Vaxtilə Tahir Kərimlinin Vəhdəti də altı yerə parçalanmışdı. O, bundan nə o vaxt, nə də indi narahat olmadığını bildirmişdi. T.Kərimli radikalların səhv yolda olduqlarını görüb, partiyasını konstruktiv cığıra yönəltdi və respublika Prezidentinin siyasi kursunu dəstəkləmək yolu tutdu. Mən onunla fikir mübadiləsi aparmağı qərara aldım. Qafiyəni özüm tutdum. Bu, T.Kərimlinin xoşuna gəldi.
20 ildə çox partiya doğuldu,
Hamısı da iflas edib boğuldu.
İlk bəndi mən başladım. T.Kərimli məni səbirlə dinləyir və onlara tutarlı cavablar verməyə çalışırdı.
Mirzə Qərənfil:
Şüşə qabdan çıxmış idin bir vaxt çin,
İfratlarda nə insaf var, nə də din,
Bir vaxt sən də onları bəyənirdin,
İndii lbəylər" əfsanədi, nağıldı.
Tahir Kərimli:
Mən daha çox Elçibəyə inandım,
Son anlarda radikalları dandım,
Çox boşboğaz ətrafında dolandım,
Hər biri də qərəzkardı, paxıldı.
Mirzə Qərənfil:
Olmasa da xüsusi bir cihazı,
Lap çox idi həm işvəsi, həm nazı,
Cəbhə yıxdı Vəzirovu, Ayazı,
Hər ikisi Moskvaya oğuldu.
Tahir Kərimli:
Gəldi xələl dirçəlişə cəbhədən,
Hər birinin qüsuru çox, səhv edən,
Oldu İsa, həm də Əli məhv edən,
Axırda da hər ikisi yıxıldı.
Mirzə Qərənfil:
Hər birisi xaricdə dost axtardı,
Özləriyçün vəzifə, post axtardı,
Qazanmaqçün bir protest axtardı,
Dəstəkçilər ürəyinə soxuldu.
Tahir Kərimli:
Hər birinin ürəyində pul-para,
Qəlblərində qaysaq bağlamış yara,
Onlar xalqı tuş etdilər yanvara,
Özləri də yerdən yerə yıxıldı.
Mirzə Qərənfil:
Talantsızdı talant güddü hər biri,
Etibarlı sapand güddü hər biri,
Ağalardan qrant güddü hər biri,
Sökülməkdə olan vətən dağıldı.
Tahir Kərimli:
Pul lazımdı paçka-paçka qul üçün,
Onda qalxar mübahisə çul üçün,
Vətən satdı hər radikal pul üçün,
Satqınçılıq başlarına çaxıldı.
Mirzə Qərənfil:
Qaldı gözdə hər birinin arzusu,
Qamarladı cin-şeytanı, kabusu,
Hər birisi yad ölkənin casusu,
Hamılıqla sonra şişə taxıldı.
Tahir Kərimli:
İlk əvvəllər qırırdılar qəfəsi,
Lap axırda çıxmaz oldu nəfəsi,
Dil boğaza gedib batırdı səsi,
Bundan sonra sağ qalanlar naxaldı.
Mirzə Qərənfil:
Dövlətə sabitlik çox oldu kömək,
Xalq da ölkəsinə verirdi dəstək,
İfrat radikallar aldılar kötək,
Hər biri xarici bir hava çaldı.
Tahir Kərimli:
Əlisi saralıb-soldu axırda,
İsası liberal oldu axırda,
Bəzisi boşaldı-doldu axırda,
İfratçılıq dəbdən düşdü-azaldı.
Mirzə Qərənfil:
Heç birinə əl vermədi vahidlik,
Gömdü yerə radikalı sakitlik,
Hər birinə qan ağlatdı sabitlik,
Tez bir vaxtda sifətləri sazaltdı.
Tahir Kərimli:
Radikalın hər bir üzvü oğrudu,
İfratçılıq bir ölümcül ağrıdı,
İqtidarın siyasəti doğrudu,
Vətəndaşlar öz arzusuna çatdı.
Mirzə Qərənfil:
Hər birinin boğazında bir kəndir,
Radikaldan bu gün gəlmir bir hənir,
Vətəndaşlar iqtidara güvənir,
O, bizimçün bir mənalı həyatdı.
Tahir Kərimli:
Radikallar itiribdi açarı,
Gur deyildir heç birinin bazarı,
Güclənməkdə günü-gündən azarı,
Boğazlarda qalan qrant boyatdı.