Bu Barak Obama Qafqazda qanlı ssenariyə start verib və Medvedevi də qoşub özünə. Ermənistanı siyasi məzarlıqdan çıxarıb həyata qaytarmağa çalışır. Bunun o yan - bu yanı yoxdur. Guya Avropadakı erməni lobbisi buna "qarşıdır", filan-peşməkan. Hamısı razılaşdırılıb. Bununla Ağ Ev yiyəsi erməni lobbisinə öz borcunu qaytarır. Gör başımızda nə oyunlar aparılır?
"Suyun lal axanı, adamın yerə baxanı". Allah keçmiş kişilərə min kərə rəhmət eləsin, necə düzgün və praqmatik şəkildə ifadə ediblərsə, bu deyim dünyanın ədalətsizlik girdabında boğulduğu indiki məqamda öz yerini daha çox tapır. Yadınıza gəlirsə, Barak Obama hələ prezident seçilməmişdən əvvəl biz bu adamın nəsə "gözümüzə yaxşı dəymədiyini" yazmışdıq. Yekəxanalıq çıxmasın, hər şey elə bizim dediyimiz fikirləri tamamlamağa başlayıb. Bu adam əvvəlcə erməni lobbisinin qabağına çıxıb, bir az hədə-qorxu gəlməyə və az qala bütün dünyanı idarə edən yəhudi lobbisindən sonra ABŞ rəhbərliyinə təsir imkanı olan ikinci qüvvəyə qarşı özünü "göstərməyə çalışdı". Guya ki, onu seçkilərdə cani-dildən dəstəkləyən və Ağ Evin qapı-bacasını hansısa keniyalıya açdıran erməni lobbisinə dirsəyini göstərir. Pah atonnan, qarabalada fərasətə bir bax! Yəqin erməni diasporu ayağa qalxanda Ağ Evin pəncərəsindən qulaqlarına pıçıldayıb ki, ayə kirvələr, heç kefinizi-filanınızı pozmayın. Görün ardı nə təhər gəlir?! Gəldi də! Özü də bu məsələ birbaşa BİZİM BAŞIMIZDA ÇATLAMAQDADIR. Lap bir az da irəli getsək, Türkiyənin əli ilə. Sən demə, bu qarabala əvvəlcə İstanbula, sonra da Moskvaya gəlməklə, bizim o vaxtkı yazdığımızdan tam fərqli olaraq, nəinki qarşıdakı əlli, yüz ilin, hətta yaxın bir-iki ayın planlarını qururmuş. Məscidlərə gedib özünü müsəlman kimi ictimai rəyə sırımaq, ABŞ-ın indiyə qədər müsəlman dünyasını qanına qəltan etməsini müsəlmanların yaddaşından silmək, "yep-yeni ABŞ" təsəvvürü yaratmaq, bütün bunlar bir aktyor obrazı idi və Obama məhz bu rolu "oynayırdı". Budur, artıq bu planlar Türkiyədəki AKP-çilərin vasitəsilə elə bir şəkildə həyata keçirilir ki, üzü Osmanlıdan bəri heç bir Türkiyə hökuməti belə iyrənc şəkildə bu dövləti dünyanın gözündən salmayıb və sarsıtmayıb. Məşhur "O olmasın, bu olsun" kinokomediyasında bir epizod var. Rüstəm bəy Məşədi İbadla qohum olmağı "şərəfinə" ziyafət təşkil edir və oradakı alkaqolik bəylərdən hər bir şeyin "astarını üzünə" çevirir: "Əcəba, Rüstəm bəy, əziz xələf qızını Məşədi İbada nəyə görə verir? Gözəlliyinə yox, bayaq ərz etdim ki, Məşədi qocadır, Məşədi əsil meymuna oxşayır. Bəs nəyə?" Bax, AKP hökumətinin Ermənistana "aşiq olması"nın sirri elə sirr olaraq qalır. Ermənistan acından az qala məzara girir, hər yüz vətəndaşından ən azı yetmişi - səksəni aclıqla üz-üzədir. O, Türkiyənin və AKP-nin nəyinə lazımdır? Türkiyəli analitiklər belə bir arqumenti ortaya atırlar ki, guya Ermənistan bazarı Türkiyə ticarəti üçün "ələdüşməz bir şeydir". Adamı burda bir gic gülmək tutur ki, gəl görəsən. A kişi, ermənilər acından gəbərir, hansı pula ticarət edəcəklər? Hə, bu, başqa məsələ. Obama Ermənistanı məhz elə Ərdoğanın vasitəsilə məzarlıqdan çıxarıb dirildir və bununla ermənilərə prezident seçkilərində ona göstərilən dəstəyə görə minnətdarlıq edir. Türkiyə isə öz tarixində görünmədiyi bir şəkildə özünü rəzil etməyə başlayıb. Ərdoğan deyir ki, bu "regionda sülh təşəbbüsüdür". Sülhü hamıdan çox biz istəyirik, amma necə sülh? Bəyəm, cənab Ərdoğan bilmirmi ki, faşist Sarkisyan heç vaxt sülh tərəfdarı deyil və İstanbul da onun ayaqlarına döşənib, Abdullah Gülün zövcəsinin şəxsən hazırladığı təamlardan ona yedirtməklə faşizmə daha da əl-qol verir? Bilir, lap əla bilir. Sadəcə, bu oyunun alətinə çevrilib. Erəmnilər yenə yeni-yeni iddialarla Türkiyəni suçlayacaq, yeri düşəndə, türkləri qanına qəltan edəcəklər. Çünki bu, bir erməni psixologiyasıdır. Hətta bu işdə Rusiyanın da "xeyir-duası" varsa, onda məsələ əməlli-başlı qəlizləşir və Türkiyənin bu işdə balaca fiqur olduğu üzə çıxır. Deməli, Obama diribaş tərpənib, Medvedevi də bu işə razı salıb. Yoxsa, daima Qərbə prinsipial düşmən kimi baxan Moskvanın, hətta ən çox sevdiyi erməni nökəri üçün öz prinsiplərindən əl çəkməsi də bir az qəribə görünərdi axı. Beləcə, regionda Obama və Medvedevin yeni "Qafqaz ssenarisi" işə düşüb və həlqə daralır. Özü də sürətlə.