PDF Oxu

Köşə

  • 14

Rauf İsanı qəzetindən qovur, Lalə isə “ANİF” prezidentini kuryerçilikdə qınayır

Rauf İsanı qəzetindən qovur, Lalə isə “ANİF” prezidentini kuryerçilikdə qınayır

Mirzə Qərənfil:

Rauf da günbəgün bazarı pislər,
İsada təsisçi azarı pislər,
Lalə kuryerlikdə Eldarı pislər,
İfratlar istər ki, qarışsın ara,
Küçələr, meydanlar dönsün bazara,
Kütlələr axışsın peydər bulvara.

Rauf Arifoğlu:

Qəzetim İsanın qəlbinə yara,
Mən hara, o cürə təsisçi hara?
Tutub yaxasından atdım kənara,
Dedim başqan olma gələn bahara.

İsa Qəmbərov:

Raufa 20 il mən şəfa verdim,
Nadandı, mən ona pak qafa verdim,
Qəzetdən də özüm istefa verdim,
Dedim mən gedirəm, düşmə azara.

Rauf Arifoğlu:

Qəzetə verməmiş bir qəpik belə,
İsa vura bilmir heç çəpik belə,
Qovmamış mən vurdum, beş təpik, belə,
Dedim təsisçisən sən üzüqara.

İsa Qəmbərov:

Demirəm, qəzetdə mən işçi idim,
Müsavatda sadiq keşikçi idim,
Əşşi, qeyri-rəsmi təsisçi idim,
Qoy Tanrı Raufu qoysun avara.

Rauf Arifoğlu:

İsanı qurumda atıb getmişəm,
Orada kədərə batıb getmişəm,
Axırda arzuma çatıb getmişəm,
İsanın yanından yaxşıdı bura.

İsa Qəmbərov:

Mübariz olmamaq xilas deyildir,
Bu gün Müsavatda heç yas deyildir,
Raufun getməsi iflas deyildir,
O gedib, özünü salıbdı tora.

Rauf Arifoğlu:

İsayla işləmək lap mahal oldu,
Arada didişmə, qalmaqal oldu,
O, qrant almaqçün liberal oldu,
Məndən uzaq qaçdı avro, pul-para.

İsa Qəmbərov:

Raufun dediyi səhvdi, düz deyil,
Çox adam onun tək lox, ariz deyil,
Neyləyim, o özü mübariz deyil,
Asfalt yoldan çıxıb düşübdü xıra.

Rauf Arifoğlu:

Duyuram İsanın hər təlaşını,
Pul üçün axıdar o, göz yaşını,
Rəqibçün xırdadı onun arşıneı,
Ancaq opponentlər verirlər fora.

İsa Qəmbərov:

Rauf kimilərin beş-üçü getsə,
Mərc gəlləm, qurumun az gücü getsə,
Onların lüzumsuz bürüncü getsə,
Sanarlar giriblər dibsiz bir gora.

Lalə Hacıyeva:

Qarşıdurma salmaq hünərin biri,
"ANİF" özlüyündə lap şərin biri,
Eldar Namazovsa kuryerin biri.
Qorxuram, o, qəfil yaxasın cıra.

Eldar Namazov:

Qurumda azacıq iyi qalıbdı,
Lidertək yoxalıb zəyi qalıbdı,
Lalənin meydanda nəyi qalıbdı?
O, nə verə bilər radikal xora?

Lalə Hacıyeva:

Eldar qoy tullanıb tiyana çıxsın,
Kuryerlik əməli ziyana çıxsın,
Qoy radikal olub meydana çıxsın,
O zaman çıxardı növbəti tura.

Eldar Namazov:

Mən öz əməlimlə heç pir olmadım,
Ömrümdə nə nazir, nə mer olmadım,
Heç zaman Laləyə kuryer olmadım,
Qorxuram, çox körpü vurub uçura.

Lalə Hacıyeva:

Eldar bəy deyir ki, əhli-hal olub,
Əslində, hər cəhdi tam pamal olub,
Nədənsə, o dönüb radikal olub,
Ancaq inanmıram ayağa dura.

Eldar Namazov:

Ömrümdə görmədim həyati lider,
Dəyişir ağızda hər dadı lider,
Mən bir prezident, o, adi lider,
Mən hara, "MBH" lideri hara?

Lalə Hacıyeva:

Haydı radikallar, cəld əngə çıxın,
Tez olun siz toxmaq-çilingə çıxın,
Eldarı götürün mitinqə çıxın,
Gəlməsə, biryolluq atın musova.

Eldar Namazov:

Açılıb Lalənin artıq paxırı,
Seçməkdə acizdi düzü-çuxuru,
Bu gün mitinqlərin yoxdu axırı,
Dərk etmir bunları ağbirçək dura.

Lalə Hacıyeva:

Bu gün mitinqlərdi yeganə əlac,
Ona edə bilməz biganə əlac,
Tapmazdı Eldar tək "dürdanə" əlac,
Mıxlanmaqçün ona lazımdı kora.

Eldar Namazov:

Məni unutsaydı səhv eyləyərdi,
İnanmıram bir vaxt əfv eyləyəydi,
Məkriylə o, məni məhv eyləyərdi,
O, dişi canavar, mən cavan qora.

Digər xəbərlər