PDF Oxu

Köşə

  • 7

Etibar Məmmədov blokların səbatsızlığı haqda

Etibar Məmmədov blokların səbatsızlığı haqda

"Azadlıq" bloku, "QRUH", "DUİ" günümüzün çökməkdə olan real radikal qurumlarıdır. Radikal təmsilçilər bunlardan daha yaxşısını və mükəmməlini yarada bilmədilər. Daha doğrusu, "MMM", "MƏM" kimi qurumların bünövrəsini möhkəmləndirmək istəsələr də, buna nail olmadılar.
Biz qurumların vəziyyəti haqda kiminlə söhbətləşəcəyimizi götür-qoy edərkən, mövcud qurumlara daxil olmayan nüfuzdan düşmüş lider axtardıq. Çünki digərlərinin öz ayranlarına turş deməyəcəklərini yaxşı bilirdik. Odur ki, seçimimizi 2004-cü ildən etibarən radikal bloklara qoşulmayan Etibar Məmmədovun üzərində saxladıq. Papaq qafiyəsini də birlikdə düzəltdik. Qafiyə belə idi:

"Azadlıq"la "DUİ", "QRUH" süqutda,
Buna cəmiyyətdə çoxdu sübut da.

Mirzə Qərənfil:

"DUİ" ən sevimli qurumun idi,
"SİDSUH" da ən zirvə durumun idi,
Başqan əsəblərdə tarımın idi,
Ancaq uduzmuşdun özün şahmatda.
"Azadlıq"la "DUİ", "QRUH" süqutda,
Buna cəmiyyətdə çoxdu sübut da.

Etibar Məmmədov:

Açıb darvazanı "BMT" bir vaxt,
Arzu edənləri buraxdı bivaxt,
Bu addım o zaman atıldı nahaq,
Oldu inanan da lap adda-budda.

Mirzə Qərənfil:

"BMH" adlandı kolxoz quruluşu,
Qondurub başına min şahlıq quşu,
Çoxu həmkar saydı özünə Buşu,
Ancaq bir çoxları uduzdu "sud"a.

Etibar Məmmədov:

Sonra "MKM"-in növbəsi çatdı,
Zaman bu qurumu kənara atdı,
Çoxları kədərə-qüssəyə batdı,
Üzsə də başları ala buludda.

Mirzə Qərənfil:

Seçki Məcəlləsi deyə-deyə siz,
Təklifsiz-filansız sola getdiniz,
Elə zənn etdiniz yola getdiniz,
Ancaq üzürdünüz bol-bol qrantda.

Etibar Məmmədov:

London qucaq açdı bizə bir zaman,
"DSİ"-ni yaratdıq, düzü, çox asan,
Bol qrant başlara çökdürdü duman,
Süqut urcah oldu bizə həyatda.

Mirzə Qərənfil:

"DUİ"-nin üsyanı göründü azman,
İsayla sözünüz çəp gəldi yaman,
Başqan qərarlıydı axıtmağa qan,
Kim dedi, bəyanat verib sarvatda?

Etibar Məmmədov:

Bəzən danışdılar lap diri-diri,
Düzgün söz deyənin mən oldum biri,
Vahid namizədlik İsanın fikri,
O oldu niyyəti, əzmi bərbad da.

Mirzə Qərənfil:

O zaman qalmaqal yüz KİV-ə düşdü,
İsa iğtişaşı arxivə düşdü,
Radikal canlara min güvə düşdü,
Gəldi bir araya qəmli də, şad da.

Etibar Məmmədov:

Radikallar içrə qırıldıqca bağ,
Möhkəm ağrı verdi hər göynərti, dağ,
O vaxt bloklardan mən düşdüm uzaq,
"Yurd", "ADP", İsa qalmışdı xodda.

Mirzə Qərənfil:

Nə üçün o zaman qarmaq istədin?
Kiminlə aranı vurmaq istədin?
Kütlə önündəmi durmaq istədin?
Niyə radikallar qaldı "vot-vot"da?

Etibar Məmmədov:

Kütlə meydanlardan uzaq duranda,
Çəkilib durmuşdum mən də bir yanda,
Sədr olmaq istəməz, hətta piyan da,
Başa çatacaqsa sonu tabutda.

Mirzə Qərənfil:

Blokda bir Lalə, iki də Əli,
Deyirlər "Azadlıq" tutub cədvəli,
Düz birinci yerə çıxıbdı, bəli,
Guya birincidi blok blatda.

Etibar Məmmədov:

"Azadlığ"ın adi nüfuzu yoxdu,
O bir soyuducu ki, buzu yoxdu,
İlk yerdə blokun heç tozu yoxdu,
Bunu təsdiq edir danılmaz fakt da.

Mirzə Qərənfil:

Radikal kəslərə ərziniz nədi?
"QRUH"-a, "DUİ"-yə sözünüz nədi?
Yaxın gələcəkçün fərziniz nədi?
Siz nə yazardınız təxmini aktda?

Etibar Məmmədov:

Çoxunun boynuna bir ip ölçübdü,
Zaman blokları kəsib-biçibdi,
Radikal bəylərin vaxtı keçibdi,
İndi qərar tutub onlar alt qatda.

Digər xəbərlər