PDF Oxu

Köşə

  • 25

Hanı köklü bir əsərin sənin?...

Hanı köklü bir əsərin sənin?...
Artıq neçə vaxt idi ki, bu yazını yazmaq üçün fürsət axtarırdım. Gah işlər gətirmirdi, gah da ki, istədiyim an yetişmirdi ki, "işimi bitirim". Mən deyəndə ki, keçən əsrin səksən-doxsanıncı illərindən sonra düzəməlli bir yazıçı tanımıram ki, onun əsərləri əl-əl gəzsin, ev-ev dolaşsın, bəzi yoldaşlar məni "top ağzına qoyub" aralıq dənizinə atmaq istəyirlər. Amma nahaq yerə. Çünki məni top ağzına qoyub dənizə atmaq istəyən gərək əvvəlcə qabağıma, el-oba sözüylə desəm, bizim redaksiyanın o tayında, yəni sümüklərinin harada olub-olmadığı, hətta 1918-ci ildə Ağcaqum çölündə ingilislərin əlindən qaçıb hara əkildiyi belə məlum olmayan Stepan Şaumyanın keçmiş heykəlindən bir köynək aralıda yerləşən Yazıçılar Birliyinin binasından təzə nəslin əməlli-başlı bir yazısını bayıra çıxarıb, mənə göstərsin. Ondan sonra məni ya Aralıq dənizinə atar, ya da Qara dənizə. Bu, onun müstəsna işidir. Amma məsələ burasındadır ki, artıq suyu qurumuş, ancaq buklet şəklində "əsərləri" çap olunan həvəskar yazıçı və şairlərin girib-çıxdığı o binadan hamının oxuduğu və sevdiyi, aləmə səs salan yazıçı və şair çıxarmaq heç mümkün deyil. Suyu qurumuş bir dəyirmandır e, bu bina!
O binanın rəhbəri də Azərbaycan ədəbiyyatının iyirminci əsrdəki ən görkəmli simasıdır ANAR. Azərbaycanda Anar adının ilk daşıyıcısı, "Beşmərtəbəli evin altıncı mərtəbəsi" və "Ağ liman" kimi əsərləri ilə Azərbaycan ədəbiyyatına damğasını vuran, Rəsul Rza və Nigar Rəfibəylinin davamçısı olan BÖYÜK YAZIÇI! Burası belədir.
Amma mən həmin o Yazıçılar Birliyinin qarşısındakı "Sahil" bağında Azərbaycan ədəbiyyatında nəhəng bir simanı da gəzişən görürəm çox vaxt. Gözəl roman və povestləri ilə, yalançıların sözü olmasın, yüzlərlə mənim kimi kənd uşaqlarının gözəl röyalarına, arzularına qanad verən, onların gözünü cəmiyyətə açan, biz kənd uşaqlarının sevimli arzularının generatoru olmuş ƏKRƏM ƏYLİSLİDİR o!
Onu çox zaman "Sahil" bağında çox sadə, sadə olduğu qədər də, əsil yazıçıya xas görkəmdə görürəm. Azərbaycan ədəbiyyatının ən mükəmməl simalarından biri olan, keçən əsrin 70-80-ci illərində dərin düşüncəli, sovet ideologiyasına qarşı incə və tutarlı roman və povestləri ilə ədəbiyyatımıza yeni nəfəs gətirmiş "Gilas ağacı", "Dağlara çən düşəndə", "Atalar və atasızlar", "Mənim nəğməkar bibim", "Adamlar və ağaclar", "Kür qırağının meşələri", "Bu kənddən bir qatar keçdi" kitablarının müəllifi. Lap son dəfə isə "Ətirşah Masan"ı yazdı. Bəzən onu bağda əlində hansısa bir bağlama gəzişən görəndə, fikirləşirəm ki, mən qızıl kimi anlar yaşayıram. Yüz illər, min illər bundan əvvəl olduğu kimi, bir sabah bu insanı da bir daha həyatda görməyə bilərəm. Bu, bir həyatdır və o sifarişlə işləmir...
