Mirzə Qərənfil:
Biri deyir Əli-İsa birləşir,
Hər ikisi bir blokda yerləşir,
"Ayrılır" deyən də çoxdu, bəs nə sirr?
Seçkilər öncəsi birləşmək yaxşı,
Yoxsa seçkilərə getmək tək yaxşı?
Bəlkə becərməyə beş-on lək yaxşı.
İsa Qəmbərov:
Pənah özü "DUİ"-yə bir üzv adam,
Məni də cəlb edir buraya müdam,
Səhv edər kim saysa məni xalis xam,
Bosslara mağmın yox, çox zirək yaxşı.
Əli Kərimov:
Pənaha qoşulsa, o, itirəcək,
İsa "Azadlıq"da bar gətirəcək,
Axı Mirmahmuddan nə götürəcək?
Nəhəngə yoldaş tək bir nəhəng yaxşı.
İsa Qəmbərov:
"Azadlıq" andırır Laləli xoru,
Bu yanda qurubdu Pənah bəy toru,
Pənah "ideyalar generatoru",
Əliyə mən şir yox, bir pələng yaxşı.
Əli Kərimov:
İsaya deyərdim düşməsin tərsə,
Yolunu bloka eyləsin kəsə,
Əgər o, bizlərə yaxın gələrsə,
İçərdik onunla çay pürrəng yaxşı.
İsa Qəmbərov:
Qəlb deyir Əlini ikiəlli tut,
Hər şirin təklifi bal eyləyib ud,
Mənə lazım olar Pənah, Mirmahmud,
Bossun plovundan xam xörək yaxşı.
Əli Kərimov:
Cİsa cürət edib gəlməsə yaxın,
Gələr eletorat hey axın-axın,
Olar mərkəzində İsa günahın,
O vaxt artıq ona bir xərək yaxşı.
İsa Qəmbərov:
Siyasi zirvədə mən bir mahir ov,
Hələ yad əlinə düşməmiş cilov,
Gözlərim axtarır münasib tilov,
Peysərimdə güclü bir bilək yaxşı.
Əli Kərimov:
Daim xoşlamışam gülab ətrini,
Həm də istəmişəm İsa xətrini,
Güman tez atacaq başqan məkrini,
Səhv iş görməkdənsə, gözləmək yaxşı.
İsa Qəmbərov:
Özümü zahirdə gic bildirərəm,
Həm də əsəbimi dinc bildirərəm,
Bir az bivectəhər bic bildirərəm,
İsada, Pənahda xeyli şəkk yaxşı.
Əli Kərimov:
Pənahı, "DUİ"-ni seçərsə əgər,
İsa bundan xeyli çəkərdi zərər,
Sözsüz, zər qədrini bilərdi zərgər,
Güclü qasırğadan az külək yaxşı.
İsa Qəmbərov:
Tələsik "DUİ"-yə yönəlsəm əgər,
Hopdumla sinəmin üstə çökərlər,
Məni məqsədyönlü səmtə çəkərlər,
Bu yerdə, əlbəttə, nəhs kələk yaxşı.
Əli Kərimov:
İstərik bloka rejimlə gəlsin,
İsa yekimlə yox, şeşimlə gəlsin,
Zorakılıqla yox, pişimlə gəlsin,
Min zorakılıqdan bir istək yaxşı.
İsa Qəmbərov:
Pənahın nitq deyən dili yaxşıdı,
Mirmahmudun özü ölü yaxşıdı,
Elektorat üçün Əli yaxşıdı,
Olardı o, mənə güc, dəstək yaxşı.
Əli Kərimov:
İsa tez gəlsəydi uda bilərdik,
Bələdiyyədə yer tuta bilərdik,
Sonra da yıxılıb yata bilərdik,
Yuxuda görsəydik bir mələk yaxşı.
İsa Qəmbərov:
Dünyada hamıya Tanrıdan pay var,
Hələ ki, seçkiyə düz iki ay var,
Pənahdan, Əlidən mənə nə hay var?
Yolumun üstündə bir fələk yaxşı.
Əli Kərimov:
İsa Mirmahmudu pisləsə eydi,
Sirrini Pənahdan gizləsə eydi,
Gəlib "Azadlığ"a işləsə eydi,
"DUİ"-yə tullasa bir bələk yaxşı.
İsa Qəmbərov:
20 il bihudə yatıb gedirəm,
Arzu-istəyimə çatıb gedirəm,
Pənahı kənara atıb gedirəm,
Onda görməmişəm saf ürək yaxşı.
Əli Kərimov:
"DUİ" ilanlarla dolu bir qutu,
Bəd simə köklənib Pənahın udu,
Pislə sən "DUİ"-ni, at Mirmahmudu,
Bosslar göndərəcək pul, çörək yaxşı.
İsa Qəmbərov:
Pənah gələcəksə bir zaman kələk,
Onunla Mirmahmud nəyimə gərək?
Əlinin yanına yollanam gərək,
Mənə dayanmağa bir kürək yaxşı.
Əli Kərimov:
Laləylə İsaya açdıq qucağı,
Gərək nura saçsın o, hər bucağı,
Gözlərin blokda İsa qoçağı,
Bizə pis tərlandan bir tülək yaxşı.