PDF Oxu

Köşə

  • 6

Yeni blok ya İsa-Əli, ya da Əli-Pənah-Mirmahmud birliyindən yarana bilər

Yeni blok ya İsa-Əli, ya da Əli-Pənah-Mirmahmud birliyindən yarana bilər

Mirzə Qərənfil:

Deyirlər ki, Pənah İsa, "Yurd" Əli,
Birləşmək istəyir baxıb irəli,
Çoxunun gözləri qalıb bərəli,
Əgər bundan sonra düzəlsə durum,
Birləşə bilərmi radikal qurum?
Yoxsa gözləməkdə onu uçurum?

Əli Kərimov:

Yaşamaq gücünü itirsə "QRUH",
Mütləq birləşərik biz iki guruh,
Həm də dəstəkçilər bizə verər ruh,
Həm artıq olardı hər şurum-burum.

İsa Qəmbərov:

Sərdar öz adından verib proqnoz,
Deyir "Azadlığ"a, "QRUH"-a bir qoz,
Tezliklə olacaq guya "QRUH" toz,
O zaman gözləyir bizi xalis bum.

Sərdar Cəlaloğlu:

"QRUH" dağılarsa, ADP haqqı!
Başqası yaranar, tapdamam haqqı,
Kim kimdə birləşər, bilməm nahaqqı,
Bəsdi ki, ağırdı mənə öz çulum.

Pənah Hüseynov:

Sərdardan eşitdim: Mirmahmud, Əli,
Mənə ötürübdü guya məşəli,
Şayiə mən nədi, yıxardı kəli,
Sərdarın öz yolu, mənim öz yolum.

Mirmahmud Fəttayev:

"DUİ"-nin başını buludlarda tut,
Lüzumsuz qurumu bilmərrə unut,
Pənahı, Əlini gözlər Mirmahmud,
Hələ işləməkdə yaxşı şüurum.
Lalə Hacıyeva:

Dözərəm, səsimin zili gedərsə,
Qaparam, blokdan Əli gedərsə,
Uğunub gedərəm, ölü gedərsə,
Mən heç istəmərəm, kimisə yorum.

Əli Əliyev:
Adam heyrətindən matdım çəkilir,
Sinəmin üstündən addım çəkilir,
Axı "Azadlıq"da adım çəkilir,
Niyə əsəbimi edirsiz tarım.

Əvəz Temirxan:

Su üstə yazılar Lalənin andı,
Onun dedikləri xalis yalandı,
Bu arvad cadugər, əfi ilandı,
Gördüyü işlərin hamısı yarım.

Arif Hacıyev:

Ağız dadsız olar turp olmasa,
Yeriməz maşında şurup olmasa,
Yalandan deyirlər "QRUH" olmasa,
Düşərdi belimdən guya şalvarım.

Əhməd Oruc:

"QRUH" və bloklar ölsə yaxşıdı,
"DUİ"-nin qədrini bilsə yaxşıdı,
Pənah da, Əli də gəlsə yaxşıdı,
Lazımsa ağamla durum yalvarım.

Əli Kərimov:

"Yurd"da olmamışdı nəsə itirmək,
Lazım deyil burda hay-küyə girmək,
Arzum da olmamış "DUİ"-yə girmək,
İsa ola bilər ancaq talvarım.

İsa Qəmbərov:

Mirmahmudu seçib, "Yurd"u sevmişəm,
Əli Kərimovla mırtı seçmişəm,
Vaxt da olub boz bozqurdu sevmişəm,
Gitara üstündə köklənib tarım.

Sərdar Cəlaloğlu:

"Azadlıq" belini əyib bükübdü,
İsa da, Əli də çox tər tökübdü,
"QRUH" tükənibdi, tamam çökübdü,
Bu dərdi mən necə çəkib aparım?

Pənah Hüseynov:

"DUİ"-də yüksəlləm, o, yüksəl desə,
Divarı deşərəm, əgər dəl desə,
Dərhal yüyürərdim, İsa gəl desə,
Qoşa ayaqlarım olar çaparım.

Mirmahmud Fəttayev:
Pis ollam, "DUİ"-yə rifah gəlməsə,
Qol açıb oynardım, günah gəlməsə,
Dözərdim, əgər ki, Pənah gəlməsə,
Dərhal mən Əliylə bir iş yaparım.

Lalə Hacıyeva:

"VİP" sədri blokdan lox olub gedib,
"Yurd" sədri son vaxtlar yoxalıb gedib,
A Lalə, "Azadlıq" dağılıb gedib,
"MBH"- mən nəfəs aldığım borum.

Əli Əliyev:

Liderlər üstümdə şölə olmadı,
"Azadlıq" "VİP"-imə tövlə olmadı,
"VİP"-im də onlara kölə olmadı,
Düzü, özümdə də yoxdu bir qırım.

Əvəz Temirxan:

Lalə "MBH"-də yellənir hələ,
Xəyalən göylərə millənir hələ,
Hələ oyanmayıb şellənir hələ,
Mən dərdli başımı hara aparım?!

Arif Hacıyev:

Veriblər, yeyibdi, o, qarındadı,
Xülyası yüksəliş hasarındadı,
İsa namizədlik azarındadır,
Bilmirəm mən hansı quruma varım?!

Əhməd Oruc:

Laləylə Əlinin işi şuluqdu,
Onlar lap ütəlmiş qaz tək yoluqdu,
"Azadlıq" yoxalıb, sınıq-salıqdı,
Mən tənha qalmışam, itib açarım.

Digər xəbərlər