PDF Oxu

Köşə

  • 7

Mövqesizlik mövqe nümayişi qismində

Mövqesizlik mövqe nümayişi qismində

Mirzə Qərənfil:

Radikal cinahda min fitnə, məkr,
Hər lider deyir ki, mən Əbubəkr,
Əfsus, hər birisi bir yana çəkir,
Ancaq bu, bir qüsur sayılmır əsla.
Sədası ətrafa yayılmır əsla,
Seçkiyə hazırlıq duyulmur əsla.

Pənah Hüseynov:
Mən başa düşmüşəm əsil him-cimi,
Kim haradan vurur o sarı simi,
Edib səfərbərlik öz enerjimi,
Demərəm, radikal, öndə dur, əsla.

Əhməd Oruc:
Xarab "generator" kimə gərəkdir?
Kim sınıq-salxaqla işləyəcəkdir?
Deyənlər uduzar Pənah nəşəngdir,
Tökülmür üzündən qətrə nur, əsla.

Rauf Arifoğlu:
Vaxt gələr, qasırğa, tufan eylərəm,
İstəsəm hər sübhü mən dan eylərəm,
Siyasi meydanda bir qan eylərəm,
Bu, "Cəngi" olacaq, olmaz "Şur", əsla.

Eldar Namazov:
İfratlar içində qarın davası,
Güclənib olubdu harın davası,
Yetişib olanda burun davası,
Çıxmaz səsləri də, rəvan, gur, əsla.

Hacıbaba Əzimov:
Onların yalançı "hə"ləri vardır,
"VAMBH"-dən güclü nələri vardır?
Hər biri gözləri bərəli vardır,
Uğur yaxın gəlməz, qursan tor, əsla.

İqbal Ağazadə:
Siyasət əhliyəm, meylim yox bara,
İsalar qəlbimə vurmaqda yara,
Bəxtim dönük çıxıb, iqbalım qara,
Düzəltməz belimi, hətta gor, əsla.

Arif Hacıyev:
Dedilər seçkidi, biz yola düşdük,
Əvvəl yaxşı, sonra pis yola düşdük,
Axırda yenidən düz yola düşdük,
Tətbiq eyləmədən azca zor, əsla.

Qabil Hüseynli:
Bizim önümüzdə bədxah doludu,
Pənah ideyası, kamil, uludu,
Yolumuz qəmbərli İsa yoludu,
Düşüncələrimiz deyil dar, əsla.

Nurəddin Məmmədli:
İsadan uzağam, Əli quluyam,
Sanma, Danabaşda Vəliquluyam,
Kim durub desə ki, dəli quluyam,
Buna heç inanmaz xalis kor, əsla.

Pənah Hüseynov:
Heç kəs poza bilməz bizim bu xoru,
Dördəlli eşməyə hazıram goru,
Mənəm "ideyalar generatoru",
Qoymaram, İsaya dəyə çor, əsla.

Əhməd Oruc:
"DUİ"-yə üzv olmaq olubdu xatam,
Əli ətrafına gəlsin qoy qadam,
Ağa dostluğuna mübtəla adam,
Çalmaz məni ən zəhərli mar, əsla.

Rauf Arifoğlu:
Rəqib ərzağını şorba eylərəm,
İsaya, Arifə torba eylərəm,
"Yeni Müsavat"ı bərpa eylərəm,
Etmərəm heç zaman şiti şor, əsla.

Eldar Namazov:
"ANİF" prezidenti olsam da, özüm,
Radikal cinahda qalmamış gözüm,
Hər ifrat nitqindən itidir sözüm,
Vermirəm kimsəyə nazü-for, əsla.

Hacıbaba Əzimov:
Özüm siyasətin üst qatındayam,
Demədim, mən ölgün, süst qatındayam,
İndi bildim ki, dürüst qatındayam,
Mənə təsir etməz yağış-qar, əsla.

İqbal Ağazadə:
Vaxt oldu İsanın felinə düşdüm,
Zülmətdə ağ qoçun belinə düşdüm,
Onlarla bədxahın dilinə düşdüm,
Etmədi halıma, billah, kar, əsla.

Arif Hacıyev:
Xarici masanın qolutuğundayam,
Üstündə kasanın qoltuğundayam,
Çoxdandı İsanın qotuğundayam,
Halımı dəyişməz dövlət - var, əsla.

Qabil Hüseynli:
Biz rəvan gedərik seçkiyə qədər,
Yolda üzməz bizi, nə qəm, nə kədər,
Yolumuz üstünə nur saçar qədər,
Çıxmaz canımızdan buxar, par, əsla.

Nurəddin Məmmədli:
Eşitsin sözümü İsasevərlər,
Əbədi deyildir zülm, sitəm, şər,
Bu cür davranış boss gözündən düşər,
Buna heç yol verməz iqtidar, əsla.

Digər xəbərlər