PDF Oxu

Köşə

  • 30

Ərdoğan,“kəndinə gəl”!

Ərdoğan,“kəndinə gəl”!
Vəssalam. Artıq Ermənistanla Türkiyə arasında diplomatik münasibətlərin qurulması üçün qapı yarıya kimi yox, açıq-aşkar lap axıra qədər açıldı. Türkiyə öz tarixinin ən təhlükəli mərhələsinə girib. Avropa supergücləri Türkiyənin başına bəla açmağa çox yaxındırlar. Türkiyə, sadəcə, "pis yerdə axşamlayıb". Mustafa Kamal Atatürkün qurduğu müasir Türkiyə, sadəcə, Qərbin həlqəsinə alınır, özü də çox pis şəkildə. Ermənistan prezidenti Serj Sarkisyan axır ki, dediyini yeritməyə başlayıb. Bir də ki, Ermənistanda bir qəpiklik hörməti olmayan erməni prezidenti bu iddialara elə belə, məsələn, gecənin bir aləmində düşə bilməzdi ki? Deməli, "torbada pişik var". Deyirəm, həm də taleyin işinə bir bax, dünənki köşə yazımda müsəlman dünyasının, o cümlədən, bu dünyanın bir parçası olan Türkiyənin böyük bir qalmaqal içərisində olduğunu və bu məsələdə Avropa ölkələrinin ona qarşı ikili oyun oynadıqlarını yazmışdım. Mənim həmən yazını yazmağımdan bir-iki saat sonra Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu erməni həmkarı Edvald Nalbandyanla ikitərəfli münasibətlərə dair bir sazişfason bir şey imzaladı. Yox, yox, bu məsələ elə həddə şişib ki, ya o yanlıqdır, ya da bu yanlıq. Bu yazını ona görə yazıram ki, qoy neçə illərdən sonra gələcək nəsillər bizim səhifələrimizi vərəqləyəndə doğru-dürüst bir şey götürüb, hər şeyi olduğu kimi bilsinlər. Bilsinlər ki, hazırkı AKP hakimiyyəti, Anadolu türkü demişkən, kos-koca Türkiyəni uçuram aparır. Açıq demək lazımdır, Türkiyə olduqca təhlükəli və eyni dərəcədə qorxulu bir oyunun içinə girib və ya salınıb, amma sonrakı nəticələrindən özünün də xəbəri yoxdur! Rəcəb Tayyib Ərdoğanın açıqladığı fikirlərlə AKP hökumətininin xarici işlər naziri Ə.Davudoğlunun Ermənistana istiqamətlənmiş siyasəti artıq tam anlamı ilə baş naziri ifşa etməyə başlayıb. Yəni sənin dediklərinlə mənim diplomatiyam bir-birini açıqca "vururlar". Ə.Davudoğlu yürütdüyü dliplomatiya ilə göstərir ki, rəsmi Ankara
Qərbin siyasi təzyiqləri artıq hazırkı Türkiyə hökuməti üçün gizli planları ört-basdır etməyə belə əl yeri qoymayıb. Çünki onu elə tez tələsdirirlər ki, daha dayanıb NƏFƏS ALMAĞA belə imkanı və vaxtı qalmayıb. Daha gizlədiləsi bir şey də qalmayıb axı. Buna "sürüşkən siyasət" deyərlər. Biz Türkiyəyə yalvarmırıq ki, Ermənistanla münasibət-filan qurma. Yox, qətiyyən! Özü bilən yaxşıdır. Amma bu oyun Türkiyənin başında bərk çatlayacaq, bax, burasını yüzdə-yüz faiz bilirəm. Neçə ildir ki, Avropa liderləri Avropa Birliyinə daxil olmaq üçün çapalayan Türkiyənin qarşısında əsas şərt kimi Ermənistanla münasibətləri normallaşdırmaq, ardınca da, sərhədləri götürmək missiyasını qoymuşdular. Bir çoxları bunun mümkün olmayacağını deyir, hətta R.T.Ərdoğan belə bunu "fantaziya" adlandırırdı. Amma sonra nə oldu? Davos sammitində Şimon Peresi "divara dirəyən" və bununla da müsəlman dünyasının gözündə özünü qəhrəman kimi göstərən baş nazir, sən demə, sonrakı proseslər üçün bir növ sığortalanmaq niyyətinə düşübmüş. Yəni baxın, mən müsəlmanların müdafiəçisiyəm. Amma onun rəhbərlik etdiyi AKP hökuməti Türkiyənin maraqlarına zidd siyasət yürüdür ki, bu da bütün Türkiyə tarixini və prinsiplərini ayaqlar altına atır. Əgər bilsək ki, Türkiyənin Ermənistanla sərhədləri açması, əlaqələr qurması onun üçün xeyirlidir, buyursun. Onsuz da bütün dünya bizə qarşı ədalətsizlik mövqeyindədir. Qoy bunlardan biri də olsun Türkiyə. Nə fərq edər ki! Amma yüz faiz bilirəm ki, bu, belə olmayacaq. Çünki ERMƏNİDƏN HEÇ VAXT TÜRKƏ DOST OLMAYACAQ! İstəyir Ərdoğan yüz dəfə Ermənistanla sərhədləri açıb-bağlasın, lap Serj Sarkisyanın ayağının altına xalça sərsin, heç nə dəyişməyəcək. Bu məsələnin arxasında çox böyük supergüclərin oyunu durur. Bu, yüz faiz belədir. Sadəcə olaraq, deyirik, "kəndinə gəl", Ərdoğan!

Digər xəbərlər