PDF Oxu

Köşə

  • 28

Lalə və İsa: qarşılıqlı ittiham

Lalə və İsa: qarşılıqlı ittiham

Mirzə Qərənfil:
Radikal qurumlar hayqırmaqdadır,
İşlək bloklara tay durmaqdadır,
Nəticədə bezib vay qurmaqdadır,
"QRUH" və "Azadlıq" çöküb deyirlər,
Daşı ətəyindən töküb deyirlər,
Bir az da boynunu büküb deyirlər.

Əli Kərimov:
"QRUH"-u İsadı parçalayıbdı,
Dili çox qısadı parçalayıbdı,
Özü də kosadı parçalayıbdı,
Ayrılıq toxumu əkib deyirlər.

Lalə Hacıyeva:
İsadı araya salan vəlvələ,
Odur ki, daxildə olur zəlzələ,
Başqan bizim üçün qurubdu tələ,
Bosslar onu bizə rəqib deyirlər.

Arif Hacıyev:
İsaya qoşulan böhtandı, əlbət,
Çoxları yağdırır başqana töhmət,
Bununçün Əliyə, Laləyə lənət,
Bu cür əməllərə təqib deyirlər.

Nurəddin Məmmədli:
Söz deyən kəslərlə sözə duraram,
Soxsalar qəlbimə nizə, duraram,
İsa böhtançıdı, üzə duraram,
Çox möhkəm təməli söküb deyirlər.

Əvəz Temirxan:
Gedəyin dəyirmi masaya doğru,
Kim getməz dopdolu kasaya doğru,
Meyillənmişəm mən İsaya doğru,
Möhtəşəm bir hasar çəkib deyirlər.

Əli Əliyev:
İsa barəsində düz deyir Lalə,
Müsavatdan gəlir hər şantaj, bəla,
Bizim "Azadlıq"da vəziyyət əla,
Başqan atıb bizə təpik deyirlər.

Əli Kərimov:
İsanın peşəsi təfriqə salmaq,
Bir də şəxsi qisas, intiqam almaq,
İstəyir təklikdə qələbə çalmaq,
Bizlərə göstərməz qəpik deyirlər.

Lalə Hacıyeva:
Pisləmir Əlini, bir məni İsa,
Heç zaman olmamış mədəni İsa,
Bütün radikalın düşməni İsa,
Çalır üsulluca çəpik deyirlər.

İsa Qəmbərov:
Liberal xanıma olmaqda şər bab,
Radikal durumu edibdi bərbad,
Yaxşı siyasətçi olmamış arvad,
Həm də ki, zamanı ötüb deyirlər.

Lalə Hacıyeva:
Özün məndən cavan, adın da kişi,
Yerinə yetirdin sən hansı işi?
Yerişin andırır kaftar çəpişi,
Səni kimisinə lopux deyirlər.

İsa Qəmbərov:
Yerin yox siyasət, meydan xorunda,
Qurdlar qaynaşmaqda paxıl qarında,
Taktika qurarsan gedib gorunda,
Vurur ağzında dil totuq deyirlər.

Lalə Hacıyeva:
Radikal zirvədə durmaq istədin,
Adına bir blok qurmaq istədin,
Sinənə möhür də vurmaq istədin,
Həmkarlar göstərdi topuq deyirlər.

İsa Qəmbərov:
ALP sədri tək çox cırdın sinə,
Uğur qazanmadın heç bircə dənə,
"MBH" təkliyi yeni bir tənə,
İndi də zamanın bitib deyirlər.

Lalə Hacıyeva:
Siyasətdə səs-küy salmaq istədin,
Bosslardan çox qrant almaq istədin,
Daim vahid lider qalmaq istədin,
Nüfuzun biryolluq itib deyirlər.

İsa Qəmbərov:
Cəmi bir lüzumsuz qurum yaratdın,
Elə "MBH"-nin tozunda batdın,
Axır gəlib ahıl yaşına çatdın,
Yorğunluq çöhrəni ütüb deyirlər.

Lalə Hacıyeva:
Laləyəm, gözünə sancılan bir ox,
Yaşadım-işlədim könlüm-gözüm tox,
Dırnağım miqdarda bir nüfuzun yox,
Ətrafın ağzını tikib deyirlər.

İsa Qəmbərov:
Həyatın acıdır, şirin olmayıb,
Sənə yayda belə sərin olmayıb,
Siyasi meydanda yerin olmayıb,
Adına lüzumsuz şəbih deyirlər.

Lalə Hacıyeva:
Ətrafın dağılıb tənha qalmısan,
Sinənə çox döymə, yaşa dolmusan,
Liderdin, kiçilib lap alçalmısan,
Sənin kimilərə qəbih deyirlər.

Mirzə Qərənfil:
Ay İsa, ay Lalə, dalaşma bəsdi,
Söyüşünüz gurdu, həm də həvəsdi,
Sizin yollarınız əzəldən nəhsdi,
Daim adınıza tənbeh deyirlər.

Digər xəbərlər