlu:

Qoy mənə yanaşsın bağrı danışan,
İsanı axtarsın oğru danışan,
Bizə mövqemizcə doğru danışan,
İsaya mey əhli məzə qoşulsun.
Arif Hacıyev:

Gəlməsin kimlərin ənamı yoxdu,
Güman bağlamasın gümanı yoxdu.
Gəlsin Müsavata, inamı yoxdu,
Qoy gedib dərəyə-düzə qoşulsun.

Rauf Arifoğlu:

Bizi soraqlaşıb alsın bizə yan,
Biz necə can qoyduq, qoysun o da can,
Hər bir dərrakəli qurum axtaran,
Meylini qoy çözə-çözə qoşulsun.

Arif Hacıyev:

Qoşulmayan kəsə qoy qada gəlsin,
Bizə qoşulanlar imdada gəlsin,
Mümkündür ki, elə piyada gəlsin,
O da olar süzə-süzə qoşulsun.

Rauf Arifoğlu:

Dərdli qarşılardıq dərd bilən kəsi,
Yaxın buraxmarıq hər gülən kəsi,
Biz mərd qarşılardıq hər gələn kəsi,
Gələn də bizimlə üz-üzə gəlsin.

Arif Hacıyev:

Hər gələn geyinsin bizim tək zövqlə,
Alsın Müsavatda özünü ələ,
Xanımlar qoşulsun xüsusi şövqlə,
Hər gözəl əlində bir kuzə gəlsin.

Rauf Arifoğlu:

İsanı seçənlər zurna çalacaq,
Biz necə zövq allıq, o, zövq alacaq,
Müsavata gedən tənha qalacaq,
Bizə qoşulanlar sürprizə gəlsin.

Arif Hacıyev:

Sevirik sinəyə çox döyənləri,
Biz çox pis baxarıq həm söyənləri,
Artıq götürmürük "da" deyənləri,
Gələnlər gülərək, "no", "yes"ə gəlsin.

Rauf Arifoğlu:

Qəbul eyləyərik duzla-çörəklə,
Min bir arzu ilə, min bir diləklə,
Kim gəlsə yanıma təmiz ürəklə,
O zaman mənimlə göz-gözə gəlsin.

Arif Hacıyev

Xoş olar, ilk sözdən nəhs deməsə o,
Qəbul eyləyərik pisləməsə o,
Əgər yavan çörək istəməsə o,
Kabab bişirilən şax közə gəlsin.

Rauf Arifoğlu:

İndiki Müsavat güc Müsavatı,
Demədik ki, seçsin gic Müsavatı,
Əgər bəyənməsə gec Müsavatı,
Bizdə mövcud olan tez-tezə gəlsin.

Arif Hacıyev:

Onun ifratlardan könlü qırıqsa,
İş-gücü yoxdusa, işi fırıqsa,
Əynində paltarı cırıq-cırıqsa,
Bizdən bağışlanan xam bezə gəlsin.

Rauf Arifoğlu:

Əgər sısqadırsa və canı yoxsa,
Qohumu-qardaşı, həyanı yoxsa,
Dostunun gəlməyə imkanı yoxsa,
Başqa həmkarını əvəzə gəlsin.

Arif Hacıyev:

Ağbənizə dönüb çıxsa arası,
Bizim qərargahla çoxsa arası,
Az danışmaq ilə yoxa arası,
O zaman eybi yox, gəvəzə gəlsin.

Rauf Arifoğlu:

Əgər istəyirsə tapsın kasa o,
O zaman yolunu etsin qısa o,
Zarafatı sevən insandısa o,
Eybi yox, qoy elə baməzə gəlsin.

Arif Hacıyev:

Bizə gələn insan doluxubdusa,
Əgər sir-sifəti soluxubdusa,
Olmayan qripə yoluxubdusa,
Qayıtsın, beləsi mərəzə gəlsin.

Rauf Arifoğlu:

Qoy gəlsin tələsik İsanı yıxsa,
Gəlməsin Əlidən, Lalədən qorxsa,
Əjdaha blokdan qorxusu yoxsa,
Onu ilan yesin, kələzə gəlsin.

Digər xəbərlər