PDF Oxu

Köşə

  • 34

Kim dəmir Pələngdən nə umur?

Kim dəmir Pələngdən nə umur?

Sərdar Cəlaloğlu:
Pələng hərb, inqilab gətirəcəkdir,
Bizlərə ərməğan yetirəcəkdir,
Onu bağımızda bitirəcəkdir,
Pələng radikala verər od-alov,
Tutub əlimizdə qüdrətli tilov,
Düzəldə bilərik kütlədən biz ov.

Zərdüşt Əlizadə:
Xalqını, milləti arxa bilməyən,
Yaşam qanununu cılxa bilməyən,
Öküz buynuzuyla qalxa bilməyən,
Vallah, ömrü boyu gəmirər cilov.

Sərdar Cəlaloğlu:
Yeni il ərzində dəyişər durum,
Gedər aralıqdan dərin uçurum,
Birləşər bizlərlə yüzlərlə qurum,
Qrant yaradarıq, nuş edib plov.

Zərdüşt Əlizadə:
Radikal muğamda rast da köhnədi,
Banan köhnə, ananas da köhnədi,
Burda hamam köhnə, tas da köhnədi,
Hər biri xaricə, bosslara girov.

Sərdar Cəlaloğlu:
Bizim radikallar olar düz ilqar,
Bosslar başımızdan tökəcək dollar,
Tab gətirə bilməz nə Kəpəz, Qoşqar,
Radikal təzyiqdən dağılar Murov.

Zərdüşt Əlizadə:
Radikal qurumlar artıq iflasda,
Heç kəs edə bilməz sizi xilas da,
Deşilmiş səbətdən düşməz gilas da,
Sizə danışmağa qalacaq söz-sov.

Sərdar Cəlaloğlu:
Nümayiş arzular, diləklər kimi,
Üsyan edəcəyik nəhənglər kimi,
Zaman güc veribdi pələnglər kimi,
Bizim radikallar əsil lovdur-lov.

Zərdüşt Əlizadə:
Süqut radikalı haqlayıb qəfil,
Qarışqa radikal olmayacaq fil,
Bosslar quyruğunda sürünməklə, bil,
Real gerçəkliyə gəlmək olmaz dov.

Sərdar Cəlaloğlu:
Meyl etdik çaxıra, pivəyə doğru,
Baxdıq eşşək üstdən dəvəyə doğru,
Həmişə baxmışıq zirvəyə doğru,
Bizi qorxutmamış, əsla, qar, qırov.

Zərdüşt Əlizadə:
Xaric quyruğundan düzəlməz aslan,
Kütləyə lazımmı məhsulsuz bostan?
Dediniz tullanmaq asandan asan,
Çox enli olsa da, qazılmış qanov.

Sərdar Cəlaloğlu:
Radikalı açıq alın sayarıq,
Qrantı gur axan pulun sayarıq,
Biz onu 10 dəfə qalın sayarıq,
Nazik olsa belə xalçadakı xov.

Zərdüşt Əlizadə:
İflas yollarında saça düşüb dən,
İfrat mövqelilər geyməkdə kəfən,
Öyünmə üstündən atılmamış sən,
Axı həddən artıq çox enlidi nov.

Sərdar Cəlaloğlu:
Qəfil hücum olsa, vurarıq onu,
Radikal yıxılsa, qurarıq onu,
Pələngin gücüylə qırarıq onu,
Polad tək olsa da çox möhkəm buxov.

Zərdüşt Əlizadə:
Başımız həm qalda, qadada belə,
Radikal qurumlar xatada belə,
Piket baş tutmazdı adada belə,
Sizə verilsəydi o bütöv Çilov.

Sərdar Cəlaloğlu:
Xaricdən almaqda bizlər düşüncə,
Bir radikal belə çəkilməz küncə,
Küçə yürüşünə çıxmazdan öncə,
Küçə-meydanlara çəkərik qaşov.

Zərdüşt Əlizadə:
Heç bir dialoqa girməsəniz də,
Qrantla xoş ömür sürməsəniz də,
Gözlüykən bunları görməsəniz də,
Bunu görməkdədi tamam kor, qaroy.

Sərdar Cəlaloğlu:
Bizlər çox çıxardıq nahaq pəstahlar,
Xeyli azalıbdı indi dəstəklər,
Ucalıq olsa da arzu-istəklər,
Radikallar içrə çoxdu gödək boy.

Zərdüşt Əlizadə:
Şahidi olmamış reallıq, gərdiş,
İfrat keçirməsin vahimə, təşviş,
Radikal görübmü lüzumlu bir iş?
Bəs nəyə lazımdı haray, hoyduhoy?

Sərdar Cəlaloğlu:
Xarici bosslardan boss ararıq ki,
Elə gərginliyə biz vararıq ki,
Ucadan o həddə qışqırarıq ki,
Bizlərə heyrətlə baxar Mərənd, Xoy.

Zərdüşt Əlizadə:
Nahamar divarlar hördüyünüzçün,
Daim pis-pis işlər gördüyünüzçün,
Çoxlu yalan vədlər verdiyinizçün,
Aldanan kütlələr tutacaqdı toy.

Sərdar Cəlaloğlu:
Bizim radikallar olmamış səy, gic,
Pul alıb bığ altdan gülərik bic-bic,
Təki qrant versin bizlərə xaric,
Qazarıq, desələr iri xəndək roy.

Zərdüşt Əlizadə:
Həzz alıb qollardan, baxın futbola,
Etiraz edərək çökməyin pola,
Narıncı çadırlar tökməyin yola,
Yoxsa polis deyər: idi, meydan moy.

Digər xəbərlər