PDF Oxu

Köşə

  • 10

ADP və “Ümid” yeni blok yaratmaq istəyir

ADP və “Ümid” yeni blok yaratmaq istəyir

Sərdar Cəlaloğlu:
Qüvvətli də, lox da birləşməlidi,
Azlıqlar da çox da birləşməlidi,
Hamı bir blokda birləşməlidi,
Bu zaman zərər də cüzi, az olar,
İfrat radikalın kefi saz olar,
Boss ayağı altda xəkəndaz olar.

İqbal Ağazadə:
Birləşməz radikal çox qələt eylər,
Blokda birləşən şəfaqət eylər,
Beş-altı partiya kifayət eylər,
Tezliklə qış çıxar, gözəl yaz olar.

Sərdar Cəlaloğlu:
Müsavat bloka girmək istəmir,
İqbalın əlindən dürmək istəmir,
İsa da İqbalı görmək istəmir,
Qorxur "Ümid" ona böyük paz olar.

İqbal Ağazadə:
İsadan da böyük bir bit bəsimdi,
Ya çox duzlu olsun, ya şit, bəsimdi,
Müsavat rədd olsun, "Ümid" bəsimdi,
O, bizimlə olsa, nataraz olar.

Sərdar Cəlaloğlu:
Pənaha xoş gələr qarpız seçkisi,
İlanxislətliyə yarpız seçkisi,
Tezliklə yetişər payız seçkisi,
Birləşsək, səsimiz xoş avaz olar.

İqbal Ağazadə:
Dönüb liberala İsa tuş olar,
Təklikdən çevrilib o, bayquş olar,
Blokda işimiz onsuz xoş olar,
Elə işimiz də yağlı maz olar.

Sərdar Cəlaloğlu:
Sevinib-gülməsək, uduzacağıq,
Vəhdətə gəlməsək, uduzacağıq,
Birlikçün ölməsək, uduzacağıq,
Dönüb adımız da adi qaz olar.

İqbal Ağazadə:
Evə aparmazlar masa girməsə,
Mən girrəm bloka İsa girməsə,
Vallah, aramıza tasa girməsə,
Milli musiqi də dönüb caz olar.

Sərdar Cəlaloğlu:
Birləşə bilməsək, pulsuz qalarıq,
Yeməksiz, içməksiz, susuz qalarıq,
Bossların önündə aciz qalarıq,
Qrant verənlə də vədəbaz olar.

İqbal Ağazadə:
İsa iş görəcək "Yurd" Əli ilə,
Çaqqal da iş görər qurd əli ilə,
Bizləri yıxarlar mırt əli ilə,
Yıxan da İsa tək ədəbaz olar.

Sərdar Cəlaloğlu:
Bloksuz radikal ərp, kif olardı,
Birlik yaratsaydıq, lətif olardı,
İsasız qurum da zəif olardı,
Tənha fəaliyyət də çox dayaz olar.

İqbal Ağazadə:
Qoy batsın İsa bəy dərin qəmə ki,
Tuşlansın qəlbinə xəncər, qəmə ki,
Bloka girməsin, cəhənnəmə ki,
Boss ayağı altda bir palaz olar.

Sərdar Cəlaloğlu:
İsa "Azadlığ"a girmək istəmir,
Bostanından məhsul dərmək istəmir,
"VİP"-i, "MBH"-ni görmək istəmir,
Deyir "Yurd" əlimdə bir cihaz olar.

İqbal Ağazadə:
Hələ yaranmamış cəhl, qalmaqal,
Blok ətrafında bir yığın sual,
İsanı sevənlər adi liberal,
Əlini sevənlər eşqbaz olar.

Sərdar Cəlaloğlu:
Sevgi məhəbbətin gur, həddi vardır,
İşığın ziyası, nur həddi vardır,
Kinin, nifrətin də bir həddi vardır,
Demirik bu həddə işvə-naz olar.

İqbal Ağazadə:
Çoxluq çox bəyənir ilkin sıxlığı,
Hamı inkar edir çirkin sıxlığı,
Artarsa baş üstdə tükün sıxlığı,
İsa da, Əli də keçəl, daz olar.

Sərdar Cəlaloğlu:
Radikal başlarda duman olarsa,
Lider kəlləsində saman olarsa,
Hamının içində hamam olarsa,
Orda duş çox olar, qırıq taz olar.

İqbal Ağazadə:
Gərək ki, biz qoyaq bir yerə sözü,
Heç zaman üzməyək ümidimizi,
Nikbinlər bloka girərlər, düzü,
Bədbinlər boynunda nal, qotaz olar.

Sərdar Cəlaloğlu:
Yaşı ötən kəslər gedib dul alsın,
Siyasi zəvzəklər qoşa çul alsın,
Bizə qoşulanlar bossdan pul alsın,
Qoşulmaz başlara kül, qapaz olar.

İqbal Ağazadə:
Bizimdi boss verən həyat kassamız,
O, bizimçün olar imdad kassamız,
Bütün dünya olsun qrant kassamız,
Bədxah kassaları tək Qafqaz olar.

Sərdar Cəlaloğlu:
İsa ayaqlasın daim yaş çəmən,
Əlinin məkanı cılxa daş çəmən,
Bədxahın ayağı altı boş çəmən,
Bizimki boss verən zər atlaz olar.

İqbal Ağazadə:
Ay Əli, ay İsa, usan, az çarpış,
Tikə bilməzsiniz bizlərə papış,
Ey aqil radikal, blokdan yapış,
Nə qədər ürəkdə tutum, qaz olar.

Digər xəbərlər