Mirzə Qərənfil:
Sərdar əvvəl deyib Müsavat yanıb,
İqbal indi deyir "QRUH" dayanıb,
Sabah da deyəcək kimsə oyanıb,
Radikal səması daralır demək,
Həm də ki, çöhrəsi saralır demək,
İfrat əlaqələr qırılır demək.
Sərdar Cəlaloğlu:
Nə qədər dayanıb durmaq olar lal,
Proses uzansa pozular əhval,
Fikrində mənim tək haqlıdı İqbal,
"Bəylər" cəmiyyətdən sorulur demək.
İqbal Ağazadə:
"QRUH" liderləri ona atıbdı,
Fəaliyyətinin sonu çatıbdı,
Kimlərsə marıqda sayıq yatıbdı,
Guya yeni blok qurulur demək.
İsa Qəmbərov:
Sərdar xoş məqamda doğulmayıbdı,
Təəssüf, indiyədək boğulmayıbdı,
Müsavat, hələ ki, dağılmayıbdı,
Burada ab-hava durulur demək.
Əli Kərimov:
"QRUH" dayanıbdı hələ yerində,
Yəqin çox dayanar belə, yerində,
Sərdar, İqbal dönüb külə yerində,
Bez tək paxıllıqdan cırılır demək.
Etibar Məmmədov:
Proqnoz İqbalın əziyyətidi,
Nəhs demək Sərdarın bəd niyyətidi,
Dağılma AMİP-in vəziyyətidi,
Həmkarlar əsəbdən dağılır demək.
Lalə Hacıyeva:
Mitinqə getsəydi hər hansı qurum,
Çox möhkəm olardı radikal durum,
Aksityadan qaçan tapar uçurum,
Uğursuza damğa vurulur demək.
Mirmahmud Fəttayev:
Bizə qonaq gələn səhv addım atmaz,
İflas yuvasında heç zaman batmaz,
"Azadlıq", həm "QRUH" "DUİ"-yə çatmaz,
Cəbhə önümüzdə yarılır demək.
Çingiz Sadıqov:
"Azadlıq", "QRUH" da xata bloku,
Mümkün hər liderin bata bloku,
Ən mükəmməl blok "ATA" bloku,
Radikal əlaqə qırılır demək.
Hacıbaba Əzimov:
"VAMBP" yenidən gərək dəm olsun,
Heç də incimərəm, zili bəm olsun,
Radikal bloklar cəhənnəm olsun,
Çökənlər get-gedə sarsılır demək.
Vaqif Mahmudov:
"ACP" sədriyəm, Rəsul dalımda,
O, uzaq, mən burda qilu-qalımda,
Lider olmaq vardı istiqbalımda,
Sabiqlər köhnəlib xar olur demək.
Sərdar Cəlaloğlu:
Sanmayın İsada nur, qafa artıb,
Ətrafında ona bir vəfa artıb,
Bu gün Müsavatda istefa artıb,
Artım rayonlarda car olur demək.
İqbal Ağazadə:
Əminliklə "QRUH" çöküb demişəm,
Onun təməlini söküb demişəm,
Üstünə də əhəng töküb demişəm,
Yanlışdı quruma var olur demək.
İsa Qəmbərov:
Müsavat havası toz olsa belə,
Burada sifətlər boz olsa belə,
Sədrlik ümidi azalsa belə,
Radikal şöləsi gur olur demək.
Əli Kərimov:
Nə "QRUH" dağılır, nə də "Azadlıq",
Qəbul etməmiş bir hədə "Azadlıq",
İnanma səbəbsiz gedə "Azadlıq",
İqbalın meydanı dar olur demək.
Etibar Məmmədov:
Radikallar şıllaq atırlar demək,
O vaxt Aşqabad tək batırlar demək,
Kütlələr yatırsa, yatırlar demək,
Dallarından çıxan par olur demək.
Lalə Hacıyeva:
Mitinqlə kütləni tez yarmaq olar,
Piket cəmiyyətə bir qarmaq olar,
Gedəni mitinqlə aparmaq olar,
Getməyən kəslərə ar olur demək.
Mirmahmud Fəttayev:
"DUİ" ünvanını hər soran gəlsin,
Üşütməz bizləri lap boran gəlsin,
"DUİ"-yə xoşbəxtlik axtaran gəlsin,
Bizlərdə növbəti tur olur demək.
Çingiz Sadıqov:
Cəmiyyətə salan min şok "ATA"-dı,
Kütləyə güc verən həm tok "ATA"-dı,
Bloklar içində blok "ATA"-dı,
"Azadlıq"la "QRUH" cır olur demək.
Hacıbaba Əzimov:
"QRUH"-u əzərək toza çıxarıq,
Özümüz onlara baza çıxarıq,
"VAMBP" olaraq yaza çıxarıq,
Radikal sifətlər qarsılır demək.
Vaqif Mahmudov:
Açılır qapımız cəsur gələndə,
"ACP"-yə yaxşı məhsul gələndə,
Məni lider görər Rəsul, gələndə,
Gəlməsə, tüstümdə nur olur demək.