PDF Oxu

Köşə

  • 10

İqbal Ağazadə Pənah Hüseynovdan qat-qat artıq radikal olduğunu bildirib

İqbal Ağazadə Pənah Hüseynovdan qat-qat artıq radikal olduğunu bildirib

Radikal müxalifət nümayəndəsi kimi tanınmayan "Ümid" sədri radikaldan da yaxşı radikal olduğunu və bunu altı il əvvəl "yeddilər" cərgəsində sınaqdan çıxararaq, sübut etdiyini bildirdi. O, AXP sədri Pənah Hüseynovun radikallara heç bir aidiyyəti olmadığını da nəzər-diqqətimizə çatdırdı. Ancaq bundan sonra İqbal Ağazadə ilə meyxana mücadiləsinə başlamaq qərarı qəbul etdik. İqbal bəy qafiyə tutmaqda pərgar imiş:

Qəlbimə girməmiş heç qara-qura,
Pənahlar başına qılsın qoy çara.

Mirzə Qərənfil:

Haradan ortaya çıxdı qülü-qal?
Bu işə sən necə baxırsan, İqbal,
Pənahmı radikal, sənmi radikal?
Söylə, "Ümid"inin yönümü hara?

İqbal Ağazadə:

Daim ümid verib mənə partiyam,
Bu gün ümid verir yenə partiyam,
Pənahın beynində iğtaşaş, qiyam,
Köksündə sağalmaz bir qarayara.

Mirzə Qərənfil:

Yarəb, günahsızmı bəndən, görəsən?
Xeyir xəbərləri məndən görəsən,
Pənah nə istəyir səndən görəsən?
Gözlə, sürüməsin səni o gora.

İqbal Ağazadə:

Pənahın qəlbindən qara qan axır,
Qan axır, özü də çox asan axır,
Bir zaman zahirə çıxacaq paxır,
Pənah təslim olub düşəcək tora.

Mirzə Qərənfil:

İsaynan Əlini radikal saydı,
Mirmahmud ağanı zirvəyə qoydu,
Nədənsə Pənah bəy bir sənə qıydı,
Gözlərin altında görünür fara.

İqbal Ağazadə:

Bir iş görə bilməz "QRUH" fil olsa,
Pənahın başına narın kül olsa,
Əlavə gözünə qoşa mil olsa,
Nə avro qazanar, nə qrant, para.

Mirzə Qərənfil:

De, nə qazanacan, İqbal, söyüşlə,
Uğur qazanarsan ancaq döyüşlə,
Di hirslən, Pənahın boynunu dişlə,
O adam qalmazmı işdən avara?

İqbal Ağazadə:

Pənahın radikal dediyi şəxslər,
Əməldə Pənahın özü kimi şər,
Seçici onlardan uzağa düşər,
Bir səs də verməzlər bu cür tavara.

Mirzə Qərənfil:

Şahmatda çətindi mat qoymaq şahı,
Uğur istəyirsən, çağır Allahı,
Pənaha yükləmə bütün günahı,
Yoxsa cavab verməz o, yaş şalvara.

İqbal Ağazadə:

Pənah hay-küyüylə cırmaqda yaxa,
Onun boğazından keçmir heç yuxa,
Adımda bəxt sözü, soyadım ağa,
Rəqibim gözündən tökməkdə qora.

Mirzə Qərənfil:

Pənah dad döyməkdə sənin felindən,
Pis söz eşidibdi bəlkə dilindən?
Bəlkə radikallıq gəlmir əlindən?
Cuşə gəlmək üçün gəl çıx bulvara.

İqbal Ağazadə:

İsa liberala meyl eyləyən şəxs,
Mirmahmud başqana küfr söyləyən şəxs,
Məhsuldar budağı Əli əyən şəxs,
Layiqdi qoşulsun Pənah davara.

Mirzə Qərənfil:

Pənahın önündə dözüb lal olma,
Avamlıq göstərib qaramal olma,
Radikal pisdirsə, radikal olma,
Çıxsa da rəqibin dama, talvara.

İqbal Ağazadə:

Pənah kimiləri daim lal etdim,
Yola gəlməzləri mən pamal etdim,
Onlarla qanmazı əhli-hal etdim,
Çoxusu durmaqda üzü divara.

Mirzə Qərənfil:

Şayibazsansa, şayiəni ver,
Meyxana deyənsən, qafiyəni ver,
Yaxşı radikalsan layihəni ver,
Pissənsə, pislərlə başla nahara.

İqbal Ağazadə:

Pənahla dostları dəhşətə gəlsin,
Bədnəfs radikallar nifrətə gəlsin,
Pisi pis, yaxşısı lənətə gəlsin,
Heç biri payızdan çıxmaz bahara.

Digər xəbərlər