Mirzə Qərənfil:
İstefa verməyi İsa yubatdı,
Siyasi varisi, bizcə, Qubaddı,
Deyirlər bu adam qurumu satdı,
Müsavat İsanı pisləyir yaman,
Çoxusu get deyə bizləyir yaman,
Onlar yeni sədr gözləyir yaman.
İsa Qəmbərov:
İrəli sürübdü üzvünü Divan,
Qubad İbadoğlu olacaq başqan,
Mən başqan deyiləm daha bu andan,
Məni bədxahlarım izləyir yaman.
Qubad İbadoğlu:
Mən Divan üzvüyəm, Qubaddı adım,
Sədrçün pis adam, əsla, olmadım,
Mənə nə kim kişi, kimlərdir xadım,
İsa başqanlığa səsləyir yaman.
İsa Qəmbərov:
Bizim Müsavata aşiqsən özün,
Divanda ən uzun qaşınsan özün,
Həm çox səliqəli, həm şıqsan özün,
Bədxahlar ardınca bəd deyir yalan.
Qubad İbadoğlu:
Ay İsa, sən məni başqan elan et,
Sonra üsulluca istefaya get,
Bossların yanına gedib dil-dil öt,
Dostlar budağını çox əyir, yaman.
İsa Qəmbərov:
İqtisadiyyatıdır sənətin sənin,
Yoxdur bu sahədə qiymətin sənin,
Nisbətən yaxşıdır səhhətin sənin,
Əgər xəstəsənsə, tez bəyir, yaman.
Qubad İbadoğlu:
Deyir başqanını danana lənət,
İnəyin qısırsa, danana lənət,
Xəyanət edirsə, canana lənət,
Bu yerdə deməli bir şeir yaman.
İsa Qəmbərov:
Xətrini istərəm dünyalarca mən,
Başqan da, edərəm düşüb borca mən,
Şütüyə bilmirəm, bəlkə, sayca mən,
Ancaq verəcəyəm mən xeyir yaman.
Qubad İbadoğlu:
Aldım müdriklərdən elmi, dərsi mən,
Gəzdim başqanımla cümlə ərzi mən,
Əzbərdən bilirəm düzü-tərsi mən,
Atırlar yolumun üstə tir yaman.
İsa Qəmbərov:
A Qubad, gözünün yaşını qurut,
Nifrinlə lənəti bilmərrə unut,
Hamının yanında başını dik tut,
Axıtma alnından qətrə tər yaman.
Qubad İbadoğlu:
Qolum qırılanda, qanadım oldun,
Mənə başqan dedin, həyatım oldun,
Siyasət elmində ustadım oldun,
Çoxları atıbdı mənə şər yaman.
İsa Qəmbərov:
Birtəhər dəyirsən, Qubad, gözünə,
Baxsaydın həmişə mənim sözümə,
Mən varis edərdim səni özümə,
Mənə gəc baxmaqda bir nəfər yaman.
Qubad İbadoğlu:
Əzizim olarsan, başqan seçilsəm,
Daim öyünərdim, çuşqan seçilsəm,
Qazanc gətirərdim, toçkan seçilsəm,
Verərdim daimi bar-bəhər yaman.
İsa Qəmbərov:
Qafil gözlərinin odun yığardım,
Qrant gəlirinin şotun yığardım,
İpinin üstünə odun yığardım,
Əgər verməsəydin bol qəhər yaman.
Qubad İbadoğlu:
Məndən çox sanballı sədr olardı,
Bütün Müsavata çətir olardı,
Dünyada qalan da qədir olardı,
Bağlı qalmasaydı, min dəftər yaman.
İsa Qəmbərov:
Mən bu qənaətə özüm gəlmişəm,
Qəlbimdə mükəmməl əzm gəlmişəm,
Qubad, edib sənə təzim gəlmişəm,
Üzümü qarsmaqda mərəz, çər yaman.
Qubad İbadoğlu:
Mən bir iqtisadçı, zəyim çatışmır,
Qəmbərova bənzər bəyim çatışmır,
İşimi bilənəm, nəyim çatışmır,
Qırat xülyalıyam, qatır-xər yaman.
İsa Qəmbərov:
Başqan ordenini döşünə taxdım,
Ay Qubad, mən sənin arxınla axdım,
Spiker olarkən, keçmişə baxdım,
Xoşuma gəlmişdi Mircəfər yaman.
Qubad İbadoğlu:
Özüm Divan üzvü, adi bir bəndə,
Başqan təklifiylə salıbdı bəndə,
Xalqın deyiminə şərikəm mən də,
Arvad pis olarsa, olar ər yaman.
İsa Qəmbərov:
Hizbullahçı ollam, Livan seçərsə,
Rostova gedərdim, İvan seçərsə,
Başqan seçilərsən, Divan seçərsə,
Səni süzməkdədi o Qəfər yaman.
Qubad İbadoğlu:
Tutaydım başqanın kürsüsünü mən,
Atardım tənbəllik mürgüsünü mən,
Gözlərəm uğurlu gerçək günü mən,
Minərdim "Mersedes", at, kəhər yaman.