PDF Oxu

Köşə

  • 10

Hər üçü üzə durub öz turş ayranına kəmşirin dedi

Hər üçü üzə durub öz turş ayranına kəmşirin dedi

Əhməd Oruc, Əvəz Temirxan və Əli Əliyevin "Qurd keçidi"ndəki restoranda görüşüb meyxana deyib, dərdlərini bölüşmək istədiklərini eşitdikdə, təəccübləndik. Axı bunlar hansı məsələni müzakirə etmək istəyirlər? Əhməd Oruc sədri olduğu "Azadlıq" partiyası ilə "DUİ"-də təmsil olunur. ALP-nin sədr əvəzi olan Əvəz Temirxan bir Lalə Hacıyevanın lideri olduğu "MBH"-yə, bir də bir az liderinin üzvü olduğu "Azadlıq" blokuna inanır. "VİP" sədri Əli Əliyevə gəldikdə, o, "Azadlıq" blokunun üzvüdür və blok liderləri ilə bir sfırada durmasa da, onların mətbuat katibi vəzifəsini yerinə yetirir. Biz gizlicə həmin restorana gedib, Ə.Oruc, Ə.Temirxan və Ə.Əliyevin stolu yaxınlığında yer tutduq.
Bu, bizə çox baha başa gəldi. Ancaq dostlaşmış rəqiblərin meyxanaları bizə hədsiz zövq verdi. Onun bir hissəsini nəzərinizə çatdırırıq. Papaq qafiyəsini cavan ofisant çıxartdı:

Əli, İsada var kabus nəzəri,
Lalənin də yox sözünün kəsəri.

Əhməd Oruc:

AXC İsanı edibdi dəli,
"Mandatı" Laləni edib məzəli,
Bu gün havalanıb tamam "Yurd" Əli,
Yönü o yanlıqdı söz müxtəsəri.

Əvəz Temirxan:

Bu gün çaşıb hərzə-mərzə söyləmə,
Uduzarsan, mən car çəksəm aləmə,
Əhməd Oruc, dəymə mənim Laləmə,
O, ağbirçək, həm humanist-bəşəri.

Əli Əliyev:

"Azadlıq"da təmsil oldum "VİP"-imlə,
Öyünməyə halım yoxdu cibimlə,
Bir vaxt görərsiniz məni "Cip"imlə,
Onda xatırlarsız Ağanəzəri.

Əhməd Oruc:

Hədəf çürük, məqsəd çürük, söz çürük,
Çiyinləri çökdürərdi ağır yük,
Çox dayazdı, üzdən gedir bu "üçlük",
Məsləhətdi onlar yesin vəzəri.

Əvəz Temirxan:

İsa xaric üçün matah şöbədi,
Əli divarımda baha gəbədi,
Lalə mənim liderimdi ədəbi,
Rədd edirəm üzərindən hər şəri.

Əli Əliyev:

Mənim sizlə tanışlığım cüzidi,
Yalanı qoy bir kənara düzü de,
Onlar mənim blokumun üzvüdü,
Hər birinin vardı əzmi, hünəri.

Əhməd Oruc:

Bəylə ağa AXC-yə varisdi,
O, "üçlük"sə qrantlara hərisidi,
Hər biri də siyasətdə naqisdi,
Nə basardım hər hər üçünü içəri?

Əvəz Temirxan:

Fərqli yanaş, ceyrana da, filə də,
ALP-də subay qaldım hələ də,
Mən bir günah görməmişəm Lalədə,
Əriyibdi: bir sümükdü, bir dəri.

Əli Əliyev:

Lalə mənə hörmət edib həmişə,
Əli bəy veribdi əlimə peşə,
İsa bənzədibdi qotur çəpişə,
Mən isə udmuşam acı zəhəri.

Əhməd Oruc:

Bu gün çalınmalı təcili təbil,
Radikal başlarda oturmaqda şil,
Hər üç ağızdan da tökülür zibil,
Üfunət də qarsır gic kütlələri.

Əvəz Temirxan:

Sevmişəm görəndə Ayda haləni,
İçmişəm yarpaqlar üstdən jaləni,
Siz ki, pisləyirsiz belə Laləni,
Vurram sinənizə iti neştəri.

Əli Əliyev:

Mənə bu adamlar veribdi şotu,
Gəlin biz deməyək "üçlüy"ə lotu,
Sizlərə baş qoşan udub Cek-potu,
Küçədə tərsinə çapardı xəri.

Əhməd Oruc:

Ağır canini də əfv eyləyərdim,
Bloka yarınsam, səhv eyləyərdim,
Vallah, üçünü də məhv e yləyərdim,
Silib ətəyimə qanlı xəncəri.

Əvəz Temirxan:

Məni səy sayırsan, bu səyə dəymə,
Güclüdü-zəifdi, küləyə dəymə,
Vur gözümü çıxart, Laləyə dəymə,
Sonra lap başıma endir şeşpəri.

Əli Əliyev:

Əli eyləməmiş heç vaxt mənə lağ,
İsa da çırpmamış üstümə papaq,
Lalədən yaxşılıq görmüşəm ancaq,
Heç biri görməmiş məndə təpəri.

Pivə içə-içə bu cür nəfis meyxana dinləmək bizə xüsusi zövq verdi. Ancaq ciblərimiz tez boşaldığından, xidmətçilər bizi bu cür zövqdən məhrum etdilər.

Digər xəbərlər