İsa Qəmbərov:
Biz çəkə bilmədik közü il boyu,
Cırıb asdığımız bezi il boyu,
Öküz buynuzladı bizi il boyu,
İndi üstümüzə gəlməkdə Pələng,
Kənardan baxanda özü çox qəşəng,
Ancaq hər həmləsi qorxunc, həm nəhəng.
Əli Kərimov:
Bosslar vermədilər bizə quruş da,
Gətirə bilmədik azca duruş da,
Öküz təklif etdi bizə vuruş da,
Çiyində deşildi yükümüz səhəng.
İsa Qəmbərov:
Getmədi başımız üstündən duman,
Belə çətinliyi etməzdik güman,
Bizləri Öküz də etdi imtahan,
İlk günlər Pələng də etməkdə diltəng.
Əli Kərimov:
Öküzə etmədik meyil, deyəsən,
Seçkilər bizimçün deyil, deyəsən,
Olmadıq heç zaman ceyil, deyəsən,
Bizi qorxudurdu adi bir fişəng.
İsa Qəmbərov:
Heç vaxt yaraları sarıtmamışıq,
Qəfil içimizi arıtmamışıq,
Elektoratı da yarıtmamışıq,
Elə kütləni də eyləmişik dəng.
Əli Kərimov:
Can da verməmişik dostun xətrinə,
Qırğın törətmişik postun xətrinə,
Girişdik bu işə bossun xətrinə,
Atdı qarşımıza çay daşları, səng.
İsa Qəmbərov:
20 il meydanda saçı çal etdim,
Bu yolda özümü halbahal etdim,
Milli Müsavatı liberal etdim,
Həmkarlar üstümə çəkdilər tüfəng.
Əli Kərimov:
Keçmiş bir əfsanə, nağıldı, getdi,
Sürüm yad əllərdə sağıldı getdi,
Felimdən cəbhə də dağıldı getdi,
Mənsə meydanlarda sındırıram əng.
İsa Qəmbərov:
Eşşək arısı da pətək vermədi,
Bosslar da bezikib ətək vermədi,
Xaric mütəmadi dəstək vermədi,
Onların xörəyi dad verir turşəng.
Əli Kərimov:
Bizdən üz döndərdi Tanrı, Xalıq da,
İtib batmaqdayam mən aralıqda,
İndi oturmuşam xarabalıqda,
Səsim xırıldayır, nəfəsim də təng.
İsa Qəmbərov:
Əlini saymışdım mən əsil mələk,
Tutdum Mirmahmudu üstün cəbhə tək,
Üstümdən əsməkdə qasırğa, külək,
Mənim bu halıma gülür rus, firəng.
Əli Kərimov:
Bosslar problemi çözmək istəmir,
Pul payını qoşmaq-düzmək istəmir,
Həmkarlar da mənə dözmək istəmir,
Rəqib yox ki, edəm mən onunla cəng.
İsa Qəmbərov:
İndi bəyənmirlər heç curlar məni,
Hacıyam, sevməyir gavurlar məni,
Lider tək görmürlər şil, korlar məni,
Son vaxtlar işlərim getməkdədi ləng.
Əli Kərimov:
Dəmim də gətirmir, dəmə güvənim,
Məcburam kədərə, qəmə güvənim,
Sadiq həmkar yoxdu, kimə güvənim?
Başıma qoyan yox adi bir çələng.
İsa Qəmbərov:
Çömçə timsallıyam, loşkan olmaram,
Sonuncu istinad toçkan olmaram,
Yekdil iradəylə başqan olmaram,
Artıb Müsavatda çoxsaylı tüləng.
Əli Kərimov:
Təsir eyləməkdə mənə cadular,
Adım partiyada yad tək tutular,
Məni də kürsüdən atmaqdadılar,
Atıblar üstümə çoxlu çirk, əhəng.
İsa Qəmbərov:
Canımız ətdəndi, deyildir dəmir,
Səni də, məni də çaqqallar yenir,
Ay Əli, ay İsa get, dirsək gəmir,
Bəsdir, uzun illər danışdın cəfəng.
Əli Kərimov:
Aparar min səmtə qatarlar bizi,
Satqın cərgəsinə qatarlar bizi,
Zibil qutusuna atarlar bizi,
Bosslara etsək də yüz şikayət, zəng.
İsa Qəmbərov:
Biz qala bilmədik hüdudumuzda,
Bizə qənim qara buludumuz da,
Bezdirib hamını sükutumuz da,
Qatsaq da biz ona min çalar, min rəng.
Əli Kərimov:
Bizi uzaqlara aparır axar,
Kütlə arasında olduq zəlil, xar,
Bizləri ediblər qanundankənar,
Biz ona versək də, qanuni ahəng.
İsa Qəmbərov:
Meydana yığanda neçə min adam,
Dedik, kütlələrin canına qadam,
Çox saqqız çeynətdik kütləyə müdam,
İndi çeynəyərik tiryək, nəşə, bəng.
Əli Kərimov:
Bir müddət yaşadıq əsil bəy, xan tək,
Bosslara sırındıq varlı, kalan tək,
Çaldıq kütlələri əqrəb, ilan tək,
Bizə qənim oldu sağalmaz xərçəng.