PDF Oxu

Köşə

  • 10

Əli Əliyev və İqbal Ağazadə müxalifətin son vəziyyəti haqda danışır

Əli Əliyev və İqbal Ağazadə müxalifətin son vəziyyəti haqda danışır

Mirzə Qərənfil:
"VİP" sədri səhvlərdən edir vəsfi-hal,
"Bizdə səmimiyyət az" deyib İqbal,
"Birliyi qorumur nədən radikal?"
"Ümid"di qaldıran səsini zilə,
Hələ də verməkdə özünü yelə,
İqbal uzun müddət duracaq belə.

Əli Əliyev:
Səhvlər müzakirə edilməlidi,
Hər biri bir cürə edilməlidi,
Sabahçün təzkirə edilməlidi,
Yoxsa radikallar dönəcək külə.

İqbal Ağazadə:
İfratlar bir yerə yığılmalıdı,
Hamısı yumruq tək sıxılmalıdı,
Ya da süqut edib dağılmalıdı,
Çevrilib dünyada ən coşqun selə.

Əli Əliyev:
Bizim işimizə qarışanlar da,
Sıramızda birgə çarpışanlar da,
İfratlar adından danışanlar da,
Bizim gücümüzü görməyib hələ.

İqbal Ağazadə:
Heç biri meydanda qalmayacaqdır,
Qələbə təbili çalmayacaqdır,
Radikal adını almayacaqdır,
Onlar bürünsə də lap ipək tülə.

Əli Əliyev:
Bəzi radikallar sapmaqdadılar,
Qrantı səmada qapmaqdadırlar,
Pul üçün qılınca çapmaqdadılar,
Çoxusu uyubdu fitnəyə-felə.

İqbal Ağazadə:
İndi ağırlaşıb hər vəziyyəti,
Bunu mən deyirəm ürəkdən qəti,
Yoxdu ifratların səmimiyyəti,
Amma sanma bundan bezib üzülə.

Əli Əliyev:
İfratlar səhvlərdən olublar səfil,
Bu səhvlər köklüdü, gəlməyib qəfil,
Bunları yaradıb nadanlıq, cəhl,
Qorxuram, səhvlərdən növbə düzülə.

İqbal Ağazadə:
Bələdiyyələrə gedəcəyik biz,
Öz marağımızı güdəcəyik biz,
Üç mini namizəd edəcəyik biz,
Bizdə həm qüvvə var, həm də əzələ.

Əli Əliyev:
Radikal xəstədi, demə, sağalıb,
Əzm, mübarizə xeyli yoxalıb,
İfratlar içində satqın çoxalıb,
Gərək hamısını tullayaq çölə.

İqbal Ağazadə:
İşlər geri gedir, olsaq da ayıq,
Biz start xəttində durmuşuq sayıq,
903 subyektdə qeydiyyatdayıq,
Agent göndərərik Muğana, Milə.

Əli Əliyev:
Partiyam "VİP" olub, adım da Əli,
Əhvalım düzəlib bura gələli,
İfratlar satqından təmizlənməli,
Sonra çıxararıq Novruzda çillə.

İqbal Ağazadə:
"Ümid"də nə qədər sağlamıq, sağıq,
Nəzərdə tutulan yerə ortağıq,
Beş-onca yer tutsaq, demək, çim yağıq,
Bizləri zirvəyə aparar pillə.

Əli Əliyev:
Qızılı lələkli tovuz kim oldu?
Atilla kim oldu, Yan Qus kim oldu?
Xaricə satılan casus kim oldu?
Niyə vurulmamış onlara sillə?

İqbal Ağazadə:
Növbəti seçkidə deputat olluq,
Gücənib-gücənib biz mandat allıq,
Qoymarıq kimlərsə edə cığallıq,
Bu zaman atmarıq heç bircə güllə.

Əli Əliyev:
Siyasət şumlanmış şırım kimidi,
Vəziyyət ünvansız forum kimidi,
"Azadlıq" dağılmış qurum kimidi,
O, bərpa edilməz bətndə döllə.

İqbal Ağazadə:
Ümid olmasa da bunlara çox da,
İfratlar olsa da, ən kəskin şokda,
Hamı birləşəcək vahid blokda,
O vaxt qurumunu bu yana hellə.

Əli Əliyev:
Düzü, yeni qurum yaratmaq çətin,
Bununçün liderlər olmalı mətin,
Hörməti də vacib bütün millətin,
Yoxdu qarşılayan bizləri güllə.

İqbal Ağazadə:
Əgər meyl eləsək biz meyə doğru,
Biz gedə bilmərik zirvəyə doğru,
Səmtimiz qrantlı qüvvəyə doğru,
Qarışqa olarıq, üzləşsək fillə.

Əli Əliyev:
Boynu yaba ilə qaşısaq əgər,
Keçmiş üsullarla yaşasaq əgər,
Biz satqın adını daşısaq əgər,
Üz-üzə qalarıq ancaq səfillə.

İqbal Ağazadə:
Əgər ki, radikal məfhumuq bu gün,
Birlik bostanında pis tumuq bu gün,
Blok yaratmağa məhkumuq bu gün,
Təəssüf, qalmışıq biz yalın əllə.

Digər xəbərlər