İsa Qəmbərov-Əli Kərimov birliyi fiaskoya uğradı. Nə Müsavat başqanı "AXCP" (i)-nin, nə də Əli Kərimov Müsavatın sıralarına girmək istəmədi. Əvvəl İ.Qəmbərov "DSİ" dövrlərini xəyalında canlandırıb, elə bilirdi ki, Ə.Kərimovu öz qılıncı altından keçirməyə nail olacaqdır.
Ancaq Ə.Kərimov danışıqlar prosesində altı il əvvəlin Etibar Məmmədov əzmini göstərərək, başqanın tilovuna düşmədi. İ.Qəmbərov yenidən keçmişin "əsil AXCP"-si eyforiyası yaşayaraq, yenidən üzünü Mirmahmud Fəttayevə çevirməyi lazım bilmişdi. Gözünüz aydın, ay liberallar, İ.Qəmbərov "DUİ" ilə əməkdaşlıq etmək istəyir. Elə qafiyəni də "DUİ"-çilər müəyyənləşdirdi. Fəallıq nümayiş etdirən M.Fəttayev oldu. Qafiyə belə idi:
Demirəm İsayla Əli mətindi,
Radikal cinahda söz qələtindi.
Mirzə Qərənfil:
İstərəm biləsiz sözün əzəli,
Siyasi proses gedir məzəli,
Birləşə bilərmi İsayla Əli?
Yoxsa bu birliyi qurmaq çətindi?
Mirmahmud Fəttayev:
İstərəm sözümü söyləyəm kəsə,
Deməli, xoşbəxtlik üz verir bizə,
Əgər bizə doğru başqan gəlirsə,
Uğur "DUİ"-dəki ləyaqətindi.
Əli Kərimov:
İçkini ətrə də dəyişməyibdi,
Çörəyi fətrə də dəyişməyibdi,
İsa bir qətrə də dəyişməyibdi,
Nə də qəlyanında olan tütündü.
İsa Qəmbərov:
Şərab təklif etdim içmədi Əli,
Nə də Müsavata köçmədi Əli,
Qılıncım altından keçmədi Əli,
Sürəti əvvəlki kimi bitindi.
Əhməd Oruc:
Hamı can atmaqda çağaya doğru,
Hər kəs meyl eləməz bağaya doğru,
Artır İsa gəlir ağaya doğru,
Növbə kütlələr tək bezbiletindi.
Nurəddin Məmmədli:
Kim dalda, de kimin baxtı qabaqda,
Əlinin zirvəlik vaxtı qabaqda,
Oturduğu qızıl taxtı qabaqda,
Bir qədər güc yığır "Yurd" şefi indi.
Qubad İbadoğlu:
Bizik siyasətdə mat bilicisi,
İsa internetdə çat bilicisi,
Mənsə iqtisadi pat bilicisi,
Harda Əli susdu, İsa bəy dindi.
Mirmahmud Fəttayev:
Ən dönük kəslərə qəlb eyləmişəm,
Kimə düz, kimə də qəlp eyləmişəm,
İsanı yenidən cəlb eyləmişəm,
Axırda o, təkrar Əlini yendi.
Əli Kərimov:
Ağzında dişi yox, bütün zub gedib,
Siyasi aləmdən İsa dub gedib,
İndi o, mənə də uduzub gedib,
Bayram olan küçə "Yurd"vari tindi.
İsa Qəmbərov:
Mənim yanımda ol, Əliylə dedim,
Onlarla mələyə, pəriyə dedim,
Sanki divanəyə, dəliyə dedim,
O, qrant istəyib, yaman deyindi.
Əhməd Oruc:
İsa bürüncdüsə, ağam bir inci,
Siyasi sahədə "DUİ" birinci,
Yəqin başa düşər hər kəs sevinci,
Başqan Mirmahmudu seçib bəyəndi.
Nurəddin Məmmədli:
Nail olmaq istəsən qələbəyə,
Qoyma güclü qolunu İsa əyə,
Sağlığında qiymət ver Əli bəyə,
Hər radikal bəydən Əli yeyindi.
Qubad İbadoğlu:
Məni yolumdan ayırmaq istəyir,
Sonra qanımdan sıyırmaq istəyir,
İsa məndən sədr qayırmaq istəyir,
Deyir Qubad İbadoğlu beyindi.
Mirmahmud Fəttayev:
Göndərilən bir qrantı atmaram,
Avro nədi, heç manatı atmaram,
İsa desə, at mandatı, atmaram,
Öz əlimdə saxlayaram bu vinti.
Əli Kərimov:
Müsavatda vaxt tamama yetibdi,
Altı ay var, İsa postdan gedibdi.
Başqanlıqda İsa dövrü bitibdi,
Sözüm sayalıdı, yuxum da çindi.
İsa Qəmbərov:
Mən qozdan da möhkəm olan bir canam,
Sanmayın ki, siyasətdən usanam,
Nəqd odr ki, mən hələ də başqanam,
Yox, qarışqa dönüb bir fili mindi.