PDF Oxu

Köşə

  • 10

Əliağa Vahid və məhv olan meyxanamız

Əliağa Vahid və məhv olan meyxanamız
Yadıma gəlir, təxminən 1990-cı ilin ortaları idi. O zaman ABŞ başda olmaqla otuz üç Avropa ölkəsi İraqın üstünə yeriyib Səddam Hüseynin işini bitirmək istəyirdilər. (O vaxt ata Buş bu işə girişsə də, heç nə bacarmadı. Sonradan bala Buş neçə illərdən sonra Səddamı müsəlmanların müqəddəs Qurban Bayramında bütün müsəlman əhlinin gözü qarşısında edam etdirdi! Bax, belə də olur. Nə isə.) O vaxt S.Hüseynin Amerika və müttəfiqlərinin burnunu əzməsindən sonra onun haqqında əsil qəhrəmanlıq şüarları səslənirdi. Rəhmətlik Nizami Rəmzinin əsil söz xiridarlığına xas şəkildə dünya müsəlmanlarına həsr etdiyi bir meyxana yaman sevilirdi və hər yerdə sevilə-sevilə səsləndirilirdi. Onda biz uşaq idik və saatlarla kaset satılan yerlərin qabağında durub böyük həvəslə BU SÖZ XİRİDARINI dinləyirdik. Eh, keçdi o günlər.
Neçə-neçə əsrlər bundan əvvəl böyük dühalardan keçib gələn, Əliağa Vahid kimi söz ustadının 1937-ci ilin dəhşətli repressiyalarından, sovet "NKVD"-sinin ağır məşəqqətlərindən qoruyub saxladığı əsil meyxana sənəti bu gün olmasa da, onun adından istifadə edənlər meyxananı çox acınacaqlı və bir az da qorxulu proseslərin əsirinə, toy tumaq, pul qazanmaq istəyinin hədəfinə çeviriblər. Yəqin ki, böyük ustad Ə.Vahid canı ilə, qanı ilə qoruduğu söz xiridarlığının bugünkü vəziyyətini görə bilsəydi, əsil üsyan edərdi. Sözün, inci misraların bu günə salınmasına ürəyi dözməzdi böyük söz xiridarının. Hər misrası bir əsərə bərabər olan qəzəlləri meydana çıxaran böyük ustad, bugünkü durumu görsəydi, həm də ürəkdən bir dərin ah çəkərdi. İndiki meyxanaçılar, özlərinin dediyi kimi ifadə etsək, "söz xiridarları" inciməsinlər, əslində, onların inciməyə heç haqları da yoxdur axı. Bu saatın özündəki meyxana deyişmələrini toylardakı sərxoş "elita"nın, avtobus dayanacaqlarında antisanitariya şəraitində bişirilən peraşkini, at ətindən qovrulan dönəri ağız-burnuna sürtüşdürən ara adamlar üçün səsləndirirlər. Təsəvvür edin ki, Ə.Vahidin bütün Şərq mənəviyyatını, mənəvi gözəlliyini əks etdirən qəzəl xəzinəsindən fərqli olaraq indiki meyxana əsil bazar "alverinə" çevrilib. İndiki meyxanaçılar söz zənginliyi əvəzinə, bayağı və əttökən, mənəvi dəyərlərdən uzaq olan ifadələr işlədir, meyxana mövzularını bir kənara qoyub, ancaq və ancaq intellektual düşüncədən uzaq olan adamlar üçün "oxuyurlar". Yoxsa yalan deyirəm? Qətiyyən!
Axı hansı ağlı başında və cəmiyyətdə mövqeyi olan, intellektual biliyə sahib olan adam "dalay-dalay, niçeqo sebe, necədir yaxçıdır?" kimi normal insanda stress yaradan anormal ifadələri dinləmək istəyər? Heç kim. Yeniyetmələrdə və gənclərdə bayağı, aşağı səviyyəli, əsasən də, kütlə təfəkkürünə yol açan "dalay-dalay" kimi meyxanalar ancaq və ancaq bəzi "söz xiridarları"nın rayon toylarına "kliyent" qazanmaları, cavanları özünə cəlb etmələri, kasetlərinin satılması üçün ortaya atılıb. Məsələn, "20 Yanvar" metrostansiyasının qabağında səsi bütün şəhəri başına götürən "dalay-dalay"lara qulaq asıb "feyziyab olan" rayon cavanları rayona qayıdıb toy-düyünə bu "söz əjdahaları"nı dəvət etmək üçün hamını ayağa qaldırırlar. Xüsusilə, bir sıra şou verilişlərindəki həddindən artıq şit və səviyyəsiz təlxəkliklər bütün normal insanları əsəb xəstəsinə çevirib. Bu şoularda aktyorluğu, mədəniyyəti, söz xiridarlığını bir andaca gözdən salan şit hərəkətlər, adamı ürpəşdirən yamsılamalar baş alıb gedir. Xüsusilə, bir sıra televiziyaların şou verilişlərində aktyorluq əvəzinə, təlxəkliyə, şit hərəkətlərə yol verilməsi, "dalay-dalay" tipli meyxana "xiridarları"nın ulduz kimi önə çəkilməsi, televiziya qarşısında oturan uşaqların mənəvi baxımdan elə balacalıqdan məhv edilməsinə yol açan prosesdir. Bu, bir növ əsil mənəvi qətliamdır. "Dalay-dalay"la böyüyən uşaqların gələcəyini düşünəndə, vallah-billah, adamın ayaqları yerə mıxlanır. Axı bizə avtobus dayanacaqlarında peraşki-dönər yeyən, "dalay-dalay" kimi "meyxanalara" qulaq kəsilən, gələcəyi olmayan nəsillər yox, bunun əksinə, dünyanın müasir inkişafından baş çıxaran, elmə, müasir informasiya texnologiyalarına can atan, əsil sənət sahibi olan gənclər lazımdır. Bir də Allah sənə rəhmət etsin, Ə.Vahid!

Digər xəbərlər