PDF Oxu

Köşə

  • 6

Müsavat başqanının gözü ilə keçmişə və gələcəyə baxış

Müsavat başqanının gözü ilə keçmişə və gələcəyə baxış

Müsavat başqanı xaricdən qayıtdıqdan sonra həmkarları tərəfindən çox soyuq qarşılanmışdır. Həmkarları ya onun Avropa liberalları ilə görüşməsinə qısqanclıqla yanaşırlar, ya da qrant payı ayırmasından narazıdırlar. Hər nəsə bunu aydınlaşdırmaq qərarına gəldik. Qoşa qafiyəni də ikilikdə müəyyənləşdirdik:

Avropada qrant verən olmadı,
Adi vədi asan verən olmadı.

Mirzə Qərənfil:

Ancaq həmkarların gərəkdi sənə,
Arxadı, dayaqdı, dirəkdi sənə,
Bəlkə liberallar köməkdi sənə,
Axı sənə ehsan verən olmadı?

İsa Qəmbərov:

Avropada heç bir him-cim qalmayıb,
Toxunmaqçün bir sarı sim qalmayıb,
Dərk eylədim, bir dəstəkçim qalmayıb,
Mənə adi bir şam verən olmadı.

Mirzə Qərənfil:

Avropaya çox yol ölçdün qabaqdan,
Heç düşmədi sənə bir pay tabaqdan,
Əl açaraq dolanırsan nə vaxtdan,
Ancaq təəssüf ilham verən olmadı.

İsa Qəmbərov:

Peşmanam ki, qoşularaq hər gicə,
Pul diləndim laxta qan içə-içə,
Bel bağlamalı deyilmiş xaricə,
Çox yalvardım, ənam verən olmadı.

Mirzə Qərənfil:

Cüzi olsa belə başda kamalın,
Pula xidmət oldu eşqin, amalın,
Ağız maddəsində batdı camalın,
Bu da ayılmağa eyham olmadı.

İsa Qəmbərov:

Qrant qazanmaqdı ilk və son andım,
Bundan artığına yoxdu talantım,
Doğrudu, mən "badbaxt" bunu gec qandım,
Yaxşı strateji plan olmadı.

Mirzə Qərənfil:

Əyib cavan vaxtı əlif qəddi də,
Keçdin ən keçilməz bir sərhədi də,
Gerçək eyləmədin bircə vədi də,
Elə bu səbəbdən kalan olmadın.

İsa Qəmbərov:

Keçmişin ən qorxunc kabusu kimi,
Tanındım "KQB" casusu kimi,
Qurudum səhrada itən su kimi,
Çeşməmi məcraya salan olmadı.

Mirzə Qərənfil:

Xarici pullarçün ölüb can verdin,
Kim diş qıcasa da, cəld dərman verdin,
İnsan qətlinə də sən fərman verdin,
O vaxt səni saya salan olmadı.

İsa Qəmbərov:

Mənim fərmanımda bir məntiq vardı,
Yeddi nəfəri də qəbrə apardı,
Onların hər biri cinayətkardı,
Heç biri əməlli insan olmadı.

Mirzə Qərənfil:

Diqqəti əlçatmaz bostana dikdin,
Düşmən azalanda dostuna dikdin,
Gözünü Elçibəy postuna dikdin,
Ancaq ki, adına elan olmadı.

İsa Qəmbərov:

Elçibəy gözümdə siyasi xlam,
Mən İsa Qəmbərov - bir asi xlam,
İstədim ölkədə birinci olam,
Bu yöndə qeydimə qalan olmadı.

Mirzə Qərənfil:

Ay İsa, ilk əvvəl kefin saz idi,
Çünki qabağında qaz Ayaz idi,
Ali Sovet sədri məgər az idi?
Niyə bayatını çalan olmadı?

İsa Qəmbərov:

Düzdü, əvvəl Ayaz qaz oldu mənə,
Bir illik itidar az oldu mənə,
Surət yaman yerdə paz oldu mənə,
Onu yumşaldanlar peşman olmadı.

Mirzə Qərənfil:

Avropa üzünə atıbdı çamır,
Çox su aparacaq yəqin bu xamır,
Səni partiyada heç kim xoşlamır,
Məgər bu səninçün tufan olmadı?

İsa Qəmbərov:

İsa Qəmbərovam, olmuşam bir ruh,
Üstümə yeriyir radikal güruh,
Mənə dörd tərəfdən vurulur yumruq,
Elə hey deyirlər: "Qafan olmadı!"

Digər xəbərlər