PDF Oxu

Köşə

  • 15

Radikal cinah Əhməd Orucun gözü ilə

Radikal cinah Əhməd Orucun gözü ilə

"Azadlıq" partiyasının sədri, "DUİ" və "QRUH"-un üzvü Əhməd Oruc münasibətlərini mənimlə meyxana dilində şərh etməyə, radikal cinahın bütün məsələlərinə toxunmağa hazır olduğunu bildirmişdi. Biz nə "Azadlıq" partiyası, nə də "QRUH"-da görünməyi lazım bilməyib, "DUİ"-də görüşdük. Elə o dəqiqə də qafiyəni tutub, sual-cavabımıza başladıq.
Qafiyə belə idi:

Birdən sənə xətər yetər, ey fağır,
Sonra gec olar, yüz söz de, ha bağır.

Əhməd Oruc suallarıma cavab verəcəyi üçün əvvəl mən başlamalıydım. Bu hüququmdan istifadə etdim.

Mirzə Qərənfil:

"Azadlıq" var, "QRUH", "DUİ" nəyə gərək?
Kimə tərif yağdıracan, söylə görək?
Haqq sözünü demək üçün varmı ürək?
Əgər hazırsansa, onda haqqı çağır.

Əhməd Oruc:

Mən Əhmədəm, harda olsam, çörəyim var,
Haqq sözünü söyləməyə ürəyim var,
Radikal kəslərdən bircə istəyim var,
Qoy açsınlar özlərinə konstruktiv cığır.

Mirzə Qərənfil:

Konstruktivi radikaldan yaxşı bildin,
Konstruktivi radikalın naxışı bildin,
Onda kimi, söylə, bu gün saxsı bildin,
Əgər sual gəlməz isə sənə ağır?!

Əhməd Oruc:

Mirmahmud ağam önlərində uca bir dağ,
"VİP" kimilər sağa-sola dönən bayraq,
Əli bəylər, Etibarlar sınıq-salxaq,
Belələri göy üzündən daş tək yağır.

Mirzə Qərənfil:

Əhməd Oruc, dəyərsənmi mənə qəfil,
Kim meydanda qorxaq dovşan, de kimdi fil?
Kim əsil bəy, bəs kim, söylə, nais səfil,
Kim meydanı piketiylə edib yağır?

Əhməd Oruc:

Mən söyləyim bircə-bircə, Mirzə, sən bil,
"Yurd"un şefi qorxaq dovşan, ağamsa fil,
Öz adına aqil deyən Pənah səfil,
Hər gün ucuz bəyanatla reytinq yığır.

Mirzə Qərənfil:

De, cəbhəni kim yaratdı, kim dağıtdı?
De, yaranı kim bağladı, kim ağrıtdı?
Radikalı uçuruma dığarlatdı,
Ancaq yenə pak sulardan diri çıxır.

Əhməd Oruc:

Partiyanı ilk dağıdan Əli oldu,
Yarasını qanadanda dəli oldu,
Tək qalanda diktator tək zəli oldu,
Tənha qalıb qərargahda içir çaxır.

Mirzə Qərənfil:

Siyasətdə radikallar az qalıbdı,
Meydanlarda beşcə-üçcə qaz qalıbdı,
Bir də yerdə uduzulmuş tas qalıbdı,
Bəs bu "QRUH", bu "Azadlıq" hara baxır?

Əhməd Oruc:

Yarpaq üstə "Yurd" jaləni bəyənmirəm,
"VİP"-li-"cip"li bir haləni bəyənmirəm,
"MBH"-ni, həm Laləni bəyənmirəm,
Deyir guya o, axına qarşı axır.

Mirz Qərənfil:

Düşkünləşmiş bir Mirzəyəm, hırım yoxdu,
Bloklarda, birliklərdə qırım yoxdu,
De, nə üçün sizdə, kamil qurum yoxdu,
Niyə getdi həm Şeyx Əbdül, həm də Tahir?

Əhməd Oruc:

De, fərasət olmayanda, qırım olar?
Rəsulun Binə bildiyi Krım olar,
Əsəb dəli arasında tarım olar?
Radikallar gərək içə "Sirab", "Vayxir".

Mirzə Qərənfil:

İsa haqda sən susdun bu çağa kimi,
Mirmahmuddan bəhs eylədin ağa kimi,
Dedin mənəm partiyamda koxa kimi,
Bu yalandan göydən yerə alov yağır.

Əhməd Oruc:

Biz yalandan bərəltmişik gözümüzü,
Mədh edirik biz özümüz özümüzü,
İsa, ağa - bilmirik biz sözümüzü,
Qurumumuz dağılacaq bu ilaxır.

Mirzə Qərənfil:

Qurumlara biz onlarla adam verdik,
Əllərə su, ağızlara badam verdik,
Əhməd Oruc, sözümüzə xitam verdik,
Axı sizi kütlələrin ahı yıxır.

Əhməd Oruc:

Yad xörəyi önümüzdə, beldə qaşıq,
On illərlə vurulmuşduq, qarpışmışıq,
Biz xarici qrantlardan yapışmışıq,
Ən nəhayət, üzə çıxıb qüsur, paxır.

Digər xəbərlər