PDF Oxu

Köşə

  • 26

“Bavariya” pivəsi ilə məhv edilən futbolumuz

“Bavariya” pivəsi ilə məhv edilən futbolumuz
Hə, növbəti dəfə yenə deyirəm, haram olsun sizə bu ölkənin, bu dövlətin çörəyi, qayğısı. Yüz dəfə haram olsun! Dünyadakı futbol adına olan rüsvayçı "imicimizi" sığortalamaq üçün əlimizə Finlandiya düşmüşdü, onu da "yola" bilmədik və əvəzində finlər bütün dünyaya onların deyil, məhz bizim "yolunmağımızın" vacib olduğunu göstərdilər. Sentyabrın 5-də yenə yüz minlərlə azərbaycanlı futbol azərkeşi stressə düşərək, şəkər, ürək, əsəb və digər xəstəliklərə tutuldular. Mənim futbola dair diqqətimi hər dəfə belə şəkildə qəzet səhifəsinə köçürməyimdə heç də dünya idmanının şahı olan futbola olan hədsiz sevgim deyil, ayaqlarını bir-birinin ardınca çəkə bilməyən "futbolçularımızın" rüsvayçılıqları səbəb olur. Bu uşaqlar hər dəfə Dünya və Avropa çempionatlarının seçmə oyunlarında bizi elə rüsvay edirlər ki, yekəxana çıxmasın, mən də dözə bilməyib yüz minlərlə futbol azərkeşinin adından "dişimin dibindən" çıxanı bunlara guppuldatmasam, olmur! Bunlar sadəcə məğlub olmağa, rüsvay olmağa, necə deyim, vallah, adımızı batırmağa sanki and içiblər. Bir də "evdə xoruz, çöldə fərə" deyimi elə bil bunlar üçün deyilib. Ölkə çempionatında bir-birlərini nokauta salmaq üçün ölümə belə gedən bu "futbolçular", Avropanın smitnən-filannan böyüyən sarıbaş uşaqlarını görəndə hülqumlarını udurlar qorxudan. İyirmi-otuz min azərkeşin dəstəyi, kəsilməyən alqışları da bunları qorxu mifindən qurtara bilmir. Sanki qorxaqlıq və məğlubiyyət bunların alın yazısına çevrilib. Bunların ucbatından minlərlə, yüz minlərlə Azərbaycan futbol azərkeşi yuxarıda dediyim kimi ən təhlükəli xəstəliklərə düçar olur. Bunlar futbolçu yox, sadəcə vətənin üzünü qara edənlərdir. Karlı "dayılar"ın tapşırıqları ilə Azərbaycandan başqa heç yerdə it dəftərində belə adları olmayan ölkə klublarında ayaq döyən, son model "BMW"-ləri, "Mersedes"-ləri altına qoyan, gündə barlarda, kafelərdə "gözəllərlə" əylənən, bahalı villarda yaşayan bu futbolçularla, yox-yox üzr istəyirəm, vətən çörəyini itirənlərlə tamam üzülüşmək vaxtı çoxdan çatıb. Bunlar, ancaq və ancaq onları ölkə klublarında "maxinasiya" etmək üçün öz himaylərində saxlayan klub rəhbərlərinə lazımdırlar. Lazımdırlar ki, futbolda istənilən qədər "para yusunlar". Tam məsuliyyətimlə deyirəm ki, Azərbaycan klublarında olan bu pulla çox rahatca Çempionlar Liqası və ya Avropa Liqasının qrup mərhələsinə düşmək mümkündür. Necə olur ki, on-on beş min dollarlıq büdcəsi olan Moldovanın "Şerif"i, habelə, Rumıniya klubları UEFA Avropa Liqasının, Macarıstanın sıradan bir klubu Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazana bilir, amma bu boyda büdcəyə malik Azərbaycan klubları hələ də yerində sayırlar? Təkcə "Qarabağ"ın son Avropa oyunları da göstərdi ki, bizim klublar üçün bu məsələ artıq su içmək kimi bir şey olmasa da, qətiyyən əlçatmaz iş də deyil. Bunun üçün sadəcə klublara sərf edilən pullar ciblərə yox yeni və səviyyəli futbolçuların alınmasına, ələlxüsus, yerli futbolçuların yetişdirilməsinə yönəldilməlidir. Sözsüz ki, əsil məşqçilərin rəhbərliyi ilə. Daima məğlubiyyət və qorxaqlıq xəstəliyinə tutulan indiki məşqçilərimiz isə daha heç kimə və heç nəyə lazım deyillər. Həm də ən ağrılı fakt odur ki, hazırda Azərbaycanda heç bir klub prezidenti futbolun incəliklərini bilmir.
İndi də gələk başımıza itin oyununu açan Berti Foqtsun məsələsinə. Bax, sənə bir sözümüz var: ayda 95 min dolları qatdayıb cibinə qoyan, Bavariyada pivə içib bütün Almaniyaya bizim "qaz" olduğumuzu qəh-qəhə ilə başa salan, dünən isə öz vətənində Azərbaycan futbolunu və futbolçularını ələ salan B.Foqts, Allah xatirinə, çıx get, vətəninə! Get almanları "qazla". Burada milyon dolları cibinə qoyub bu torpağın övladlarını onun-bunun ayağına verməyinə, təhqir etməyinə heç cür haqq qazandırmaq olmur daha. Sən də get və bizim də canımız qurtarsın. Sənə Azərbaycan futbolunu dirçəltmək yox, bir milyon dollarını qazanıb Almaniyada Bavariya pivəsi içmək lazımdır. Yoxsa düz demirəm? Adını-sanını qazanmısan, pis-yaxşı günlərini görmüsən, Almaniya futboluna xidmət edib indi də dünyanın heç bir məşqçisinə qismət olmayan şəkildə Azərbaycandan bir milyon dollar pensiyanı alırsan, sənin nə vecinə? İndi yığmamızın azərbaycanlı gənc baş məşqçiyə böyük ehtiyacı var. "Qarabağ"ın Avropadakı oyunlarında Qurban Qurbanovun futbol taktikasından daha çox göstərdiyi vətənpərvərlik sübut edir ki, gənc və enerjili azərbaycanlı bir baş məşqçiyə böyük, lap böyük ehtiyacımız var. Həm də "dayday" zəngləri olmadan, öz istedadı və gücünə yetişdirilən əsil futbolçulara ehtiyacımız lap çoxdur. Bu "daydaylar" və "telefon zəngləri" artıq bizim üçün əsil xərçəngə çevrilib. Özü də neçə illərdir. Gəlin futbolumuzun yiyəsi elə özümüz olaq!

Digər xəbərlər