"ACP" sədrinin müşaviri Zəminə Dünyamalıyeva sədr müavini postunu tutmaq uğrunda mübarizəsini davam etdirməkdədir. Bundan sonra o, daha ağır bir prosesə- partiya lideri Rəsul Quliyevi öz yolu üstündən götürmək prosesinə qoşulmaq niyyətindədir. Z.Dünyamalıyeva bu işə başlayan kimi dəstəkçilərinin sayının artacağına inanır.
Həm yaşca, həm də başca ondan yüksəkdə duran Lalə Hacıyeva ALP sədri və "MBH" lideri olduqdan sonra bir çox niyyətlərini gerçəkləşdirə bilmədiyinə, xüsusən, Əvəz Temirxanı ətrafından uzaqlaşdıra bilmədiyini görə, üzüntü keçirməkdədir. Biz bu iki qadını meyxana məclisində görüşdürməklə xarakterlərini açmağa çalışmışıq. Qafiyəni də özümüz tutduq.
Elə bildim siyasətdə şirəm mən,
Sonra gördüm adicə bir tirəm mən.
Zəminə Dünyamalıyeva:
Mən yolumu iki dəfə sapmışam,
Siyasətdə tək özümü tapmışam,
Sonra Rəsul Quliyevi qapmışam,
Deyirlər ki, bir şeytanam, şərəm mən.
Lalə Hacıyeva:
Lap çoxdandı mən siyasət qurmuşam,
Rəsuldan da çox yüksəkdə durmuşam,
İndi Əvəz deyir mən qudurmuşam,
Sən dediyin qarayara, vərəm mən.
Zəminə Dünyamalıyeva:
Pis adamam sədr əvəzi dilində,
Axmaqdayam "ACP"-nin selində,
Mən qalmışam uşaq-muşaq əlində,
Rəsul Əslim, lap olmuşam Kərəm mən.
Lalə Hacıyeva:
Siyasətdə ALP-ylə dikəldim,
"MBH"-nin zirvəsinə yüksəldim,
Bu yaxında son nəticəyə gəldim,
Seçkilərdə reytinq gülü dərəm mən.
Zəminə Dünyamalıyeva:
ADP-də Rəsul məni aldatdı,
Sərdardan aşağı tutub alçaltdı,
İstifadə edib, quyuya atdı,
Sanki ağır yükdən çökmüş nərəm mən.
Lalə Hacıyeva:
Mən ömrümdə döyüş-vuruş görmədim,
ALP-də heç bir duruş görmədim,
"MBH"-də də qurtuluş görmədim,
Bəlkə "ACP"-yə gəlib girəm mən?
Zəminə Dünyamalıyeva:
Ümid etdim Rəsul kimi kirvəyə,
Aparacaq dedim məni zirvəyə,
Qonaq oldum mən axırda puç zəyə,
Elə bildim yeganəyəm, birəm mən.
Lalə Hacıyeva:
ALP-ni, "MBH"-ni yaratdım,
Əl altında min kişini fırlatdım,
Siyasətdə istedaddım, talantdım,
Ümid etdim "Titanik"də pərəm mən.
Zəminə Dünyamalıyeva:
Aslan oldun, sən şir oldun, maşallah,
Siyasətdə yesir oldun, maşallah,
Sədr oldun, lider oldun, maşallah,
Adi arxam, deyəmmərəm Kürəm mən.
Lalə Hacıyeva:
İşləməkdən sümükdə çat atmışam,
Neçə-neçə kamil fanat atmışam,
Qazandıqdan sonra mandat atmışam,
Bir zənən yox, çox qüdrətli ərəm mən.
Zəminə Dünyamalıyeva:
Sədr olmağa bu Vaqif qul qoymadı,
Dəstəkçilər məndə bir hal qoymadı,
Yüksəlməyə məni Rəsul qoymadı,
Mənsə dedim xəyalımda merəm mən.
Lalə Hacıyeva:
İlk dövrlər qurum iflas etmədi,
Həmkarlarım dövrəmdə yas etmədi,
Məni liderliyim xilas etmədi,
Sevinərdim, gələcəyi görəm mən.
Zəminə Dünyamalıyeva:
Nə Sərdarla, Rəsulla bir olmadım,
Əyalətdə adicə mer olmadım,
Sən xoşbəxtsən, mən heç lider olmadım,
Qorxuram ki, köpək kimi hürəm mən.
Lalə Hacıyeva:
Olan bitdi, qalan dünənə qaldı,
Nə qaldısa, Rəsuldan sənə qaldı,
Aşıq demiş, söylə, mənə nə qaldı?
Bir hindəyik, indi xoruz, fərəm, mən.
Zəminə Dünyamalıyeva:
Enerjiylə boşalaram-dolaram,
İnanıram, tezliklə sədr olaram,
Baş tutmasa, saçlarımı yolaram,
Bacarmasam əsil, ulaq, xərəm mən.
Lalə Hacıyeva:
Mandat atdım, ancaq maraq güdmədim,
Səhv buraxıb, mən Əvəzi ütmədim,
Vaxtım bitdi, siyasətdən getmədim,
Sızlamadım: vay dağlarım, dərəm mən.