PDF Oxu

Köşə

  • 23

Türk-erməni qardaşlığı

Türk-erməni qardaşlığı
Yox, yox, mən əlimə dəsmal götürüb ağlaya-ağlaya yazmıram ki, ay Türkiyə, niyə bizim maraqlarımızı Anadolu baltası ilə kökündən kəsib Ermənistana qucaq açırsan, ay Bursada Serj Sarkisyana niyə kabab verirsən, ay niyə siranuşları türk ocağına çəkirsən, qətiyyən! Bizim nəyimizə lazımdır, qardaş ayrı, ev ayrı.
Özü də əgər o qardaşlıqdan azacıq da olsa, əsər-əlamət qalmayıbsa, heç danışmağa belə dəyməz. Yaxud Rəcəb Tayyib Ərdoğan tarixdə qəhrəman və yaxud satqın kimi qalacaq, ya yox?! Bütün Anadolu türkləri cəmi-cümlətanı bir neçə ildən sonra erməniləri Türkiyəyə dadandırdıqlarına görə, başda həmin R.C.Ərdoğan başda olmaqla AKP-ni topa tutuacaqlar və lənətləyəcəklər. Amma bu, bir az sonra olacaq.
Bonapart Napoleon yazırdı ki, tarixdə mərhəmət dilənməkdən dəhşətli rəzillik yoxdur. Biz bu gün ona köklənməməliyik ki, əllərimizi İstanbula uzadıb aman diləyək, yalvaraq ki, əfəndim, bizi tək qoyma, qətiyyən. Qoy Türkiyə Ermənistanla sərhədləri də açsın, erməni qızları İstanbulda türk erkəyinin yatağında uyusun, Anadoluda yeni erməni kökənli türk nəsilləri yetişsin və axırda da, təxminən əlli-yüz ildən sonra Türkiyənin öz içində, türk kökənli erməni dövləti yaradılsın, özləri bilərlər. Biz Ermənistan-Türkiyə yaxınlaşmasının, praktiki olaraq, ən kritik məqamlarına diqqət yetirəcəyik. Məncə, Türkiyə Ermənistanı məzarlıqdan çıxarıb, yenidən həyata qaytaracaq bir addım atdı. İndi acından qırılan ermənilər elə bircə ilin ərzində Türkiyənin sərhədlərini gündə iki dəfə o yan-bu yana keçsələr, Ermənistanı iqtisadi baxımdan ayağa qaldıra biləcəklər. Ermənidəki zirəklik ola, üstəgəl Türkiyədəki ticarət ola, pəh-pəh gör, Ermənistan nə təhər ayağa qalxır. Bütün ermənilər onları yoxsulluq və səfalətdən xilas etdiklərinə görə neçə-neçə əsrlər sonra AKP-nin və R.T.Ərdoğanın yeddi arxa dönəninə rəhmət oxuyacaqlar. Burası belə. Sonrası da bir şeyi başa düşmək lazımdır ki, Türkiyənin Ermənistanla sərhədləri açmasına ABŞ başda olmaqla, Rusiya və Fransanın canfəşanlıq etməsi maraqlı və bir az da qaranlıq məsələdir. Bir-biri ilə "mehriban düşmənlər" vəziyyətində olan ABŞ və Rusiyanın bu məsələdə hansı ortaq maraqları var idi və bunların birgə "proyekti"nin hədəfində nə dururdu. Bax, bu məsələ hələ ki aydın deyil. Amma ən dəqiqi və açıqığı budur ki, bu məsələdə Moskva ilə Vaşinqonun barmaqları eyni tərəziyə "işləyib". Bu, nədir? Xristian təəssübkeşliyi, regionda Türkiyənin gələcək parçalanması üçün yeni və "vahid plan", yoxsa nə? Biz bunu ona görə yazırıq ki, gələcək nəsillər bu müqavilənin imzalanması zamanı ABŞ və Rusiya xarici işlər nazirlərinin necə sevincək olub uşaq kimi atdanıb, düşdüklərindən, Sergey Lavrovun Sürixdəki qaldığı oteldən erməni həmkarı Eduard Nalbandyana "imzala və sakitcə çıx get" mesajını göndərməsindən yaxşı xəbərdar olsunlar.
Yenə də deyirəm, biz Türkiyədən heç nə dilənmirik, qoy Türkiyə bu tarixi məsələyə görə özü öz qarşısında cavab versin və yəqin ki, gələcəkdə elə bir "cavab" alacaq ki, neçə əsrlər sonra bütün türklər bunun altını artıqlaması ilə "çəkməli" olacaqlar. Bu da bir tarixdir və biz bunun şahidləri kimi tarixdə qalacağıq. Amma bir məsələ də var ki, gələcəkdə oktyabırın 10-unun türklər üçün nə ilə xatırlanacağı da başqa bir məsələdir. Beləcə, erməni siranuşları türk kişilərinə yol tapdıqca, bizim qardaşlığımız əfsanəyə dönür, əvəzində, erməni-türk qardaşlığı önə çıxır. Döngələr dəyişir, nə olacaq, onu ALLAH bilir!

Digər xəbərlər