Mən bu yazını niyə yazıram? Ona görə ki, yuxarıda adlarını çəkdiyim, Azərbaycan ədəbiyyatının bir-biri ilə yola getməyən iki nəhəng siması, hələ ki, özlərindən sonrakı ədəbiyyat barədə hələ HEÇ NƏ QOYUB GETMİRLƏR! Bu, bir faktdır və bunu heç kim, hətta son dərəcə hörmətli Anar və Əkrəm Əylisli də dana bilməzlər. Onları çox sevirəm, AMMA HƏQİQƏTİ ONLARDAN DAHA ÇOX SEVİRƏM. Elə özümüz-özümüzü aldatdığımızdandır ki, bizim ictimai təfəkkürümüz bu durumdadır. Heç bir mübahisə etməyin, fakt budur. Əgər ədəbiyyat cəmiyyətin güzgüsüdürsə, bizim mənə məlum olmayan, həvəskar "şair və yazıçılar"ın yer aldığı ədəbiyyatın indi nəyi və hansı güzgünü əks etdirdiyi də bir "sirrdir". Nə deyəcəklər, bu adamlar gələcək əsrlərin insanlarına? Deyəcəklər ki, yox biz bir-birimizi bəyənmirdik, qəbul etmirdik deyə, başımız nüfuz dairələrini həll etməyə qarışmışdı. Vallah, çox çətin məsələdir ədəbiyyatımızın məsələsi. Sadəcə olaraq, biz bunları, ona görə deyirik ki, uman yerdən küsərlər! Sabah, daha doğrusu, onilliklərdən sonra gələcək nəsillər ədəbiyyatımızın vəziyyətini müzakirə edəndə, Əlidən-Vəlidən, nə bilim bazarda kartof-soğan satan, kənd-kəsəkdə mal-qoyun otaran Pirvəlidən və yaxud da xaricdən məhsullar gətirib satan "biznesmenlərdən" soruşmayacaqlar bunu. İndi mənə durub Yazıçılar Birliyinin jurnal və qəzetlərində çap olunan "hekayə və romanları" göstərəcəksiniz və deyəcəksiniz ki, ay filan-filan olmuş Mətləb, sən ədəbiyyat oxumursan deyə, bilmirsən ki, yeni-yeni yazıçı və şairlərimiz var. Amma vallah, etməyin-eləməyin əziz müsəlman qardaşlarım. O vaxt Səməd Vurğun, Cəfər Cabbarlı, Mikayıl Müşfiq, Hüseyn Cavid, onlardan sonrakı və əvvəlki böyük yazıçı və şairlərimiz İnternet saytlarında reklam olunmurdular, şəkilləri hər yeri bəzəmirdi ki. Yəni demək istəyirəm ki, O KİŞİLƏRİN REKLAMI yox idi ki, yazıları, əlyazmaları əl-əl gəzirdi. O dövrdə adam olub cəmiyyətə çıxmaq üçün, dünyagörüşünü yüksəltmək üçün, demək olar ki, hamı ƏDƏBİYYATA üz tuturdu. Adını çəkdiyim və çəkə bilmədiyim nəhəng yazıçı və şairlər cəmiyyət üçün ƏLÇATMAZ idilər. Təkcə onların ad və soyadlarının baş hərfləri belə yüz vəzifəlinin və karlı-imkanlının qüdrətindən, pul-parasından qat-qat yuxarıda dururdu. Düzdür, deyə bilərsiniz ki, o vaxt, daha doğrusu, sovetin 70-80-ci illərində bir yazıçının təkcə bir kitabına görə aldığı qonorar Bakıda ev almağa, ən bahalı maşınlar əldə etməyə bəs edirdi. Orası elədir. Bax, həmin vaxtda da ədəbiyyat qəzet və jurnalları var idi, indi də var. Amma fərq odur ki, 70-80-ci illərdəki kimi, "Ədəbiyyat" qəzetini, "Ulduz" jurnalını indi əl-əl almırlar, bu qəzet və jurnallar ev-ev gəzmir mənim əzizlərim, vallah, gəzmir. İndi dövlət ədəbiyyatın inkişafı üçün kifayət qədər pul ayırır, bəli, ayırır. Artıq o başqa məsələdir ki, bu pulu kim və necə xərcləyir? Bəs hanı nəticə? Yoxsa İnternet klubları gənclərimizi işğal edib, ədəbiyyatımızı üstələyiblər? Hə, bax, deyəsən, yüz faiz belədir. Lap zəmanə yüz dəfə dəyişsə də, müasir texnologiyalar ailə-məişətimizə qədər soxulsa da, qulağı sırğalı, qızfason böyüyən, mavi estrada "ulduzlarının" fanatı olan gənclərimizin bu günə düşməsində ədəbiyyatın, yox-yox, olmayan müasir ədəbiyyatın çox böyük günahı var, əziz müsəlmanlarım!

Digər xəbərlər