Radikallar arasında nə baş verdiyini aydınlaşdırmaq qeyri-mümkündür. Müsavat partiyası icra aparatının rəhbəri Arif Hacıyev öz qurumu adından belə bir rəsmi açıqlama vermişdi ki, Müsavat öz qərargahında "AXCP" (i)-nin sərbəst və rahat işləməsi üçün istənilən şəraiti yaratmaq gücündədir. "AXCP" (i)-nin sədr müavini Nurəddin Məmmədli isə, A.Hacıyevin bəyanatından Əli Kərimovun xəbəri olmadığını bildirmişdir. Necə deyərlər, qız evində toydur, oğlan evinin xəbəri yoxdur. Bu cür anlaşılmazlıqlar radikal cinahda onlarladır və onların sayı günbəgün həndəsi silsilə ilə artmaqdadır. Biz isə meyxana mücadiləmizi davam etdirmək niyyətindəyik. Qafiyəni Arif Hacıyev tutdu:
Uğur İsa bəyə yar olacaqdır,
O zaman Əliyə ar olacaqdır.
Mirzə Qərənfil:
İsanın qəlbində var idi ağrı,
Əli gəlməsəydi, partlardı bağrı,
Əli nöş getmədi başqana doğru?
Müəmma nə zaman car olacaqdır?
Arif Hacıyev:
Mənim başqanımın qəlbi genişdi,
Elektoratı da cəlbi genişdi,
Əli Kərimovun qəlpi genişdi,
Daim rüsvay olub, xar olacaqdır.
Nurəddin Məmmədli:
Əliyə İsa tək "mer" lazım deyil,
Haqqında mədhnamə, şeir lazım deyil,
Ona verdiyiniz yer lazım deyil,
Bir vaxt Əli bəyə tor olacaqdır.
İsa Qəmbərov:
Əli gəlsə idi, qəbul edərdim,
Onu baş müavinim, məsul edərdim,
Bunları cağbacağ, məqbul edərdim,
Bizdə siyasi məğz, xor olacaqdır.
Əli Kərimov:
Dəvətin xeyiri, bəzən nəhsi var,
Hər siyasi şəxsin sözü, səsi var,
Cəbhənin öz kökü, bünövrəsi var,
Bir vaxt qərargahı var olacaqdır.
Arif Hacıyev:
Sözümüz bal tutub, duzsuz olmayıb,
Heç bir qış soyuqsuz, buzsuz olmayıb,
Müsavat heç vaxt nüfuzsuz olmayıb,
İsa zirvəsində qar olacaqdır.
Nurəddin Məmmədli:
Müsavat tuş olub daim qəmişə,
Getməkdə aşağı, üzü enişə,
Cəbhə ön sırada gedib həmişə,
Sizin hövsələniz dar olacaqdır.
İsa Qəmbərov:
Elektorat üçün xal tutacağıq,
Liberaldan qrant, bal tutacağıq,
Uğurçün ulduzdan fal tutacağıq,
Daim müs-müftə nahar olacaqdır.
Əli Kərimov:
Lütsünüz, əyində paltar, çul olmaz,
Kasıb düşənlərdə bir sent pul olmaz,
Əlidən İsaya işlək qul olmaz,
Quyruq tapdasanız, mar olacaqdır.
Arif Hacıyev:
Yurdsuz qalmışdınız, dedik yurd verək,
Gücünüz tükənsə, sizə sırt verək,
Demədik, deyinib, çaşıb mırt verək,
Qışqırsaq, qulaqlar kar olacaqdır.
Nurəddin Məmmədli:
Siyasi həyatda qorxaq olmayaq,
Yarımçıq, xəstəhal, naçaq olmayaq,
Ona İsa deyib toxtaq olmayaq,
Yoxsa göz altında far olacaqdır.
İsa Qəmbərov:
Biz "Yurd"a bərk bir most olmaq istədik,
Əliyə sadiq dost olmaq istədik,
Dəyərli bir forpost olmaq istədik,
Yoxsa yeməyimiz şor olacaqdır.
Əli Kərimov:
İsa bəy nüfuzsuz, başda tacı yox,
Qəlbimiz genişdi, ağrı-acı yox,
Cəbhənin forposta ehtiyacı yox,
Yoxsa nəticələr nol olacaqdır.
Arif Hacıyev:
Nə əyri deyilik, nə də ki, oğru,
Hayqırsaq yarılar rəqibin bağrı,
Eybi yox, gedərik, "DUİ"-yə doğru,
O zaman uğurlar bol olacaqdır.
Nurəddin Məmmədli:
Qüsur rabitəsiz sözünüzündür,
Korluqda günahlar gözünüzündür,
Getsəniz, ixiyar özünüzündür,
Ayağa dolaşan kol olacaqdır.
İsa Qəmbərov:
Bir əsrə yaxın ki, yaxşı ad bizim,
Tar, qaval, kamança, zurna, ud bizim,
Əlidən yan keçsək, Mirmahmud bizim,
Qarşıda zirvəyə yol olacaqdır.
Əli Kərimov:
Demədim sizin tək şikəst, əlilik,
Qərargahımız yox, yolçu, səfilik,
Nisbi götürəndə, biz müstəqilik,
Yıxıldığımız yer pol olacaqdır.