PDF Oxu

Köşə

  • 29

Etibar Məmmədovla Sərdar Cəlaloğlunun deyişməsi

Etibar Məmmədovla Sərdar Cəlaloğlunun deyişməsi

Həmkarlarımdan hansı radikal partiya qərargahında yaxşı istirahət etməyin mümkünlüyünü soruşduqda, dedilər ki, indi hansı partiyanın qərargahına getsən, hər birində vur çatlasın meyxana deyildiyini eşidərsən. Görünür, ANS və "Azad Azərbaycan" telekanalının meyxana ənənələri radikal müxalifət qərargahlarına ötürülmüşdür. Düşündüm ki, ən haysız-küysüz partiya, sədr kürsüsü boş qalan AMİP olar. Axı Etibar Məmmədov nə bloklara qoşulur, nə bələdiyyə seçkilərinə diqqət göstərir, nə də partiya qurultayını keçirməyə tələsirdi. Bu fikirlə bir də gözümü açanda, gördüm ki, AMİP qərargahının düz ortasındayam. Dedilər ki, meyxana deyişməsi bir saat əvvəl başlayıb. Qabaq-qənşər oturan E.Məmmədovla ADP sədri Sərdar Cəlaloğlu gözləri qızmış halda deyişməkdə idilər. Dayanıb qulaq asdım.

Etibar Məmmədov:

Bu sabitlik sındırıbdı belimi,
Bir azca da qurudubdu dilimi,
Mikrofona uzadanda əlimi,
Dərəbəylik qayıdaydı yenidən,
Ürəyimi soyudaydı yenidən.

Sərdar Cəlaloğlu:

Sanki bizim hamımızı vurub tok,
Hər birimiz keçirməkdə güclü şok,
Mən deyirəm, gəl yaradaq bir blok,
Özümüz də onun başında duraq,
Kütlə gəlsə, onun tuşunda duraq.

Etibar Məmmədov:

Təsəvvürün belə gəlməz, ay qağa,
Zaman raket, biz ləng gedən bir bağa,
Bir də kütlə dura bilməz ayağa,
Xaos dövrü bizə paydı yenidən?
Dərəbəylik qayıdaydı yenidən,
Ürəyimi soyudaydı yenidən.

Sərdar Cəlaloğlu:

Mən Sərdaram, qara bağrım teylədim,
Hər sirrimi mən Rəsula söylədim,
İlyası da özümə sədr eylədim,
Nə cibimə az da olsa, pul axdı,
Nə də tale mənə qıyqacı baxdı.

Etibar Məmmədov:

Liderliyə hazır ola bilmədim,
Heç rütbəcə gizir ola bilmədim,
Hətta adi nazir ola bilmədim,
Fələk məni əfəl saydı yenidən,
Dərəbəylik qayıdaydı yenidən,
Ürəyimi soyudaydı yenidən.

Sərdar Cəlaloğlu:

Müftə yemək plovla aş peşəmdi,
Siyasət yox, hüquqşünas peşəmdi,
Beşdən-ondan qırmaq daş-baş, peşəmdi,
Meyxanada səriştəm yox, doğrusu,
Mən əbədi qəpik-quruş oğrusu.

Etibar Məmmədov:

Bloklara qoşulmadım qorxudan,
Xalaoğlu vurdu məni arxadan,
Dar ayaqda geridönməz çarxı dan,
Bəndəsi tək bəlkə qıydı yenidən,
Dərəbəylik qayıdaydı yenidən,
Ürəyimi soyudaydı yenidən.

Sərdar Cəlaloğlu:

Vaxt yetişdi, qılıncımı sıyırdım,
Rəsul bəyi ADP-dən ayırdım,
Utanmadan özümü sədr qıyırdım,
Mən Rəsulu indi almıram saya,
Heç baxmıram okeandan o taya.

Etibar Məmmədov:

Biri dedi dərə-dikdə boğuldum,
Biri dedi qatı çirkdə boğuldum,
Etibaram, sabitlikdə boğuldum,
Söylə, güruh mənə taydı yenidən?
Dərəbəylik qayıdaydı yenidən,
Ürəyimi soyudaydı yenidən.

Sərdar Cəlaloğlu:

Çönüb elektorat dilinə düşdüm,
Rəsulun, İlyasın əlinə düşdüm,
Bir vaxt da İsanın felinə düşdüm,
Fırlatdı sağ-sola məni hər biri,
Biri soruşmadı: ölüyəm, diri?

Etibar Məmədov:

Halıma yaş yandı, bəzən quru da,
Şirin təam bilib, yedim çoru da,
İcra aparatı strukturu da,
Qismətim olmadı...vaydı yenidən,
Dərəbəylik qayıdaydı yenidən,
Ürəyimi soyudaydı yenidən.

Sərdar Cəlaloğlu:

Baş katiblik sığışmadı arıma,
Hər legioner daraşdı darıma,
Gəl söylədim, Rəsul uçdu Krıma,
Ümidimi, söylə, kimə bağlayım?
Öz dərdimə, yoxsa ona ağlayım?

Mən meyxananın sonunu gözləmədən, AMİP qərargahını tərk etdim. E.Məmmədov və S.Cəlaloğlunun tərəfdarları ətraflarına toplaşıb çəpik çalırdılar.

Digər xəbərlər