Bir daha xatırladırıq ki, "Demokratiya Uğrunda İttifaq" ("DUİ") mahiyyətcə "cırtdan" radikal birlik forması olub, başlıca diqqətini "Azadlıq" bloku və "QRUH" kimi "azman" və ya "div" radikallarla mübarizəyə yönəltmişdir. Yaxın tarixi keçmişimizdə Mirmahmud Fəttayevin başçılığı ilə yaradılmış bu cür qurumların ən azı iki-üç analogiyası olmuşdur. Hazırda "DUİ"-nin dörd "cırtdan" üzvünün olduğunu xatırladırıq: "KAXCP" (sədri Mirmahmud Fəttayevdir), "Azadlıq" partiyası (sədri Əhməd Orucdur), "BMP" (sədri Elşad Musayevdir), nəhayət, "AMDP" (sədri Tufan Kərimovdur).
M.Fəttayev növbəti meyxana deyişməmizə böyük məmnuniyyətlə razılıq verdi. Biz dərhal mətləbə keçdik. Papaq qafiyəsini quraşdırmaqda da çətinlik çəkmədik:
Bir "cırtdan" da olsa, "DUİ" mənimdir,
Hər bir "div" quruma sipər, qənimdir.
Mirzə Qərənfil:
Səninçün yaşamaq, xarakiri nə?
Kininin yönümü, xarakteri nə?
Niyə sığışmırsan adi dərinə?
Bu, sənin mərəzin, ya sitəmindir?
Mirmahmud Fəttayev:
Məqsəd irəliyə doğru yürümək,
"Div"ləri yerlərə atıb sürümək,
Sonra da kəfənə salıb bürümək,
Demək ki, Mirmahmud, sənin dəmindir.
Mirzə Qərənfil:
Həmişə qışqırıb, hay qoparırsan.
İnciklik yaradıb, baş aparırsan,
De, əl çəkəcəksən "div"lərdən haçan?
"Div"lər maraqlanır, nə vaxt qəmindir?
Mirmahmud Fəttayev:
Qışqıran İsadır, Əlidir, düzü,
Qışqırsa dayanmaz Lalənin özü,
Daim saxlamışıq biz özümüzü,
Bütün məsuliyyət "div" vərəmindir.
Mirzə Qərənfil:
Vaxtilə İsa bəy yardımın oldu,
Bir "cırtdan" blokda artımın oldu,
"Bizim Azərbaycan" qurumun oldu,
Yenə haman-haman, həmin-həmindir.
Mirmahmud Fəttayev:
Ardıcılı oldum İsanın qatı,
Hər dediyi səmtə çapırdım atı,
Dedi at mandatı, atdım mandatı,
Dedi keşiş qızı sən Kərəmindir.
Mirzə Qərənfil:
Nöş hərəkət etdin yetən sözüylə?
Sən niyə getmədin vətən sözüylə?
Bəlkə oynaşırdı didən, söz ilə?
Bəlkə də dalanda söz dirəmindir.
Mirmahmud Fəttayev:
Döngə-dolanbacdan sappasağ gəldik,
Ən çətin sınaqdan üzüağ gəldik,
"Azman" radikala badalaq gəldik,
Üsul o üsuldur, çəm həmin çəmdir.
Mirzə Qərənfil:
Radikal nifrinlər əsdi meh kimi,
"Cırtdan"lar üstünə yağdı şeh kimi,
"DUİ"-dən yapışdın bir zireh kimi,
Son anda gördün ki, alt paltar nəmdir.
Mirmahmud Fəttayev:
"QRUH"-un nəsibi kədərdi, ahdı,
"Azadlıq" bloku xalis günahdı,
"DUİ" başlarında vəzirdi, şahdı,
"Azman" radikala qalan şey qəmdir.
Mirzə Qərənfil:
Bilirsən ki, çoxdan bratdı "üçlük",
Bir zaman "ASF" yaratdı "üçlük",
Səni tək çoxunu aldatdı "üçlük",
Xalqın nifrətindən hər üçü dəmdir.
Mirmahmud Fəttayev:
Kütlə tək İsanı sən də daşa bas,
Laləni "MBH" cənnətindən as,
"Yurd" Əli keçirir indilərdə yas,
Sonda yoluxduğu ağır sitəmdir.
Mirzə Qərənfil:
Əvvəl "DSF"-ni saldın plana,
Sonra da "DUİ"-nlə girdin meydana,
İsa yeddisini saldı zindana,
Dedi Mirmahmudun zili də bəmdir.
Mirmahmud Fəttayev:
"ASF" önünə "DSF" qoydum,
"QRUH"-u "DUİ"-nin kiçiyi saydım,
Bir dərya timsallı sahilsiz çaydım,
"DUİ" qumsallıqda gizli təməldir.
Mirzə Qərənfil:
Xalqa yaxşı həyat, çörək lazımdı,
İdmanda qüvvətli bilək lazımdı,
Seçkiyə getməyə ürək lazımdı,
Ağırmı-yüngülmü mənim şələmdir.
Mirmahmud Fəttayev:
Yetənə hay verib yetmək lazımdı,
Boykotu, piketi ütmək lazımdı,
Hər bir seçkiyə də getmək lazımdı,
Getməyən casusdu, ağıldan kəmdir.