PDF Oxu

Köşə

  • 12

“MBH" lideri Müsavat başqanını qalmaqal yaratmaqda qınayıb

“MBH" lideri Müsavat başqanını qalmaqal yaratmaqda qınayıb

Lalə Hacıyeva:

İfratlar bir yerə yığışan zaman,
Biri-birisilə boğuşan zaman,
Yeni təklifimi bildirdim haman,
Dedim sizin üçün bir plan cızım,
Geniş koalisiya yaratmaq lazım,
Buna hər qurumda olardı lüzum.

İsa Qəmbərov:

Zərbə bəd toxumu səpənə dəysin,
Qoy zərər sənin də küpənə dəysin,
Sənin koalisyan təpənə dəysin,
Bu cür qurumlara bir çürük qozum.

Lalə Hacıyeva:

Parlamentə seçkilərdə var bir hədd,
A Qəmbərov, qalmaqalı az törət,
Gəl biz olaq parlamentə namizəd,
Sonra siyahıdan adını pozum.

İsa Qəmbərov:

Müsavatı rəqib sən sanmamısan,
Bizimlə üsullu dolanmamısan,
Radikal gücümə inanmamısan,
Yəqin azalıbdı, əlimdə duzum.

Lalə Hacıyeva:

Qurum daxilində alim bitirsin,
Ziyalı kəslərdən ibrət götürsün,
Bura jurnalistlər təşrif gətirsin.
Gənclər də əlimdə olsun bir tuzum.

İsa Qəmbərov:

Lalə, önün dikdir, arxan uçurum,
Həm də pisləşibdi səndəki durum,
Sözsüz, zay çıxacaq dediyin, urum,
Necə olacaqdır o zaman yozum?

Lalə Hacıyeva:

Bizim Müsavatı götürmür gözün,
Koalisiyadan başqa yox sözün,
Boss vəsaitindən məhrumsan özün,
Qrant yeməkdədi evimdə tazım.

Lalə Hacıyeva:

Əyləşməkçün yüksək post axtarırsan,
Özünə sən arxa, dost axtarırsan,
Gedib Avropada boss axtarırsan,
Bizə kömək etmir heç adi Kazım.

İsa Qəmbərov:

O yox pullarından yatıracaqsan,
Siyasi meydanı batıracaqsan,
A Lalə, kürsüdə oturacaqsan,
Artıb-çoxalmaqda başımda dazım.

Lalə Hacıyeva:

Heç nədən sən eli-elə çalxadın,
Bütün ifratları, selə çalxadın,
Sən ki, radikalı belə çalxadın,
Bəlkə özüm sənə bir qrant yazım.

İsa Qəmbərov:

Bloka birləşmək sənə asandı,
Sənə inananlar oduna yandı,
Sanma ki, təklifin ürəkaçandı,
Sənin liberalın mənim bir qazım.

Lalə Hacıyeva:

Soluxmaz təzə-tər bir lalə gülü,
Başına tökmüsən əlinlə külü,
Bəmə çevrilibsə səsimin zili,
Elə düşünmə ki, qazım azalıb.

İsa Qəmbərov:

Bossları üstündə kürk etməkdəsən,
Gedişini belə bərk etməkdəsən,
Artıq siyasəti tərk etməkdəsən,
Bəlkə məzarını əlimlə qazım.

Lalə Hacıyeva:

Siyasi meydanı sərt bulandırdın,
Özün də çox saxta qəlp bulandırdın,
Elə vulqarlaşıb qəlb bulandırdın,
Az qaldım qaytarıb yoluna qusum.

İsa Qəmbərov:

Sevilmirsən vuruş gətirdiyinçün,
Əvəzə üç quruş gətirdiyinçün,
Bir qədər çox duruş gətirdiyinçün,
Səni çığırdaraq alardım rüsum.

Lalə Hacıyeva:

Kəndirin nazilib ipə dönübdü,
Qarın ağrıların köpə dönübdü,
Siyasi mal-qaran çöpə dönübdü,
Liberal yoncadan yeməkdə quzum.

İsa Qəmbərov:

Müsavat başqanı İsadı adım,
Təkəbbür göstərib qübarlanmadım,
Elə bir enişə yuvarlanmadım,
Sanma ki, önündə utanım, mısım.

Lalə Hacıyeva:

Dözmədim, qapalı qutunda olsam,
Duruş gətirməzdim, şotunda olsam,
Çəkinsən yaxşıdı, qadın da olsam,
Lazımi yerinə sancılar pazım.

İsa Qəmbərov:

Səni suçlamıram qəbahətimdə,
Ortaq da deyilsən cinayətimdə,
Yüksək zirvə tutdum siyasətimdə,
Səninçün əlçatmaz adicə tozum.

Lalə Hacıyeva:

Səndən müsbət xəbər "Trend" də vermir,
İndi Müsavatın konsert də vermir,
Sənə qrantverən bir sent də vermir,
Ardıcıl gəlməkdə davamlı ruzum.

İsa Qəmbərov:

Kütlələr mitinə, səs-küyə qalxsın,
Mitinqlər, yürüşlər lap göyə qalxsın,
"MBH"-n siyasi zirvəyə qalxsın,
Mənsə qrant üçün xəlvətdə pusum.

Digər xəbərlər