AXP sədri Pənah Hüseynov Müsavat başqanı İsa Qəmbərovu, AXCP (i) sədri Əli Kərimovu və "KAXCP" sədri Mirmahmud Fəttayevi bugünün ən fəal radikalları sırasına daxil etsə də, bu adamların süstlükləri qabarıq tərzdə nəzərə çarpmaqdadır. Belə çıxır ki, "generator"da ciddi nasazlıqlar var. Bunu adıçəkilənlər də duyduqlarından "ideyalar generatoru"nun cavabını mey içdikdən sonra verməyə hazır olduqlarını bildirdilər. Qafiyəni bu dəfə Mirmahmud Fəttayev tutdu:
Pənah bəy salıbdı, bizi minnətə,
Deyib yaraşığıq biz cəmiyyətə.
Mirzə Qərənfil:
Dedi radikalın ali təməli,
Mirmahmuddu, bir də İsaynan Əli,
Deyəndə Pənah bəy deyildi dəli,
Sizin sözünüz nə bu cür qiymətə?
İsa Qəmbərov:
Qatar gəlib qərargahda dayandı,
İçindəki funksionerlər oyandı,
Biz içmişik, amma Pənah piyandı,
Yəqin biz yox, o, layiqdi töhmətə.
Əli Kərimov:
Bu fikirdən üzülürəm haçandan,
Qorxmalıyıq qovandan yox, qaçandan,
Səmalarda Pənah qanad açanda,
Biz düşmüşük minbir mənfur sifətə.
Mirmahmud Fəttayev:
Bu Pənah bəy generator olan gün,
Özünü bizlərdən tutubdu üstün,
Az qala başından çıxacaq tüstün,
Elektorat düşəcəkdi heyrətə.
Mirzə Qərənfil:
Hər bacadan sallanan ip şal deyil,
Hər siqaret dadıynan "Opal" deyil,
Hər adı Pənahlar ağsaqqal deyil,
Hər ağsaqqal pənah olmaz millətə.
İsa Qəmbərov:
Bu gün Pənah qaldıranda səsini,
Çox istəyir göstərsin həvəsini,
Arzu edir qırıb dar qəfəsini,
Xofu atıb gəlsin xeyli cürətə.
Əli Kərimov:
Heç vaxt olmamışam Pənaha qarşı,
Deyəsən, Pənah da bilməyir yaxşı,
Xoruz tez banlasa, kəsilər başı,
Ruhu da, çətin ki, düşə cənnətə.
Mirmahmud Fəttayev:
Nənə Məhsətidə kaşı xarabdı,
Demədim Pənahın başı xarabdı,
Batareyasının daşı xarabdı,
Ancaq meyl etməkdə nazü-nemətə.
Mirzə Qərənfil:
Radikal güclüdü deyir Pənah bəy,
Bir qızıl mücrüdü deyir Pənah bəy,
Zodiak bürcüdü deyir Pənah bəy,
Salır insanları daim zülmətə.
İsa Qəmbərov:
İndi korşalıbdı Pənah tişəsi,
Onun donquldanmaq olub peşəsi,
Hər gün azalmaqda kefi, nəşəsi,
Güc verib indilər o, şikayətə.
Əli Kərimov:
Bu gün Pənah beyin sözü azalıb,
Sozalmaqda olan üzü qızarıb,
Bir də o alaca gözü qızarıb,
Daha keçə bilmir o, bəlağətə.
Mirmahmud Fəttayev:
Bizi tərifləyən AXP sədri,
İstəyir ki, artsın nüfuzu, qədri,
İstər ki, sözündən gəlsin gül ətri,
Daim güclülərin önündə bitə.
Mirzə Qərənfil:
Pənahın fikrini duymaq olarmı?
Onu generator saymaq olarmı?
Dürlü təkliflərdən doymaq olarmı?
Bəlkə düz olardı yesəydik kətə?
İsa Qəmbərov:
Dünyada yüzlərlə dinlər qaynaşır,
Terrorçu Üsamə binlər qaynaşır,
Pənahın qəlbində cinlər qaynaşır,
Ancaq çətin ki, o, məqsədə yetə.
Əli Kərimov:
Qoy Pənah işini kamil etməsin,
Bildiyini bizə şamil etməsin,
Onu həm də niyyətinə yetməsin,
Yoxsa düşə bilər pis bir niyyətə.
Mirmahmud Fəttayev:
Tale özü qurub Pənaha toru,
Ona göstərəcək düzəxi, goru,
Sındırmaq lazımdı "generator"u,
Nə qədər keçməyib hələ bidətə.